Mənbə: Meydan.TV

Disleksiya: onunla necə yaşamalı?

Disleksiya: onunla necə yaşamalı?

Məhərrəm Zeynalov 36 yaşında olsa da, pis yazır və mətni gec oxuyur.

O, ali təhsilli jurnalist olsa da, sürətlı oxumağı öyrənə bilməyib və bunun səbəbini yalnız bir neçə il öncə tamamilə təsadüfən, psixiatr tanışından öyrənib.

“Mən məktəbdə mətni hamıdan pis oxuyurdum, hamıdan pis yazırdım", - Məhərrəm xatırlayır, - "Bütün fənlərdən daha çox 5 alırdım, bir neçə dördüm vardı. Rus dilindən isə birbaşa 2 idi. Müəllim anlaya bilmirdi, deyirdi ki, o, necə də savadsızdır”.

Məhərrəmin məktəbdə belə problemlərinin olması, bunun səbəbləri və onları necə həll etmək barədə o vaxt maraqlanan olmayıb. Əgər psixiatr tanışı olmasa, Məhərrəm bəlkə də probleminin adının nə olduğunu və bunun disleksiya adlandığını bilməyəcəkdi.

“Mən ona deyəndə ki, bilirsən, mən bir kitabı bir həftəyə oxuyuram və oxuyanda əziyyət çəkirəm, mənə dedi ki, dostum, səndə disleksiyadır", - Məhərrəm deyir, - "O anda keçmişi xatırladım və yadıma salmağa başladım ki, birinci və ikinci siniflərdə mətnləri gec oxuyurdum," - o əlavə edir.

Disleksiya oxuma bacarıqlarını yerinə yetirmək və qavramadakı çətinliklərlə xarakterizə olunan yazı dilinin pozulmasıdır. Disleksiyadan əziyyət çəkən insan bunun üçün yetərli intellekt (və nitq) səviyyəsinin olmasına baxmayaraq, oxuma və yazı bacarıqlarını mənimsəməkdə çətinlik çəkir.

Disleksiyanı necə müəyyən etməli?

“Uşağın disleksik olduğunu valideynlər daha çox 6-7 yaşlarında, yəni, haradasa orta məktəbin birinci, ikinci sinfində ikən uşaq yazmağı və oxumağı öyrənəndə bilirlər”, - uşaq psixoloqu, xüsusi pedaqoq, Praqada “Ağ dovşan” uşaq oyun və psixoloji dəstək mərkəzinin rəhbəri Lola Preobrajenskaya Meydan TV-yə danışır.

Lakin onun sözlərinə görə, valideynlər uşağı erkən yaşlarda müşahidə etməklə disleksiyanın mövcudluğunu artıq 2-3 yaşında müəyyən edə bilərlər.

“Əgər uşaqda üç yaşa qədər nitq yaranmırsa, bu artıq siqnaldır. Hətta iki yaş yarımdan həyəcan təbili çalmaq və loqopedlə məşğul olmaq lazımdır ki, disleksiyanın təzahürlərinin qarşısını almaq mümkün olsun," - uşaq psixoloqu izah edir, - "Növbəti olaraq, biz, uşağın səsləri ayırd edə bilib-bilmədiyinə diqqət yetiririk. Məsələn, sözlərdə buna fikir vermək lazımdır. Uşaq sözün hansı səslə başladığını, hansı hərflə başladığını anlayırmı? Belə deyək, bu cür neyropsixoloji tapşırıqlar kömək edə bilər. Əlin baş barmağını digər barmaqlarla birləşdiririk, baxırıq ki, uşaq bu tapşırığı təkrarlaya biləcəkmi? Bundan başqa, bu cür uşaqlar çox vaxt hansısa ardıcıllıqları yadda saxlaya bilmirlər. Məsələn, günlər, həftələr, ilin ayları, yəni, bununla artıq balaca uşaqları yoxlamaq olar. Bu, bir siqnal ola bilər”.

Lola Preobrajenskaya həm də qeyd edir ki, disleksiya daha çox irsi xarakter daşıyır.

“Alimlər artıq çoxdandır deyirlər ki, disleksiya irsi ötürülür,” - psixoloq deyir, – "Bundan başqa, belə bir fikir var ki, disleksiyaya qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Və bu, necəsə testosteronla əlaqəlidir”, - o əlavə edir.

Məhərrəm disleksiyanın ailəsində irsi olduğunu ehtimal edir.

“Mən düşünürəm ki, mənim atamda da disleksiya var idi, çünki o, gec oxuyurdu və kifayət qədər savadsız idi, lakin o vaxt buna heç kim disleksiya demirdi. Deyirdilər ki, adam tənbəldir və ya fikirləri dağınıqdır”, - o, danışır, – “Qardaşımda isə disleksiya ilə bağlı vəziyyət mənimkindən də pisdir. O, hələ də çox pis oxuyur. Mənim oğlumun 8 yaşı var, o, 32 yaşlı qardaşımdan daha yaxşı oxuyur. Çünki qardaşım hələ də hərfləyərək oxuyur, o yaza bilmir, çox pis yazır”.

Azərbaycanda disleksiya haqqında hələ də danışılmır. Bir çoxu isə sadəcə bunun nə olduğunu bilmirlər.

“Bizdə disleksiyanı hələ də tənbəllik, dağınıqlıq kimi qəbul edirlər. Mən, məsələn, tanışlarıma deyəndə ki, məndə disleksiya var, mənə deyirlər ki, bu, sadəcə fikri dağınıqlıqdır. Belə problem mövcud deyil, sən bunu uydurursan”.

İllüstrasiya

İllüstrasiya

Mənbə: Meydan TV

“Dərs oxumaq əzab kimidir”

Elena Danilova hələ xarici dil müəllimi olanda ona uşağının disleksik olduğunu başa düşməyə internet kömək edib. Hazırda Qazaxıstanda disleksiya üzrə sosial mərkəzin direktoru və tədrisin çətikləri üzrə mütəxəssis olan Elena özünün disleksiyanın müəyyənləşdirilməsi və onunla bağlı problemlərin aşılması barədə hekayəsini danışır.

“Qızım birinci sinfə gedəndə, əslində, təhsillə bağlı hər şey normal kimi idi”, - Elena deyir, - "Lakin artıq ikinci sinifdə biz başa düşdük ki, uşaqda oxumaqla bağlı problemlər başlayıb. Yəni, bu, oxumaq texnikasında geri qalma, yazı ilə bağlı problemlər, mətni başa düşməmək, bu, məsələn, şeir əzbərləyə bilməməkdir. Biz şeirləri sətirbəsətir, obrazlı təsəvvürlərlə əzbərləyirdik, rəsmlər çəkirdik”, - o əlavə edir.

Artıq üçüncü sinifdə ana başa düşür ki, bu, “sadəcə oxumamaq, səhv tədris və ya nə isə başqa şeylə bağlı problem deyil”.

“Biz qızımla saatlarla ev tapşırığı edirdik, bu, həm mənim üçün, həm onun üçün əzab idi, otaqdan göz yaşları ilə çıxmaq idi, uşaq da ağlayır, ana da. Qısacası, biz onunla çox ciddi psixoloji vəziyyətdə idik”, - Elena xatırlayır.

Elenanın qızı daha ciddi problemlərlə məktəbdə qarşılaşır.

“O, sinifdə şifahi oxuyanda ətrafdakılar gülürdülər, deyirdilər bəlkə bu gün Leraya oxutdurmayaq, yoxsa yarım saata oxuyacaq. Bu, uşağın psixoloji vəziyyətini ciddi zədələyən bir növ uşaq ironiyasıdır. Olurdu ki, səhərlər oyanırdı və mənə deyirdi ki, ana, mən məktəbə getmək istəmirəm. Soruşmağa başlayırsan ki, səbəb nədir, Leroçka, bəlkə bu barədə danışaq? Cavab verir ki, məktəbdə məni ələ salacaqlar. Bu, elə məhz üçüncü sinfin başlanğıcı, bütün uşaqların kifayət qədər sürətli oxumağı öyrəndiyi vaxtlar idi. Bir ana kimi mənim üçün, bu, ürəyə sancılan bıçaq kimi idi”, - Elena danışır.

Bunlara paralel olaraq, uşaqda sosial problemlər də başlayıb, çünki, o, öz xüsusiyyətlərinə görə sinif yoldaşlarından uzaqlaşıb və demək olar ki, onlarla ünsiyyət qurmayıb.

“Google” köməyə gəlir

Elena loqopedə müraciət etsə də, uşaqda heç bir problem tapılmır.

Bu zaman Elenanın köməyinə “Google” gəlir. O, internetdə axtarışdan sonra başa düşüb ki, qızında disleksiya ola bilər. Bundan sonra isə ana məsələni daha dərindən öyrənməyə başlayır.

Bu zaman Elena mütəxəssislərə müraciət etməyə qərar verir.

“Mən bu cür xüsusiyyətləri olan uşaqların korreksiyası üçün hansı üsulların olduğunu araşdırmağa başladım. Təəssüf ki, əslində heç nə tapmadım," - Elena deyir, – "Daha doğrusu, psixoloqa müraciət etdik, heç bir nəticə vermədi, loqopedə müraciət etdik, yenə heç bir nəticə vermədi, onu sürətli oxuma kurslarına apardıq, o da nəticəsiz oldu. Uşaq sürətli oxuma kursuna gedəndə 35 söz oxuyurdu, yarım il sonra 36 söz oxuyurdu. Onlar çiyinlərini çəkirdilər, deyirdilər uşaq yaxşıdır, amma nə etmək lazım olduğunu bilmirik”.

Nəhayət, Moskvada Elenanın qızına “disleksiya” diaqnozu qoyurlar.

O, Qazaxıstanda mütəxəssisə müraciət edib.

Disleksiya problemləri ilə loqoped-defektoloqlar, sosial pedaqoq-defektoloqlar məşğul olur, son vaxtlar isə həmçinin nevroloq və neyropsixoloqlar da bu işlə məşğul olur.

“Mənim üçün təəccüblü o oldu ki, uşaq yarım il ərzində tamamilə dəyişdi”, - Elena təəssüratlarını bölüşür, – “Yəni, o, korreksiya prosesini keçdi və ilk üç ayda müəllimlər mənə deməyə başladı ki, uşaq eşitməyə başlayıb. Onlar soruşurdular ki, siz uşağa nə etmisiniz, uşağınız bizi görməyə və eşitməyə başlayıb”.

Disleksiya hökm deyil

O vaxt Elenanı ən çox sevindirən şey “uşağın bezginliyinin sona çatması olub”.

“Bəli, disleksiya var, o, bunu bilir və bunun özünün bir xüsusiyyəti olduğunu qəbul edib. Onda sürətli oxumaq qabiliyyəti yoxdur, o, gec və düşünərək oxuyur. O, mənə deyir – ana, mən indi zəif və güclü tərəflərimin nə olduğunu bilirəm. Zəif tərəflərimi güclü tərəflərimlə örtəcəm. Qızım çox möhtəşəm komiks çəkir və öz vəziyyətindən tam məmnundur. O, disleksik olması barədə məmnuniyyətlə danışır”.

Məhərrəm Zeynalov jurnalistdir, yazmaq və oxumaq onun daimi işidir. Lakin Məhərrəmin özünün dediyi kimi, bu, bir disleksik kimi onun üçün doğru seçim olub.

Məhərrəmin problemi ilə heç kim maraqlanmadığı üçün o özü bununla məşğul olmağa və disleksiyanı bir növ çağırış kimi qəbul etməyə qərar verib. “Mən kitab oxumağı çox sevirəm, amma çox gec oxuyuram, bu, ciddi çətinliklər yaradır. Buna görə də, mən kitabları səsli olaraq dinləyirəm. Mən çox savadsız yazıram. Lakin mən belə düşünürəm – səndə dil öyrənmək pis alınır? O zaman onu öz işinin bir hissəsinə çevir. Buna bir növ çağırış kimi yanaşmağa başlayırsan. Bu, problemi həll etməyin ən yaxşı üsuludur”, - Məhərrəm hesab edir.

Elena Danilovanın qızının artıq 12 yaşı var. Elena problemin müəyyənləşdirilməsi və həlli istiqamətində uzun yol keçmiş disleksik anası kimi valideynlərə uşaqların xüsusiyyətlərinə qarşı daha diqqətli olmağı, onları gözardı etməməyi məsləhət görür. Disleksiyanı aradan qaldırmaq olmur. Lakin belə diaqnozlu uşağın həyatını yaxşılaşdırmaq olur və bu, vacibdir.

“Heç bir halda vəziyyəti başlı-başına buraxmayın, deməyin ki, öyrənər, qorxulu bir şey yoxdur", - Elena məsləhət görür: – "Çünki bu, təkcə tədris bacarıqları deyil. Bu, uşağın bütün həyatına təsir edir, tamamilə hər şeyə. Yəni ki, psixoloji vəziyyətdən başlayaraq sosial uzaqlaşmaya qədər. Mən demirəm ki, bütün uşaqlarla belə olacaq, lakin ciddi və ya ən azı orta dərəcəli sosiallaşma və psixoloji vəziyyətlə bağlı problemlərlə belə uşaqların azı 50 faizi üzləşəcək”.

Mediasetin dəstəyi ilə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rmvkew

Ən çox baxılan