Dindarlara 220 sutka inzibati həbs cəzası verildi

Respublika Prokurorluğu və DİN bəyanat yaydı

Source:


Respublika Prokurorluğu və DİN bəyanat yaydı

Noyabrın 5-də “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri E.Qasımovun Maştağada yaşadığı ünvanın önündə saxlanmasından sonra inanclı gənclər Sabunçu Rayon Baş Polis İdarəsi qarşısına toplaşdı. Onlar E.Qasımovun azad olunmasını tələb edirdilər. Bundan sonra saxlanılanlara işgəncə verilməsi barədə xəbərlər polislərlə onlar arasında qarşıdurma yaratdı.

Bu barədə məlumat yayan İslamazeri.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 298 və 310-cu maddələri ilə İsgəndərov Elxan- 15 sutka, Rzayev Sahil- 15 sutka, Osmanov Teymur- 15 sutka, Bunyatov Elvin- 15 sutka, Əhmədov Lətif -10 sutka, Əhməd adlı inanclı – 10 sutka, Əliyev Anar – 30 sutka, Qasimov Elçin -30 sutka, Yəhyayev Agaəli – 30 sutka, Həbibov Sahib -30 sutka, Vəliyev Niftəli – 20 sutka həbs cəzası alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

“İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirmiş, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı  bədən xəsarəti alıb. Qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb, onların hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib”,- deyə məlumatda qeyd olunub..

DİN bir daha qeyd edib ki, ölkədə asayişin və sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.

Ana səhifəXəbərlərDindarlara 220 sutka inzibati həbs cəzası verildi