Diplomatlar Gürcüstan Daxili İşlər Nazirliyinə toplandı

Qapalı keçən görüşdə Əfqan Muxtarlının məsələsi müzakirə olunur

Source:


Qapalı keçən görüşdə Əfqan Muxtarlının məsələsi müzakirə olunur

Gürcüstanın daxili işlər nazirinin müavini Şalva Xüsuşvili ölkəsində olan diplomatik korpusun nümayəndələri ilə görüşüb.


“Грузия online”

saytının məlumatına görə, görüş qapalı keçirilsə də, müzakirə mövzusu azərbaycanlı jurnalist Əfqan Muxtarlının məsələsidir.

Bildirilir ki, nazir müavini ilə görüşdə Amerikanın Gürcüstandakı səfiri Yan Kelli, Almaniyanın səfiri Hayke Renate Feyç, İsveç Krallığının səfiri Martina Kvik, İtaliya səfirliyinin attaşesi Massimo Mason, Litva, Macarıstan, Yunanıstan, Fransa, Bolqarıstan, Estoniya, Böyük Britaniya, Hollandiya, Slovakiya və digər ölkələrin səfirləri iştirak edir.

Eyni zamanda, Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavinləri İosif Qoqaşvili və Aleksandr Tabatadze də səfirlərlə görüşdədir.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqov jurnalistin saxlanılarkən döyüldüyünü söyləyib. Onun üz nahiyəsində xəsarət izləri olduğunu deyib:

“Nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Saxlandıqdan sonra isə cibinə 10 min avro pul da atılıb”.

Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.

Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.

“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, – deyə Elçin Sadıqov bildirib.

Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Ana səhifəXəbərlərDiplomatlar Gürcüstan Daxili İşlər Nazirliyinə toplandı