Allahşükür Paşazadə: ”Azərbaycan-İran əməkdaşlığı sabitliyə, iki dövlətin inkişafına xidmət edir”
İran İslam Respublikasının prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana rəsmi səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin(QMİ)sədri şeyxülislam Allahşükür Paşazadə və digər din xadimləri ilə görüşüb. Bu haqda “Turan” agentliyi məlumat yayıb.
A.Paşazadə qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan-İran əməkdaşlığı sülhə, sabitliyə, iki dövlətin inkişafına və xalqların rifahına xidmət edir.
O deyib ki, Azərbaycanda islam dini abidələrinə xüsusi diqqət yetirilir.
Ruhani Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Ruhani qeyd edib ki, onun Azərbaycan prezidenti ilə müntəzəm görüşləri iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün mühüm önəm daşıyır.