“Allah tərəfindən mühakimə olunacağıq, bu cür məhkəmələri saymırıq”
Azərbaycanda qətl, adam öldürməyə cəhd, quldurluq, oğurluq, banditizim, rəsmi sənədləri oğurlama və digər cinayətlərdə təqsirləndirilən Nurrəddin Xəlilov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilr.
17 nəfərdən ibarət olan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədliyi ilə keçirilir. Təqsirləndirilən şəxslər məhkəmədə ifadə verməkdən imtina edirlər. Onlar yalnız Allah tərəfindən mühakimə olunacaqlarını, bu cür məhkəməni qəbul etmədiklərini deyirlər.
İttiham aktına görə, təqsirləndirilən şəxslərdən Nurəddin Xəlilov 2014-cü ilin mart ayında “Umar abi Mucaid” dini ləqəbi ilə özünü sələfi radikal dini cəryanın əmiri elan edib. İttiham aktında göstərilib ki, o, İslam dininin bəzi müddəalarını qəsdən yanlış ifadə edərək, Azərbaycanda şəriət qayda-qanunları ilə idarə olunan dövlət qurmaq, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olaraq dünyəvi dövlət quruluşunun əleyhinə yönələn hərəkətləri aşkar surətdə təşviq etmək, dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərini müəyyən edilməsinə yönələn hərəkətlər törədərək, insanlar arasında dini nifrət və düşmənçilik salmaq istəyib. Belə ki, o, odlu silah, döyüş sursatı və silah qismində istifadə olunan digər alət və vasitələr əldə etmək üçün yaxın münasibətdə olduğu eyni radikal dini baxışlara malik Müşviq Hüseyn oğlu Mikayılov, Rəşad Şövkət oğlu Həşimli, Elçin Nəriman oğlu Məmmədov, Əhməd Tofiq oğlu Kərimov, Coşqun Əjdər oğlu Kərimbəyli, Bahadur Əhməd oğlu Məmmədov, Zaur Sahib oğlu Əliyev, Rufis Əhməd oğlu Bəyimov, Fəxri Bəhruz oğlu Şirinzadə, İlqar Fikrət oğlu Musayev , Anar Rza oğlu Rzayev, Ceyhun Fazil oğlu Abdullayev, Pərviz Çingiz oğlu Şıxəliyev, Rəşad Fərman oğlu Səfəraliyev, Xəlil Bayramqulu oğlu Məmmədov, Samir Asvar oğlu Məmmədov, qardaşı Xəlilov Niyaməddin İltifas oğlu və qeyriləri ilə mütəşəkkil dəstədə birləşiblər. Onlar istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd 9 mm (38mm) kalibirli “BULDOQ” modelli atəşə yararlı yivli odlu döyüş silah olan revolver, həmin silaha aid döyüş sursatı hesab edilən iki ədəd 9 mm kalibirli patron, 12 kalibirli, “SARSILMAZ” markalı “Vinçester” sistemli atəşə yararlı qundağı və lüləsi kəsik tüfəng, “Makarov MP 371” modelli, “1337103428” nömrəli zavod üsulu ilə hazırlanmış siqnalverici (işarə) tapança və digər odlu silahlar əldə ediblər.
Biz “bu yoldan döndü yoxdur, bu, Allahın buyruğudur, kafirlərin əmlakı və qanı halaldır” deyə and içmişdik
Təqsirləndirilən şəxslərdən Müşviq Hüseyn oğlu Mikayılov ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək, ifadələrində göstərib ki, 2003-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Bakı şəhərində müxtəlif tikintilərdə fəhlə işləyib: “Hərbi xidmətdə olduğum müddətdə İslam dininin sünnü təriqətinə uyğun ibadətlə məşğul olurdum. Ordudan tərxis olunduqdan sonra da sələfi təriqətinə uyğun ibadətlə məşğul olaraq, saqqal saxladım. 2013-cü ilin sonlarında Bakı şəhərində «Nərimanov» metrostansiyasının yaxınlığında idman zalında qaydasız döyüş idman növü ilə məşğul olduğum vaxt orada məşq edən sələfi təriqətinə uyğun ibadət edən məşq müəllimim Elçin Məmmədov, «Umar Abu Mucaid» ləqəbli Nurəddin Xəlilov adlı dindar şəxslə tanış oldum. Sonra Nurəddinin vasitəsilə sələfi təriqətinə uyğun ibadət edən “Abduləziz” ləqəbli Zaur Əliyev, İlqar Musayev, “Süleyman” ləqəbli Rufis Bəyimov, “Muaz” ləqəbli Fəxri Şirinzadə, “Osman” ləqəbli Samir Məmmədov, “Xalid” ləqəbli Əhməd Kərimov, “Abu İbrahim” ləqəbli Rəşad Həşimli, “Həmzə” ləqəbli Coşqun Kərimbəyli, Pərviz Şıxəliyev, “Yusif” ləqəbli Rəşad Səfəralıyev, “Kaka” ləqəbli Ceyhun Abdullayev, «Xələf Sələfi» ləqəbli Xəlil Məmmədov, Anar Rzayev, Bahadur Məmmədov, Nurəddinin qardaşı Niyaməddin Xəlilov və digərləri ilə tanış olduq. Nurəddinin tapşırığı ilə mütəmadi olaraq Coşqun, Əhməd və Ceyhunun Əhmədli qəsəbəsində kirayədə yaşadıqları mənzildə və Nurəddinin yaşadığı evdə yığışaraq dini söhbətlər aparırdıq. Nurəddin bizdən ibarət “camaat”, dini cəryan yaradaraq özünü əmir elan etmişdi. Rufis Bəyimovu özünə müavin, Zaur Əliyevi isə qazi, yəni məhkəmə sədri təyin edərək bizim bir-birimizə qardaş olacağımızı bildirmişdi. Biz “bu yoldan döndü yoxdur, bu Allahın buyruğudur, kafirlərin əmlakı və qanı halaldır” deyə and içmişdik. Bizim məqsədimiz Azərbaycan Respublikasında dini qaydalara uyğun idarə olunan dövlət qurmaq, bunun üçün cihad etmək, bu yolda bizə mane olan hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı basqın etmək, cihad üçün silah, sursat və digər vəsaitlər əldə etmək idi. Bunun üçün pul lazım olduğundan Nurəddin bizə Azərbaycanda maddi cəhətdən imkanlı şəxsləri müəyyən edib evlərinə basqın edərək onları öldürüb pullarını, qızıl-zinət və digər qiymətli əmlaklarını ələ keçirib, sataraq pul əldə edib silah və sursat almağı tapşırmışdı. Biz şəriət qaydaları ilə idarə olunan dövlətdə yaşamaq, dini qaydalara uyğun dövlət qurmaq istədiyimiz üçün Nurəddinin tapşırığı ilə özümüzün və ailə üzvlərimizin şəxsiyyətlərini təsdiq edən bütün sənədləri yandıraraq məhv etmişdik. 2014-cü ilin mart ayının ortalarında Nurəddin Xəlilova Mərdəkan qəsəbəsində gəmi təmiri ilə məşğul olan Sərxan adlı maddi cəhətdən imkanlı şəxsin evində əvvəl fəhlə işlədiyimi, həmin evdə külli miqdarda pul və qızıl-zinət əşyalarının olduğu barədə bildirdim. Nurəddin həmin evə gecə vaxtı silahlı basqın etməyi mənimlə və Elçin Məmmədovla planlaşdırdı. Biz razılaşdıqdan sonra 2014-cü ilin mart ayının 19-na keçən gecə saat 2 radələrində mən, Nurəddin və Elçin birlikdə tanınmamaq üçün başımıza qara rəngli papaqdan düzəldilmiş maska, əl izlərinin qalmaması üçün əlcək geyib Elçinlə həmin evin qarşısında yolda dayanıb müşahidə apardıq. Həmin vaxt bizim bıçağımız var idi. Nurəddin isə hasardan aşıb həyətə keçib bizi çağırdığı üçün hasardan aşıb həyətə keçdik. Bu zaman həmin evin həyətində ailə ilə birlikdə yaşayan və gözətçilik edən Gündüz səsə yuxudan oyanıb bizi görüb qışqırdı. Gündüzün qışqırıq səsinə arvadı və iki azyaşlı uşağı da yuxudan oyandılar. Nurəddin Gündüzün arvadını, mən və Elçin isə Gündüzü tutduq. Biz Gündüzdən və arvadından gözətçilik etdikləri bağ evinin açarlarını verməyi tələb etdik. Gündüz bundan imtina edərək, yenidən qışqırmağa başladı. Evin sahibinin evdə olmadığını, açarların da onlarda olmadığını bildirib açıq pəncərədən tullanıb qaçmaq istədikdə Elçin onu tutub yumruqla baş nahiyyəsinə zərbə vurub yerə yıxdı. Sonra biz Gündüzün yaşadığı evi axtardıq. Nurəddin paltar şkafında olan pul kisəsindən 600 manat pulu, şkafdan dörd ədəd qızıl qadın üzüklərini, bir ədəd qızıl boyunbağını, iki cüt qızıl sırğaları, mən isə bir ədəd “ Samsunq Galaxy 9152” markalı mobil telefonu götürüb otaqdan çıxanda Gündüzün arvadı yalvararaq uşağı xəstə olduğunu bildirib, pulun hamısını aparmamağı xahiş etdi. Biz Nurəddinin götürdüyü puldan 200 manat Gündüzün arvadına qaytardıq və tələsik oradan çıxıb, hasardan aşaraq getdik. Pulları yolda öz aramızda böldük, qızıl-zinət əşyaları isə Nurəddində qaldı. Sonra Nurəddin həmin qızıl zinət əşyalarını satdı, əldə etdiyi 800 manat pulu da bizimlə böldü”.
Müşfiq ifadəsində bildirib ki, Nurəddin Xəlilov ona deyib ki, 2014-cü ilin avqust ayında dəstənin üzvü «Muaz» ləqəbli Fəxri Şirinzadə və arvadı Sevinclə Qaraçuxur qəsəbəsində görüşüblər. Onlar birlikdə marşurut avtobusunda «Neftçilər» metrostansiyasının yanına gəlib, avtobus dayanacağında avtobusdan endikləri vaxt Fəxri Şirinzadənin arvadı Sevinc tamamilə qara çarşabda, üzü isə niqabla bağlı olduğundan orada avtobusa minmək istəyən tanımadığı iki nəfər cavan oğlan Sevincə baxıb « bu nədi ala» deyərək, geyiminə lağ ediblər. Buna görə Nurəddin həmin oğlanlara bıçaqla xəsarət yetirib qaçıb.
İş adamının ölümündə təqsirləndirilirlər
İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin Qəbələdə yaşayan iş adamı Vahid Vahabovun evinə basqın edərək, onu öldürdükləri də məlum olub. Belə ki, Nurəddin əlində qundağı və lüləsi kəsik “Vinçester” silah, Rəşad isə əlində balta yatmış vəziyyətdə olan Vahidə yaxınlaşıblar. Nurəddin ucadan Vahidə «dur ayağa» deyib və silahın lüləsini ona tərəf tuşlayıb. Vahid səsdən oyanıb onları maskalı gördükdə qışqımağa başlayıb. Ona görə də Nurəddin silahın lüləsini Vahidin baş nahiyyəsinə tutub « qışqırma pulları ver, çıxıb gedək, səni öldürmək istəmirik» deyib. Buna baxmayaraq, Vahid ayağa qalxıb qışqırmağa başlayıb və əli ilə silahın lüləsindən tutub silahı ondan almaq istəyib. Sonra gödəkçəsinin cibindən açarları çıxardıb «açarları verim, həyətdən maşını aparın, halal xoşunuz olsun» – deyib. Bu vaxt evdəki digər otağın qapısı açılıb və bir qadın otaqdan çıxaraq qışqırmağa başlayıb. Nurəddin ona və Əhmədə həmin qadını tutub susdurmağı tapşırıb. Ona görə də o, Əhmədlə qadını tutub otağa çəkib, çarpayıya yıxıb, Əhməd əlindəki bıçağın tutacaq hissəsi ilə qadının baş nahiyyəsinə bir zərbə vurub. O isə özündə olan yapışqanlı lentlə qadının ağzını bağlayıb. Bu vaxt Nurəddin və Rəşad olan otaqdan bir atəş səsi eşidilib. Nurəddin qaçaraq onların yanına gəlib, «tez olun gedək» deyib. Tələsdiyindən o, əlindəki qara rəngli düyməli qatlanan tiyəçi açıq vəziyyətdə olan cib bıçağını çarpayının yanında tumbanın üzərində unudub. Onlar evdən tələsik çıxanda Vahid ölməyib, zarıltı səsi eşidilib, evdən pul, qızıl-zinət əşyaları götürmədən darvazadan çıxıb avtomobilə əyləşib, birbaşa Bakı şəhərinə gəliblər.
Özümə “Abu İbrahim” dini ləqəbi götürdüm
Təqsirləndirilən şəxs Həşimli Rəşad Şövkət oğlu ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilib və ifadələrində göstərib ki, 2003-cü ildə işləmək üçün İstanbul şəhərinə gedib: “Orada geyim fabrikində fəhlə işləyirdim. Həmin vaxtdan İslam dininin sələfi təriqətinə uyğun ibadət edirəm. 2005-ci ildə vizamın müddəti bitdiyindən Türkiyə Respublikasından xaric edildim. Təxminən 2012-ci ildə Sumqayıt şəhərində kirayədə yaşayan əslən Göyçay rayonunun Bığır kəndindən olan Müşviq Mikayılovla tanış olmuşam. Söhbət zamanı Müşviq İslam dininin sələfi təriqətinə mənsub olduğunu bildirmişdi. Mən də bu təriqətə uyğun ibadət etdiyimdən aramızda dostluq münasibəti yaranmışdı. Müşviq məni «Umar Abu Mucaid» ləqəbli Nurəddin Xəlilovla tanış etmişdi. Həmin vaxtdan Nurəddinlə aramızda yaxın münasibət yarandı. Özümə “Abu İbrahim” dini ləqəbi götürdüm. Nurəddin mənə Vahid Vahabovun yaşadığı evə basqın edib evdə olan pul, qızıl-zinət və digər qiymətli əyşayları ələ keçirməyi təklif etdi, mən də razılaşmışdım”.
Təqsirləndirilən şəxs Əhməd Tofiq oğlu Kərimov ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, bildirib ki, Respublika Olimpiya idman liseyində güləş-futbol idman növü üzrə təhsil alıb. 2009-cu ildə həmin liseyi bitirdikdən sonra “Qəbələ” futbol klubunda futbol oynayıb. «Qəbələ» Futbol Akademiyasında müəllim işləyib: “Nurəddin bizə “Azərbaycanda dini dövlət qurmaq, cihad etmək lazımdır, Azərbaycanda hakimiyyətdə olanlar kafirlərdir, biz cihad etmək üçün silah və sursat əldə etməliyik, dəstəmizə əlavə insanları da cəlb etməliyik, bizim silah-sursat əldə etməyimiz üçün pul lazımdır. Pul əldə etmək üçün Respublikada maddi cəhətdən imkanlı adamları müəyyən edib, onların evlərini qarət edib pul əldə etməliyik» – deyirdi”.
Nurəddinin bütün əmrlərini, göstərişlərini və tapşırıqlarını icra etməyə and içdik
Təqsirləndirilən Bahadur Məmmədov isə ifadəsində göstərib ki, Gəncə Dövlət Universitetinin ingilis dili fakultəsini bitirib, Qəbələ rayonunun Nic kənd orta məktəbində ingilis dili müəllimi işləyib: “2013-cü ildə Qəbələ şəhərində «Kafqaz-Sport» otelində xəzinədar vəzifəsinə işə düzəldim. Həmin oteldə işlədiyi vaxt İslam dininin sələfi təriqətinə uyğun ibadət edən qohumu Məhəmməd Namiq oğlu Əzimovun təsiri ilə həmin təriqətçilərə qoşuldum. Həmin təriqətə uyğun ibadət edən həmyerlilərim Coşqun, Ceyhun, Əhməd özlərinin və ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədləri, hərbi bileti və digər sənədləri yandırdığından, mən də özümün və arvadımın, uşaqların sənədlərini yandırdım. Qəbələ raynunda bizim dini rəhbərimiz Ceyhun Abdullayev idi. Ceyhun bizə Azərbaycan dövlətini və qanunlarını tanımamağı təbliğ edirdi. 2014-cü ilin oktyabr ayının sonlarında Əhməd məni Bakıya çağırdı. Biz Nurəddin Xəlilovun yaşadığı evə getdik. Həmin evdə Nurəddin Xəlilov, “Kaka” ləqəbli Ceyhun Abdullayev, “Həmzə” ləqəbli Coşqun Kərimbəyli, Əhməd Kərimov, Müşviq Mikayılov, “Abu İbrahim” ləqəbli Rəşad Həşimli, “Abdul Aziz” ləqəbli Zaur Əliyev, “Süleyman” ləqəbli Rufis Bəyimov, Nurəddinin qardaşı Niyaməddin Xəlilov və başqa tanımadığım şəxslər də var idi. Orada Nurəddini “əmir” seçdik. Nurəddinin bütün əmrlərini, göstərişlərini və tapşırıqlarını icra etməyə and içdik. Nurəddin “biz Azərbaycanda şəriət qanunları ilə idarə olunan dini dövlət qurmalıyıq, cihad etməliyik, lakin bizim bunu etməyə maddi imkanımız yoxdur, cihad etmək üçün pul və silah lazımdır, bizim isə silah almağa pulumuz yoxdur, həmçinin ətrafımıza əlavə də inanılmış və qorxmaz şəxsləri də toplamalıyıq, ailə üzvlərimiz də bizimlə bir olmalı, maddi cəhətdən imkanlı şəxsləri, onların evlərini müəyyən edib, həmin evlərə basqın edib ev sahiblərini öldürüb, pullarını, qızıllarını və qiymətli əşyalarını ələ keçirib satıb pul əldə edib silahlanmalıyıq, bizim bu işimizə mane olan hüqüq-mühafizə orqanlarının əmkdaşlarını, əsasən də polis əməkdaşlarını öldürməliyik” – dedi. Biz də onunla razılaşdıq. “Bu yoldan döndü yoxdur, bu, Alahın buyuruğudur, kafirlərin əmlakı və qanı həlaldır” – deyərək buna and içdik”.
Təqsirləndirildən Zaur Sahib oğlu Əliyev ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilib, ifadələrində göstərib ki, Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyez Universitetinin “iqtisadi və idari bilimlər fakultəsi”ni bitirib: “1992-ci ildən ibadət edirəm. Özümə “Abdul Aziz” ləqəbi götürmüşəm. “Umar Abu Mucahid” dini ləqəbli Nurəddin İltifat oğlu Xəlilov ilə internet vasitəsi ilə tanış olmuşam. Nurəddinə Ağdaş rayonunda yaşayan Niyazi Əzizovun valyuta mübadiləsi ilə məşğul olduğunu, imkanlı olduğunu, evində pul və qızıl-zinət əşyalarının ola biləcəyini bildirmişdim. Bir müddət sonra Nurəddin Müşfiqlə birlikdə Ağdaş rayonuna gəldi və biz həmin evə girdik. Nurəddin evdən üç ədəd qızıl diş, bir ədəd qızıl kişi üzüyü, bir ədəd qızıl qırıq qolbaq tapıb götürdü. Həmçinin bir ədəd “Casper” markalı notbuk, bir ədəd “LG DC500 +” markalı projeksiya edən qurğu- ev kinoteatrı sistemi, bir ədəd video kamera, bir ədəd idman ayaqqabısı, ətcəkən maşın, saç qurudan fen, portağal sıxmaq üçün şirəçəkən maşın, elektriklə işləyən buxar-qazanı, masaj aparatı, “Bosh” markalı fenə aid daraq və aksesuarlar, internetə naqilsiz qoşulmaq üçün “Tplink” markalı modem, ağ rəngli kişi şalvarı və başqa məişət əşyaları tapıb götürdük”.
Bizim məqsədimiz şəriət qanunları ilə yaşamaq, aparılan cihadda iştirak etmək idi
Təqsirləndirilən Rufis Əhməd oğlu Bəyimov ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilib və ifadələrində göstərib ki, Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olsa da, üçüncü kursdan təhsilini yarımçıq qoyaraq arvadı Səbinə Şıxəliyevlə ilə birlikdə Pakistanın Vəzirstan əyalətinə gedib: “Bizim məqsədimiz şəriət qanunları ilə yaşamaq, aparılan cihadda iştirak etmək idi. Orada «Ceyşull Mehdi» adlı silahlı birləşmənin tərkibinə daxil oldum. Hərbi təlimlərdə iştirak edib özümə «Süleyman» ləqəbi götürdüm. İki ay orada qaldıqdan sonra 27 avqust Azərbaycana qayıtdıq. « Facebook» sosial şəbəkəsi vasitəsilə «Umar abi Mücahid» ləqəbli Nurəddin İltifat oğlu Xəlilov ilə tanış oldum. 2014-cü ildə Nurəddin, Müşviq, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Ceyhun Abdullayev və adları yadımda qalmayan başqaları ilə Müşviq qəsəbəsində çayxanada görüşdük. Sonra oradan Nurəddinin Binəqədi qəsəbəsində yaşadığı evə gedərək, orada yığıncaq keçirdik. Mən, Əhməd, Zaur və Fəxri gecə saat 02 radələrində «Cəngi» idman sağlamlıq mərkəzinin yaxınlığında yerləşən ərzaq mağazasının yanına getdik. Fəxri təpiklə mağazanın pəncərəsini vurub açdı. Oradan süd, yumurta, bal və başqa ərzaq malları götürüb, mağazadan çıxıb evə tərəf gələndə polis əməkdaşları bizi saxlamaq istədi. Biz qaçdıq, lakin Fəxrini polis əməkdaşları saxladılar. Bir müddət sonra biz də həbs olunduq”.