Qadın ağlayaraq qardaşını axtarır. Öldüsündən-qaldısından bir xəbər ala bilmir. Martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğında 25 nəfər həyatını itirib.
Dispanserdə müalicə alanların yaxınları Patoloji Anatomiya bürosuna gələrək məlumat almağa çalışırlar. Eldəniz Cavadov deyir ki, qardaşı 38 yaşlı Nizami Cavadov haqqında morqdan heç bir məlumat ala bilmir.
Baş prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin birgə məlumatına görə, yanğın zamanı 25 nəfər həyatını itirib. Korpusda olan 55 nəfərdən 31-i xilas edilib, onlardan 4-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Səhər saatlarında başlayan yanğın təxminən 3 saat sonra söndürülüb. Səhiyyə Nazirliyinin məlumatına görə, güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.
Yanğın yerinə ölkə başçısı İlham Əliyev və nazirlər də gəlib. İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərin lazımi tibbi yardımla təmin edilməsi ilə bağlı göstərişlər verib.
Fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Yanğından sonra Səhiyyə Nazirliyi Sabunçu rayonunda yerləşəcək Respublika Narkoloji Mərkəzinin yeni binasının yaxın zamanlarda istifadəyə verilməsi barədə məlumat yayıb.