Zərdüşt Əlizadə şərh etdi: Ermənilərin ağlı və cəsarəti olsa, bu modellə razılaşarlar
Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə keçmiş beynəlxalq vasitəçi, İsveç diplomatı Yan Eliasson hesab edir ki, münaqişənin həlli modeli “muxtariyyət üstəgəl” və ya “müstəqillik çıx” formulu ola bilər.
“Turan İA”-ın Vaşinqton müxbirinə müsahibəsində 1993-1994-cü illərdə Minsk qrupuna rəhbərlik edən, hazırda isə BMT Baş katibinin müavini olan Yan Eliasson bildirib ki, beynəlxalq prinsiplərə dayanmaq vasitəçilərə onların missiyasında ciddi dəstək verir, amma Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqi prinsiplər (ərazi bütövlüyü və öz müqəddəratını həll etmək) ziddiyyət təşkil edir.
“Mən də ərazi bütövlüyünün tərəfdarıyam, amma siz hamı üçün məqbul olan status təklif etməlisiniz… Dağlıq Qarabağın gələcəyinə ümumi baxış olmalıdır. Bu baxış (status) tapıldıqda hər şey öz yerinə oturacaq”, deyən Eliasson Bakı və Yerevan arasında səmimi müzakirə zərurətini vurğulayıb.
“Siyasi liderlər başa düşməlidir ki, vəziyyət getdikcə daha təhlükəli hal alır, illərlə daha da pisləşəcək”, deyə o qeyd edib.
90-cı illərin əvvəllərində bu münaqişə üzrə vasitəçi işlədiyi dövrə toxunan Eliasson bildirib ki, həmin illərdə Qarabağ muxtariyyəti ətrafında müzakirələr tərəflərin tam əməkdaşlığı ilə açıq keçirilirdi, baxmayaraq ki, onların bu muxtariyyətlə bağlı baxışları bir-birindən xeyli fərqlənirdi.
“Hazırda həmin vaxt əldə edilmiş atəşkəs sazişi ilə çox da qürur duymuram, çünki əsas problem hələ də həll edilməmiş qalır.
İnkişaf olmadan sülh, sülh olmadan inkişaf yoxdur”, deyə Yan Eliasson fəlsəfi şəkildə fikrini tamamlayıb.
Dipomatın söylədiklərini Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə Yan Eliassonın fikirlərinin təcrübədə gerçəkləşən layihə olduğunu dedi: “Bu model Finlandiyanın Alland adalarında yaşayan isveçlilərə tətbiq edilib. 1917-ci ilin fevral inqilabından sonra Finlandiya Rusiyanın tərkibindən çıxdı və həmin vaxt Alland adalarına görə az qala İsveçə müharibə elan edəcəkdi. Vaxtilə İsveç Rusiyaya məğlub olanda bu adaları alıb öz tərkibində olan Finlandiyaya qatmışdı. Rus imperiyası dağılandan sonra Alland adalarının sakinləri doğma İsveçə birləşmək istəyirdilər, Finlandiya isə müstəqillik qazandıqdan sonra adaların onlara məxsus olduğunu hesab edirdi. Ərazidə 3-4 polis vardı, məktəb müəllimi və poçt müdiri müstəqillik elanı ilə bağlı toplantı keçirən zaman polislər onları həbs edirlər. Baş verənlər İsveçlə Finlandiya arasında mübahisə yaratdı, sadəcə, birinci dünya müharibəsi yeni başa çatdığından Millətlər Liqası yeni müharibə istəmirdi və buna görə komissiya yaratdı. Komissiya ərazini müşahidə edib araşdırma aparandan sonra qərar çıxartdı ki, Alland əməli olaraq Finlandiyaya tabe olur və inkişaf edən muxtariyyata çevrilir. Elə də oldu, Helsinki adaların paytaxtı Mariemxananın işinə müdaxilə etmir, adalar silahsızlaşdırılıb və neytral zonadır”.
Z.Əlizadə bildirdi ki, 1993-cü ildə Minsk Qrupunun həmsədrlərinin birinci planı Alland adaları variantına əsaslanırdı, hətta erməniləri Mariemxana aparmışdılar: “Onda ermənilər yalnız azərbaycanlılar fin olsaydılar razılaşacaqlarını bildirdilər, bizimkilər də cavab vermişdilər ki, siz də isveçli deyilsiniz. Amma ermənilər Minsk Qrupunun təklifindən imtina etdilər. Elə bilirdilər Rusiya Qarabağı alıb onlara verəcək. Atəşkəsdən 20 il keçsə də, diplomatik həll variantının olmadığını indi görürlər”.
Siyasi şərhçi Alland adaları variantının Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün məqbul hesab edir: “Ermənilər özləri də bu variantı məqbul sayır, amma Rusiyadan qorxurlar. Moskva heç vaxt buna icazə verməz. Halbuki, Alland modeli hər iki tərəfin mövqeyini birləşdirir. Alland adalarında Helsinki Mariemxana heç xadimə də təyin etmir, yəni təyinat yoxdur, seçki var. Azərbaycanda hər rayonda 5 təyinat var, icra başçısı, prokuror, məhkəmə, polis və MTN-nin yerli şöbə rəisi, bunların necə təyin olunduğunu hamımız bilirik. Bu cür təyinat əsasında da onlar yerli əhalini talayırlar. Əgər bu model reallaşsa, iki millətli parlament olacaq, yerli seçkilərə Məzahir Pənahov müdaxilə etməyəcək, belə olan şəraitdə ermənilər şaquli şəkildə Bakıya tabe olmurlar və istəklərinə çatırlar. Bakı orda ordu saxlamır, təyinat etmir, amma illik vergini alır. 30 min əhalisi olan Alland parlamentinin 30 üzvü var, 2 yeri Milli İstiqlal Partiyası qazanıb. Əgər maraqlarına cavab verməsə, Finlandiya parlamentinin hansısa qərarına veto qoya bilirlər. Bir dəfə belə bir veto olub, Finlandiya Avropa Birliyinə üzv olmaq istəyəndə, isveçlilər gömrüksüz tütün və içki satılmasını tələb etdilər və qarşı tərəf bununla da razılaşdı. Mariemxan hər il Helsinkiyə vergi ödəyir və Finlandiya orta gəliri hesablayıb büdcə ayırır. Adambaşına illik gəlir 30 min avrodur, bizim illik gəlirimizdən danışmağa dəyməz. İsveçlilər Finlandiyada illik 30 min avro gəlirlə insan kimi yaşayırlar. Ermənilərin ağlı və cəsarəti olsa, bu modellə razılaşarlar. Baxın, müharibə bitir, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri yaranır, turizm inkişaf edir və insanlar azad şəkildə əraziləri gəzirlər”.