Nicat Əliyev son sözündə narkotik ittihamının saxta və absurd olduğunu vurğulayıb
Ötən il Sumqayıtda divarlara “Allahı söyənlər cəzalandırılsın!” şüarı yazandan sonra inzibati qaydada həbs olunan Müsəlman Birliyi Hərəkatının fəalı Nicat Əliyevə sentyabrın 22-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, dini inanclı fəal narkotik ittihamıyla 5 il azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl Nicat Əliyevin vəkili çıxış edib, özü son sözünü deyib. Hər ikisi çıxışlarında onun təqsirsiz olduğunu vurğulayıblar.
Vəkil Şəhla Hümbətova bildirib ki, Nicat Əliyevə qarşı irəli sürülmüş ittiham əsassızdır. Vəkilin sözlərinə görə, istintaq dövründə müvəkkilinin hüquqları pozulub. Şəhla Hümbətova bununla bağlı məhkəmənin də yetərincə araşdırma aparmadığını, qaldırılan vəsatətlərin təmin olunmadığını yada salıb:
“Vəkilin mobil telefonunun anten məlumatlarıyla bağlı vəsatət qaldırdım, təmin olunmadı. Hal şahidinin anten məlumatlarıyla bağlı vəsatət qaldırdım, təmin olunmadı. Halbuki, o adamların həmin vaxt həqiqətən orada olub-olmadığını müəyyənləşdirmək üçün bunları araşdırmaq vacib idi, lakin məhkəmə etmədi”.
Nicat Əliyev də son sözündə narkotik ittihamının saxta və absurd olduğunu vurğulayıb:
“Mən Allah yolunda tutulmuşam. Məni Kürdəxanıya aparandan sonra qaldığım kameraya rəis özünə bir neçə dəfə xəsarət yetirmiş adamı göndərdi ki, onunla danışım, əl çəksin bu işdən. Təsəvvür edin, bizim kameradakılardan 7 nəfər namaz qılmağa başladı. Narkotiklə məşğul olan adam bunları edər?”.
O bildirib ki, tutulanda təzyiq altında etiraf ifadəsinə imza atmağa məcbur olub:
“Stolun üstündəki “dubinkanı” göstərib, onunla hədələdilər”.
Nicat Əliyev bildirib ki, ləyaqətini qorumağı üstün tutub.
İnanclı fəalın son sözündən sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, onun 5 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Vəkil Şəhla Hümbətova bu hökmdən apelyasiya şikayəti vermək niyyətindədir.
2022-ci ilin iyununda Müsəlman Birliyi Hərəkatının Sumqayıtda divara “Allahı söyənlər cəzalandırılsın!” yazan üç üzvünün hər birinə də 10 sutka inzibati həbs cəzası verilmişdi. Onlar küçədə ünvansız söyüş söyməkdə, polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilirdi. O üç nəfərdən biri də Nicat Əliyev idi.
Bu yaxınlarda Müsəlman Birliyi Hərəkatından Meydan TV-yə bildirilib ki, son dövrlərdə təşkilatın 30-a yaxın üzvü narkotik ittihamıyla şərlənərək həbs olunub:
“Artıq olkə gündəmini inanclıların narkotik ittihamıyla saxlanılma xəbərinin saxta və məcbur təmizlənmə olaraq icrası heç kəs üçün gizli deyil. Bu sıranın həbs dalğası 2023-cü ilin gəlişilə eyni ittiham üzərindən yüzlərlə inanclını əqidə sədaqətinə görə azadlıqdan məhrum edib. Müsəlman Birliyi Hərəkatı ailəsinin 30-a yaxın üzvü də onlar arasında yer alıb”.
Ümumilikdə isə hüquq-müdafiə təşkilatları 2023-cü il ərzində ölkədə 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir.
Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti həbs olunanların konkret cinayət əməllərinə görə tutulduqlarını bəyan edib.