Jurnalistlər direktorun məhkəməyə necə gətirildiyini görməyiblər
Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məlumatı Respublika Prokurorluğunun mətbuat xidməti yayıb.
Bildirilir ki, sözügedən məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.
Beləliklə, direktor aprelin 15-də Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Günorta saatlarıdan Səbail Rayon Məhkəmməsinin önündə olan jurnalistlərin Meydan TV-yə verdiyi məlumata görəsə, direktor məhkəməyə gətirilməyib. Onlar məhkəmənin heç bir qapısından Sevinc Abbasovanın içəri keçirildiyini görməyiblər.
“Yalnız polislər qapı ağzına yığışıb, sonra da dağılışdı. Sevinc Abbasova məhkəməyə gətirilmədi,” – deyə jurnalistlər bildirib.