Varlam Nikoladze 2016-cu ildə Tbilisi Azərbaycan Dövlət Dram Teatrına bədii rəhbər təyin edilib. Qəzetdə yer alan məlumata görə, o, 1992-ci ildə Şevardnadzenin Gürcüstana qayıtmasına qarşı çıxıb. Bu səbəbdən Nikoladze Türkiyəyə köçərək Trabzon, İzmir, Ankara və İstanbulda teatr idarəetməsi ilə məşğul olmağa başlayıb.
Nikoladzenin türk dili bilməsi ona teatr heyəti ilə əlaqə qurmaqda yardım edir. Teatr heyəti: aktyor və aktrisalar isə onu ailə üzvlərinə çox, onlara isə az ödəniş etməsinə görə günahlandırırlar.
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Gürcüstandakı əliaçıq donorlardan biridir. Buna baxmayaraq, şirkət teatra verilən hədiyyələri ‘xeyriyyə’ adlandıraraq açıqlamaq istəmədiyini bildirib. Ancaq Gürcüstanın keçmiş mədəniyyət naziri Mikheil Giorgadzenin sözlərinə görə, 2017-ci ildə Neft Şirkəti teatr üçün yeni bina tikintisini öz üzərinə götürüb.
Teatrın bədii rəhbəri Varlam Nikoladze teatr üçün yeni bina tikintisi məsələsinin doğru olmadığını iddia edir.
“Muzeydə tədbirdə idim. Dostlarımdan biri gəlib məni təbrik edərək mədəniyyət nazirinin müsahibəsində teatr üçün yeni binanın inşaasına başlayacaqlarını bildirdiyini dedi.
Nazirlikdən soruşduqda isə bu barədə nəsə bilmədiklərini dedilər. Sonra SOCAR-la əlaqə saxlayaraq layihəni bizə göstərmədən tikintiyə niyə başladıqlarını soruşdum. Onlar da cavablarında tikintinin başladılmadığını bildirdilər”,- Nikoladze deyir.
Mədəniyyət Nazirliyinin media nümayəndəsi Anuki Kankia teatr heyətinin onlar üçün ayrılan ərazi ilə razılaşmadıqlarını qeyd edib.
“Onlar köhnə binanın təmir olunmasını istəyirlər”,- Kankia deyib.
Teatrın 100 yaşlı qədim binası Qorqasali küçəsində yerləşir və indi bina məşqlər üçün istifadə olunur.
“Binada 40 ailənin yaşadığı və onlar tərəfindən özəlləşdirildiyi üçün oranın təmir edilməsi qeyri-mümkündür”,- Kankia əlavə edib.
Azərbaycan teatrı 1873-cü ildə yaradılıb. Sovet dövründə teatr 50 il fəaliyyətsiz qalıb. 2003-cü ildə isə yenidən fəaliyyətə başlayıb. Teatrda iki tamaşa ildə hər biri 2 dəfə olmaqla səhnələşdirilir. Biletlərin qiyməti isə 5 laridir (təxminən 3 manat).
Azər Musaoğlu 8 ildən çoxdur ki, teatrda fəaliyyət göstərir. O, Tbilisidən 50 km aralıda yerləşən Qardabani rayonunda yaşayır.
“İclasda teatrın işçisi olaraq elə adlar çəkildi ki, biz birinci dəfə idi eşidirdik. Amma bütün tamaşalarda iştirak edən, soyuqda-istidə çalışan aktyor və aktrisaların əmək haqqısı azdır”,- Musaoğlu deyir.
Tender sənədlərinə görə, Varlam Nikoladze bu il “Oyunbaz” tamaşasında etdiyi dəyişiklərə görə 3,125 lari (2.000 manat) qonorar əldə edib. Onun aylıq maaşı isə 790 laridir. (512 manat).
Musaoğlu aylıq maaşının 288 lari (186 manat) olduğunu deyir. Mədəniyyət Nazirliyinin “iFact.ge”-ə verdiyi məlumata görə, aktyor və aktrisaların ən yüksək maaşı 450 ( 291 manat), ən aşağısı isə 220 laridir (142 manat).
“Nikoladzenin qohumlarının teatrda işləməsi və yüksək məbləğdə qonorar alması faktdır. Yalnız qohumlar yox, o, öz dostlarını da tamaşalar hazırlamağa, rəssamlıq və bəstəkarlıq etməyə dəvət edir”,- Musaoğlu belə deyir.
Aktrisa Aidə Tağıyevanın sözlərinə görə, Mədəniyyət Nazirliyi Nikoladzenin bədii rəhbər təyin olunmasından sonra hər tamaşa üçün pul ayırmağa başlayıb.
Mədəniyyət Nazirliyinin 2017-ci il büdcəsindən teatr üçün 216,811 lari (140.674 manat) ayrılıb. Onun 130,080-i (84.400 manat) maaşlar, 86,485 (56.000 manat) min larisi isə xərclər və avadanlıqlar üçün ayrılıb.
SOCAR isə xeyriyyə məqsədilə görülən işləri açıqlamamağı üstün tutur (Nikoladzeyə görə 2017-ci ildə SOCAR 15.000 dollar məbləğində vəsaiti teatra bağışlayıb. Onun sözlərinə görə, o, bu pulu çox çalışan işçilərini həvəsləndirmək məqsədi ilə istifadə edir).
“Tamaşa xərcləri üçün təxminən 90,000 (58.000 manat) lari pul ayrılıb. Bir tamaşada 4-5, bəzən isə 7 nəfərik. Səhnə dekorasiyalarının çox pul tutmadığını bilirik. Onların keyfiyyəti yaxşı deyil. Bizim geyimlərimizin keyfiyyəti də aşağıdır,”- Tağıyeva deyir.
Nikoladzenin sözlərinə görə, 2017-ci ildə teatr iki əvəzinə üç tamaşa səhnələşdirib. Həmçinin, onlar Türkiyəyə də teatr festivalı üçün gediblər: “Qalmaq xərclərini təşkilatçılar qarşıladılar. Ancaq biz səyahət və gündəlik xərcləri ödədik. Ümumi, 21 nəfər getmişdik,”- Nikoladze bildirir.
Tağıyevanın sözlərinə görə, Nikoladze qonorarları oğlanları, gəlini və iki ögey qızına verib.
Onun oğlu Alexandr Nikoladze “Oyunbaz” tamaşası üçün mahnı hazırladığına görə 2500 lari (1600 manat) məbləğində qonorar alıb. Nikoladzenin gəlininin adı “Fəryad edənin səsi” tamaşasında xareoqraf kimi qeyd olunub. Buna baxmayaraq, onun bu iş üçün hansı məbləğdə qonorar almasına dair heç bir rəsmi sənəd yoxdur.
Varlam Nikoladzenin sözlərinə görə, bütün sənədlər tender siyahısında olmalıdır:
“Siz sənədlər məsələsinə görə direktor Natali Kananeli ilə danışmalısınız. Mən bütün sənədləri imzalamışam”.
“Sənədlərin niyə orda olmamasının səbəbini bilmirəm,”- Nikoladze deyir.
Nikoladzenin ögey qızı Anastasia Rekhviashvilinin adı “Azad ailə” tamaşasının posterində dizayner, “Fəryad edənin səsi” tamaşasında isə musiqi tərtibatçısı kimi qeyd olunub. Onun bacısı Keti Rekvhiaşvilinin adı da “Azad ailə” tamaşasında musiqi tərtibatçısı kimi qeyd olunub.
“Bir insanın müxətlif vəzifələrdə olması sizə qeyri-adi görünə bilər. Anastasia rəssamdır, eyni zamanda onun musiqi bacarıqları da var. O, bizim üçün heç bir musiqi bəstələməyib. O, bəstəkar deyil. O, tamaşa üçün uyğun musiqini seçib,” – Nikoladze deyir.
Nikoladze əlavə edir ki, onun teatra dəvət etdiyi şəxslərə çox ödəniş etmir. Onun sözlərinə görə, o, övladlarına 5,000 lari (3200 manat) əvəzinə 2.000 (1200 manat), ya da 3.000 (1900 manat) lari ödəniş edir.
“Bura gələndə tanınmış və peşəkar dostlarla işləmək istədim. Ancaq onların öz qiyməti var, ondan aşağı heç yerdə işləmirlər. Oğlum Sandro ilə yeni musiqi hazırladım. Tamaşada 7-8 musiqi var idi. Onların hər birini ayrıca hesablasaz, bu, 64,000 dollar pul edir. Ancaq mən ona 2500 lari (1600 manat) verdim,”- Nikoladze əlavə edir.
Tağıyeva Tbilisidə yerləşən ən böyük açıq Lilo bazarına səfərlərindən danışır.
“Bir cüt ayaqqabıya 35 (22 manat), digərinə isə 60 lari (38 manat) pul ödədik. Rəsmi sənəddə isə bir ayaqqabıya 150 lari (90 manat) verdiyimiz yazılıb.
Biz bir nəfərin geyindirilməsinə 200 lari (129 manat) pul xərcləyirik. Amma bu da sənəddə yazılıb ki, bir kostyum üçün 200 lari vermişik. Həmin vaxt direktor Kananeli bizimlə idi,” – Tağıyeva bildirir.
“Mənim geyimlərimə nə qədər ödədiklərini bilmirəm. Bu da araşdırılmalıdır,” – Musaoğlu belə deyir.
Tağıyevanın sözlərinə görə, Mədəniyyət Nazirliyinin rəsmiləri onlara teatr heyətinin müraciətindən sonra Dövlət Audit Bürosunu araşdırma üçün teatra göndərəcəklərini deyiblər.
Nikoladzenin “iFact.ge”-ə açıqlamasına görə, teatr alış-verişi yalnız qəbzlə edə biləcəyini deyib. Nikoladze onu da əlavə edib ki, aktrisa və aktryorların niyə qəbzsiz nəğd pulla ayaqqabı və kostyum aldıqlarını Kananeli izah edə bilər. Kananeli isə suallara Audit Bürosunun araşdırmasından sonra cavab verəciyini bildirib.
Aktyor Binəli İslamoğlunun sözlərinə görə, o, “Sehirli papaq” tamaşası üçün geyimlərini öz evindən götürüb.
“Nikoladzeyə pulu necə xərcləməsini soruşanda, o, bizə bunu soruşmağa haqqımız olmadığını dedi,” – İslamoğlu qeyd edir.
“iFact.ge” jurnalistləri Nikoladzeyə bu sualı ünvanlayanda da, o, eyni cavabı verib:
Nikoladze: “Onlar mənə sənədləri görmək istədiklərini dedilər. Mən də onlara o sənədləri görməyə haqları olmadığını dedim. Satınalma meneceri, auditor, Kananeli və mən o sənədlərə baxa bilərik”.
Jurnalist: “Amma sənədlər hamıya açıqdır”.
Nikoladze: “Bəli, ictimaiyyətə açıqdır. Onlar nə istəyirlər, heç nə başa düşmürəm. İşimi davam edib-etməyəcəyimi Audit Bürosunun araşdırmasından sonra qərar verəcəm”.
Fazil Bayramov 10 ildən çoxdur ki, teatrda aktyor kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, Nikoladzedən əvvəl onlar yaxşı tamaşalar səhnələşdiriblər.
“Oyunbaz tamaşası üçün 18.000 lari (11.000 manat) ayrılıb. Tamaşada 4 aktyor var idi. Tamaşada geyimlər, stol, köhnə tamaşadan divan, kreslo da onun kimi. Bir də 1-2 ədəd xəncər, masa, bir də banner. 18.000 larini hara xərclədi? Bu pulla 3 otaqlı balaca ev ala bilərdim,”- Bayramov belə deyir.
Bayramovun sözlərinə görə, onlar əvvəl bir çox teatrda tamaşalar səhnələşdiriblər. Nikoladzedən sonra yalnız Tbilisi Pantomim Teatrında oynayıblar.
“Nikoladze deyir ki, digər teatrlarda kirayə pulu yüksəkdir. Amma ortada cəmi 100 lari (64 manat) fərq var. 100 lari artıq verib gözəl yerdə oynaya bilmərik?”- Bayramov soruşur.
Nikoladzenin sözlərinə görə, Pantomim Teatrının 2 günü üçün 900 lari (583 manat) ödəyiblər.
“Marcanaşvili Teatrının bir günü 3200 laridir (2000 manat). Pantomim bizim üçün ən ucuz yerdir. Direktor Amiran Shalikashvili mənim dostumdur,”- Nikoldaze deyir.
“Nikoladzedən əvvəl qonorar alırdım. Amma indi bilmirəm. Ancaq aylıq 320 lari (207 AZN) alıram,”- Bayramov əlavə edir.
Bayramovun sözlərinə görə, biletin biri 5 lari (3 manat) olmaqla “Sehirli papaq” tamaşasını göstərmək üçün Marneuli, Qardabani və Bolnisiyə olan səfərlərindən 900 bilet satılıb. Qardabanidə olan qastrol səfərini yerli hökumət təşkil edərək, teatra 1500 lari (972 manat) ödəniş edib.
Nikoladzenin sözlərinə görə, dövlət qastrol səfərləri üçün heç bir pul ayırmır: “Onlar teatra bunun üçün heç bir ödəniş etməyib”.
“Mən heç nədə günahkar deyiləm. Onlar istədikləri vaxt auditoru gətirib nəticələri öyrənə bilərlər. Əgər auditorun qərarı mənim doğru olduğumu göstərsə, mən məhkəməyə müraciət edərək mənəvi təzminat tələb edəcəm,”- Nikoladzenin son sözü belə olub.