İran İslam inqilabı yaxın tarixin ən əhəmiyyətli hadisələrindən biridir. Regionda siyasi islamın intibahına və ümumiyyətlə dünyadakı bütün proseslərə əhəmiyyətini qitmətləndirməmək qeyri-mümkündür. Bu səbəbdən də İslam inqilabına, onun səbəb və nəticələrinə, monarxiyanın son və İslam Respublikasının ilk illərində baş verən hadisələrə maraq səngimir. Respublikamızda yaşayan azərilərin, talışların və kürdlərin xeyli sayda soydaşının İranda yaşaması, əhalimizin əksəriyyətinin də şiə məzhəbinə mənsubluğu, əksər dövrlərdə ortaq tariximizin olması bizdə bu marağı daha güclü edir.
Bununla belə, bir çox halda İslam inqilabı haqqında təsəvvürlər səthi xarakter daşıyır. Əksəriyyət inqilabın sırf ruhanilər tərəfindən təşkil olunduğunu, hərəkətverici qüvvəsinin də dindarlardan ibarət olmasını düşünür.
Halbuki heç də belə deyildi. Pəhləvi monarxiyası əleyhinə müxalif koalisiya kifayət qədər rəngarəng idi. Bu koalisiyada ortada konstitusion-monarxistlər, liberallar, inanclı demokratlar olmaqla mühafizəkar dindarlardan tutmuş ateist kommunistlərə qədər zəngin palitra təmsil olunurdu. Bu haqda İslam respublikasının ilk baş naziri Mehdi Bazərgan haqqında yazdığım “Bir demokratın taleyi” adlı məqalədə bəhs etmişdim.
Bu gün isə başqa bir mövzuya toxunmaq – İranın inkişaf yolu müstəvisində ruhanilərin öz arasındakı fikir ayrılıqlarından bəhs etmək istəyirəm. Daha konkret desək, şaha qarşı müqavimət hərəkatında və İslam inqilabında ciddi rol oynayan, lakin sonradan bərqərar olan üsul-idarəyə qarşı müxalif mövqe tutan yüksək rütbəli bir ruhani, ayətullah əl-üzma Hoseynəli Möntəziridən danışacağam.
Möntəziri 1922-ci ildə İsfahan yaxınlığındakı Nəcəfabad şəhərində kasıb, lakin savadlı ailədə anadan olub. O, ilk təhsilini hələ evdə almış, 12 yaşında İsfahanda məktəbə daxil olmuş, 19 yaşında isə dini təhsil almaq üçün İranın dini mərkəzi olan Qum şəhərinə getmiş və burada məşhur mərceyi-təqlid ayətullah Bürucerdidən dərs almışdı.
Möntəzirinin İslam inqilabına qədərki taleyi şah əleyhdarı olan digər xadimlərdən o qədər də fərqlənmir.
Dəfələrlə saxlanılır, ucqarlara sürgün edilir. Belə sürgünlərdən biri də İran Azərbaycanındakı Xalxal şəhərinə olur. Bununla da, şah rejimi Azərbaycan dilini bilməyən ruhaniyə yerli əhali ilə təmasa mane olur. Sürgünlər adətən uzunmüddətli olmurdu, bir neçə ayla məhdudlaşırdı. Lakin 1974-cü ildə həbs edilən Möntəziri yalnız 4 il sonra, İranda artıq kütləvi etirazlar başlayanda azadlığa buraxılır.
Qeyd edək ki, bu dövrdə Hoseynəli Möntəzirinin populyarlığı o qədər də yüksək deyildi. O zaman xaricdə yaşayan Xomeynidən sonra İranda yaşayan din xadimləri içərisində ən nüfuzlusu milliyyətcə azərbaycanlı olan Məhəmməd Kazım Şəriətmədari idi. Araşdırmaçılar Möntəzirinin yüksək nitq qabiliyyəti ilə seçilməməsini, xarizmasının olmamasını populyarlığına xələl gətirən amil kimi qiymətləndirirlər.
Lakin İslam inqilabından sonra Möntəzirinin ulduzu daha aydın parlamağa başlayır. İslam respublikasının ilk Konstitusiyası daha çox onun əməyi sayılır. Məhz bu Konstitusiya İranın teokratik quruluşunu və vilayəti-fəqih institutunu təsbit edir. Lakin sonrakı hadisələr göstərdi ki, Möntəziri vilayəti-fəqihə ali hakim kimi deyil, xalq tərəfindən seçilən hökumətə şəriət nöqtəyi-nəzərindən məsləhət verən məşvərətçi kimi baxırdı. Vilayəti-fəqih vəzifəsini tutmuş Ruhulla Xomeyni isə bu haqda başqa fikirdə idi.
80-ci illərin əvvəllərindən başlayaraq Hoseynəli Möntəziri Xomeyninin ən yaxın silahdaşı kimi qəbul edilir. 1983-cü ildən etibarən isə dövlət müəssisələrində, məktəblərdə, küçə və meydanlarda Xomeyni və Möntəzirinin şəkilləri yanaşı asılır. Növbəti ildə isə o, şiə ruhani iyerarxiyasında ən böyük dərəcə olan “ayətullah əl-üzma” (böyük ayətullah) titulunu qazanır. Məhz bu dövrdə Xomeyni Möntəziriyə özünün varisi təyin olunmasını təklif edir. O, ilk dəfə bu təklifdən imtina etsə də, az sonra razılaşır və 1985-ci ildə rəsmən fəqihin varisi elan olunur.
Dövlətin ikinci adamına çevrilməsinə baxmayaraq Möntəziri hələ də geniş kütlələr arasında populyar deyildi.
Ən yüksək dini rütbə daşısa da onun təqlidçiləri az idi. Əksinə, bir çox halda hakim rejimə tənqidi münasibət bəsləyən insanların hədəfi məhz fəqih varisi olurdu. Yuxarıda göstərdiyimdən əlavə bunun bir səbəbi də Möntəzirinin peyğəmbər nəslindən olmaması idi. Belə ki, o dövrdə İranın demək olar ki, bütün nüfuzlu din xadimləri (Xomeyni, Şəriətmədari, Tələqani, Əllamə Təbatəbai, Maraşi, Xamenei və d.) seyid idilər.
Bu dövrdə karyerasındakı uğurları ilə yanaşı Hoseynəli Möntəziri şəxsi həyatında faciə ilə də üzləşir. Hakim Cümhuri-islam Partiyasının qurultayı keçirilən zalda bomba partlaması nəticəsində İslam Respublikasının baş hakimi Behişti, 4 nazir, 27 məclis üzvü, o cümlədən Möntəzirinin böyük oğlu Məhəmməd həlak olur. Mocahidin-e xalq təşkilatı tərəfindən təşkil olunan bu terror aktı nəticəsində ümumilikdə 73 nəfər həyatını itirmişdi.
Ayətullahın digər oğlu Səid isə 1985-ci ildə İran-İraq müharibəsində yaralanaraq gözünü itirir.
1986-cı ildən başlayaraq Möntəziri ilə Xomeyni arasında fikir ayrılıqları nəzərə çarpır. İddialara görə, bu fəqihin əlində daha çox hakimiyyətin cəmləşməsi ətrafında baş verir. Möntəziri prezidentə, hökumətə, parlamentə daha çox səlahiyyət və azadlıq verilməsinin, siyasi partiyalara leqal fəaliyyət imkanı yaradılması tərəfdarı kimi çıxış edir. Onun yaxın adamı Mehdi Haşiminin həbsi və edamı rəhbər və varisi arasındakı ziddiyyətləri daha da dərinləşdirdi. İslam inqilabının qəhrəmanlarından olan Mehdi Haşimi rəsmi versiyaya əsasən, dövlət əleyhinə fəaliyyətinə görə edam edilmişdi. Olduqca möhkəm adam olan Haşimi yalnız 8 ay sürən işgəncələrdən sonra etirafda bulundu. Lakin bir çoxu əmindir ki, o, İranın İsrail vasitəsilə ABŞ-dan silah alması (İrangeyt) əməliyyatını ictimailəşdirdiyinə görə cəzalandırılmışdı.
1988-ci ilin yayında isə Xomeyni və Möntəzirinin münasibətlərinin qırılmasına səbəb olan hadisə baş verir. İraq tərəfdə İrana qarşı müharibədə iştirak edən Mocahidin-e xalq təşkilatı ölkə ərazisinə tez-tez basqınlar təşkil edir, hətta bəzi yaşayış məntəqələrini müvəqqəti də olsa, nəzarətinə alır. Buna cavab olaraq Ruhulla Xomeyni həbsxanalarda saxlanılan siyasi məhbusların edam olunması barədə göstəriş verir.
Bəzi tarixçilərin Cənubi Amerikadakı xuntaların “çirkli müharibə” siyasəti ilə müqayisə etdikləri bu addım nəticəsində öldürülənlərin sayı dəqiq bilinmir. 2 mindən 30 minə qədər rəqəmlərə rast gəlmək mümkündür. “Amnesty İnternational” təşkilatı isə taleyi məlum olmayan 4482 məhbusu qeydə aldığını bildirir. Bu zaman təkcə “mücahidlər”in deyil, fədainlər və tudəçilər kimi digər solçu cərəyan nümayəndələrinin də öldürüldüyü qeyd olunur.
Göstərilən ildə daha bir mühüm hadisə baş verir. “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdü ayətullah Xomeyni tərəfindən ölümə məhkum edilir. Oğlunun “mücahidlər” tərəfindən qətl edilməsinə baxmayaraq, Möntəziri istər məhbusların qətlini, istərsə də Rüşdüyə çıxarılan hökmü tənqid edir. Bir müddət bu tənqid hakimiyyətdaxili kluarlarda səslənir. Lakin 1989-cu ilin əvvəllərində Möntəziri “Keyhan” qəzetinə verdiyi müsahibə ilə fəqih ilə arasındakı fikir ayrılıqlarını ictimailəşdirir.
Martın 26-da Xomeyni öz müavinini kəskin tənqid edir, 2 gün sonra isə Möntəzirinin istefa xəbəri yayılır. O, varislikdən əlavə “ayətullah əl-üzma” titulunu itirir, ictimai yerlərdəki şəkilləri yığışdırılır, adı dərsliklərdən çıxarılır, mətbuat üzünə qapadılır. Bundan sonra Hoseynəli Möntəziri hakim rejimi tənqid edən dissidentə çevrilir. Maraqlıdır ki, rejimin ikinci şəxsi olanda o qədər də populyar olmayan Möntəziri dissident kimi daha çox insanın rəğbətini qazanır.
O, Xomeyniyə yazdığı məktubunda ölkədə baş verən bir çox halı kəskin tənqid edir. İran həbsxanalarında məhbusların hətta şah dövründəkindən artıq işgəncələrə məruz qaldığını, qadınların zorlandığını iddia edir. Ali rəhbər isə cavabında Möntəzirini hakimiyyəti liberallara və münafiqlərə vermək istəməkdə ittiham edərək inqilabın etmadını itirdiyini söyləir.
Möntəzirini uzaqlaşdıran Xomeyni özünə yeni varis axtarır və Seyid Əli Xameneyinin üzərində dayanır. Lakin Xameneyi o zaman yalnız hüccətül-islam titulu daşıyırdı, Konstitusiya isə fəqihin yalnız ayətullah ola biləcəyini nəzərdə tuturdu. Belə olduqda, referendum keçirildi və Konstitusiyanın həmin maddəsi dəyişdirildi. Xomeyninin 1989-cu ilin iyununda vəfatından sonra Xameneyi İran İslam Respublikasının yeni ali rəhbəri oldu.
Hakimiyyətdən uzaqlaşan Möntəziri ömrünün qalan 20 ilini hakimiyyətin qatı tənqidçisi, hüquq müdafiəçisi kimi keçirir. O insan azadlıqlarını, qadın hüquqlarını, siyasi məhbusların və bəhai dininə mənsub insanların hüquqlarını müdafiə edir. Bəhailər “əhli-kitab” sayılmadıqlarından xristianlardan, yəhudilərdən və atəşpərəstlərdən fərqli olaraq vicdan azadlığına malik deyildilər, tez-tez də təzyiqlərə məruz qalırdılar.
Möntəziri onlara “dini azlıq” statusunun verilməməsi ilə razılaşsa da, bəhailərin İranda doğulan və İran vətəndaşı kimi təbii hüquqlarının olduğunu qeyd edirdi: “Onlar Quranda göstərilən müsəlman mərhəmətindən yararlanmalıdırlar”.
Qadın hüquqları ilə bağlı Möntəziri daha konservativ mövqe tuturdu. O, beynəlxalq konvensiyalarda göstərilən cinsi bərabərliyin “Quran”a zidd olduğunu söyləyir, buna görə də İranda tətbiqini mümkünsüz sayırdı. Bununla belə, o, qadınlara “Quran”ın hökmünü pozmayacaq qədər azadlıq və hüquqların verilməsinin tərəfdarı idi.
Möntəziri İranın dini lideri Xameneyini kəskin tənqid etdiyinə görə 1997-ci ildə ev dustaqlığına alınır. Rəsmi versiyaya görə, bu addım onu xalqın qəzəbindən qorumaq üçün atılmışdı. 6 il çəkən dustaqlıq zamanı yalnız ailə üzvlərinə Möntəziri ilə görüşmək icazəsi verilirdi.
Həbsdən çıxan keçmiş ayətullah əl-üzma 2000-ci illərdə daha çox prezident Əhmədinicatı tənqid edir. Onun fikrincə, prezident haqlı olduğu zamanlar belə ehtiyatlı deyil, avantürist siyasət yürüdür. İranın nüvə enerjisi hüququnu təsdiq edən Möntəziri insan azadlıqlarına işarə edərək, “bizim başqa hüquqlarımız da var”-söyləyir.
O, eyni zamanda ölkə iqtisadiyyatındakı problemlər, xüsusən də 50 faizə çatan inflyasiya səbəbindən iqtidarı tənqid atəşinə tutur.
2008-ci ildə İslam inqilabının 29-cu ildönümü münasibətilə “Amerikanın səsi” radiosuna müsahibə verən Möntəziri inqilabın yalnız adında İslamın qaldığını, mahiyyətinin isə dəyişdiyini qeyd edir:
“İndi baş verənlər İslam adına pis nümunə yaradır. Bu din dözümlülük və xeyirxahlıq dinidir”.
Möntəziri 2009-cu ildə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə də şübhə ilə yanaşır. Əhmədinicatın 62 faiz səs toplaması ilə bağlı rəsmi məlumatı, o, belə şərh edir: “Sağlam ağılda olan kimsə səslərin ədalətli sayıldığına inanmaz”. Neda Ağasoltan və digər həlak olanların xatirəsinə üçgünlük matəm saxlamağa çağıran Möntəziri mövcud quruluşun nə islami, nə respublika deyil, polis rejimi olduğunu iddia edir. 2009-cu ilin noyabrında Tehrandakı ABŞ səfirliyinin tutulmasının 30-cu ildönümündə isə o, bu hadisələri “böyük səhv” adlandırır.
Həmin il dekabrın 19-da isə 87 yaşlı Hoseynəli Möntəziri yuxuda ikən ürək çatışmazlığından vəfat etdi. Onun dəfni müxaliflərlə hakimiyyət tərəfdarları arasında toqquşmalarla yadda qaldı. İranın dini rəhbəri Əli Xameneyi Möntəzirinin vəfatı ilə bağlı başsağlığı verdi. Lakin müxaliflər bu açıqlamada mərhumun ayətullah adlanmamasına, məzmunca xəsis olmasına “kinli başsağlığı istəmirik” şüarı ilə etiraz etdilər. Prezident seçkilərində namizəd olmuş Mirhoseyn Musəvi və Mehdi Kərrubi dəfndə iştirak edərkən iqtidar tərəfdarlarının hücumuna məruz qaldılar. Möntəzirinin 3, 7 və 40 mərasimləri də insidentlərlə yadda qaldı. Vəfatının ildönümü ərəfəsində isə ailəsi açıqlama yayaraq iştirakçıların təhlükəsizlik təminatı olmadığına görə anım tədbirini ailə daxilində keçirəcəklərini bildirdi.
İran İslam Respublikasındakı mövcud qaydalara yüksək rütbəli və inqilabçı din xadiminin müxaliflik etməsi nümunəsi yeganə hal deyildi. İlk belə şəxs hələ 1979-cu ildə ayətullah Tələqani olmuşdu. Lakin o, elə həmin ilin sentyabrında vəfat etdi. Digər müxalif çox nüfuzlu din xadimi olan ayətullah əl-üzma Şəriətmədari oldu.
Lakin onun etiraz sahəsi çox da geniş deyildi, əsasən azərbaycanlıların milli hüquqları ilə bağlı idi. Digər tərəfdən, ev dustağı edilən Şəriətmədari də nisbətən tez, 1986-cı ildə vəfat etdi.
Ayətullah əl-üzma Höseynəli Möntəziri isə bu baxımdan daha diqqətçəkən fiqurdur. Çünki o, İslam Respublikasının ən yuxarı eşalonunda təmsil olunur, ali dini rəhbərin varisi sayılırdı. Sonrakı hadisələr göstərdi ki, onu fəqih olmaqdan 2 aydan bir qədər artıq zaman ayırırmış. Möntəzirinin istefasından məhz bu qədər vaxt keçdikdən sonra Xomeyni vəfat etdi. Digər tərəfdən isə Hoseynəli Möntəziri 20 il müddətində və bir çox sahələr üzrə hakim rejimə opponentlik etdi. Ona görə də müasir İran tarixinin ən önəmli dissident ruhanisi sayılması təsadüfi deyil.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.