Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur
——————————————————————————–
Respublikanın hüquq-mühafizə orqanları tərəfindən Zaqatalada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat barədə rəsmi məlumat yayılıb.
APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, qeyd olunan strukturların əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.
Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
—————————————————————————————–
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.
Saxlanılan şəxslər rayon sakinləri -Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.
Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.
Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.
Əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.
APA