DİN uşaq olayına reaksiya verdi

”Yeniyetmələr barədə bütün zəruri istintaq-əməliyyat tədbirləri qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə aparılır”

Source:
Orxan Mansurzadə
Orxan Mansurzadə
Orxan Mansurzadə
Orxan Mansurzadə



‘Yeniyetmələr barədə bütün zəruri istintaq-əməliyyat tədbirləri qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə aparılır”

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Cəlilabad rayonunun “İran bazarı” adlanan ərazisindən çörək və qənd oğurlayan 10-11 yaşlı uşağın polis tərəfindən həbs olunmasını əks etdirən bir fotoşəklin və məlumatların yayılmasına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Report”a bildirib ki, azyaşlının bu əməlinin guya aclıqla əlaqələndirilməsi, bir sıra KİV-lərin daha uzağa gedərək həmin olayı ölkədə görünməmiş hadisə kimi qiymətləndirməsi bəzi emosional və məsələnin gerçək mahiyyətindən xəbərsiz vətəndaşlarımızın, oxucuların qanun keşikçilərinə yüklənməsinə, mövzu ətrafında geniş müzakirələrin aparılmasına və bəzi fürsətcil şəxslərin isə məsələni az qala siyasiləşdirməsinə səbəb olub: “Yeri gəlmişkən, bu yaxınlarda “Kütləvi informasiya vasitələri haqqında” qanunun 11-ci maddəsinin 4-cü bəndinin dəyişdirilərək yeni redaksiyada verilməsi ilk növbədə dövlət səviyyəsində azyaşlıların hüquqlarının qorunması, onların normal inkişafına və sağlamlığına, gələcəyin layiqli bir vətəndaşı kimi yetişməsinə xidmət edir. Sözügedən bəndin tələblərinə görə, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir. Bu tələb ilk növbədə azyaşlılarla bağlı mətbuatda hər hansı məlumatın vaxtından əvvəl, təhrif olunmuş formada ictimaiyyətə çatdırılmasının yaranmasının qarşısının alınmasına yönəlib. Lakin konkret halda biz azyaşlı ilə bağlı məsələdə məlum mövzu ətrafında ajiotaj yaratmağa çalışan bəzi saytlarda qanunun həmin tələbinə, hörmətlə yanaşılmasını təəssüf ki, müşahidə etmədik.

Digər tərəfdən, ictimaiyyətin marağına səbəb olmuş hadisənin biri-biri ilə yaxın qohumluq əlaqəsində olan 1 deyil, 2 iştirakçısı var və onlar da iddia edildiyi kimi, azyaşlılar deyil, artıq həddi-buluğa çatmış yeniyetmələrdir. Cəlilabad və Biləsuvar rayonlarında yaşayan 15 və 16 yaşlı iki yeniyetmə qabaqcadan cinayət əlaqəsinə girərək cari il aprelin 21-dən 22-nə keçən gecə Biləsuvarın Bəydili kəndində yaşayan Zemfira Xanışovaya məxsus ərzaq mağazasına tavandan qanunsuz olaraq daxil olub və oradan təqribən 782 manat dəyərində müxtəlif ərzaq məhsulları oğurlayıblar. Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki yeniyetmə saxlanılıb. Onlar ifadələrində oğurladıqları ərzaq məhsullarını Cəlilabad şəhərinin “İran bazarı” adlanan ərazidə tanımadıqları şəxslərə dəyərindən aşağı qiymətə satdıqlarını etiraf ediblər. Hər ikisi təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində “valideynlərin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri ilə onların Salyan və digər qonşu rayonlarda silsilə oğurluq faktları törətmələri də müəyyən edilib. İndi bir sıra KİV-lərdə guya çörəklə imtahana çəkilən, aclıqdan oğurluq törətmiş şəxs kimi canıyananlıqla müdafiə olunan hər iki yeniyetmə istintaq zamanı qaçmağa cəhd göstəriblər. Ona görə də cinayət işinin istintaqı çərçivəsində şübhəli şəxslər hadisə yerlərinə çıxarılıldığına və zərurət yarandığına görə əl qandallarından istifadə edilib. Qeyd edək ki, yeniyetmələr barədə bütün zəruri istintaq-əməliyyat tədbirləri qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə aparılır”.

Ana səhifəXəbərlərDİN uşaq olayına reaksiya verdi