DİN: Tofiq Yaqubluda patoloji hal aşkar edilməyib

Tofiq Yaqublunuin qızı Nigar Həzi “atama dəhşətli işgəncələr verilib” deyib

Source: Meydan TV


“Həbsi başa çatdıqdan sonra istənilən xəstəxanada müayinə keçə bilər”

Daxili İşlər Nazirliyi 30 sutka inzibati həbs cəzası alan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində patoloji hal aşkar edilməməsi haqda açıqlama yayıb.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəsmisi Ehsan Zahidov Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin və qızı Nigar Həzinin açıqlamalarından sonra danışıb.

Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu özünü pis hiss etməsi və həkimə ehtiyacı olması ilə bağlı müraciət edib. Nəticədə mövcud təlimatın tələblərinə görə, inzibati həbsdə olan və həkimin köməyinə ehtiyacı olan şəxslər Daxili İşlər Nazirliyinin Hospitalına aparılır və orada müayinədən keçirilirlər.

Ehsan Zahidov Tofiq Yaqublunun oktyabrın 21-də DİN-in Hospitalına aparıldığını qeyd edib:

“Tofiq Yaqublu orada bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb”.

Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinədən keçə bilər.

Tofiq Yaqublunuin qızı Nigar Həzi “atama dəhşətli işgəncələr verilib” deyib:

“Əli arxadan qandallanaraq ağzı üstə yerə yıxıb, bir saat döyüblər. Çoxlu yumruq, təpik vurublar. Başında gözlə görüləcək qədər şişlər var. Sağ qolunu qaldıra bilmir. Mayın 28-də polis zorakılığına məruz qalanda xəsarət almışdı və həmin gündən bu yana qolunda bərk ağrı var idi. Çox halsızdır. Döyərkən ondan səhv etdiyini deməsini tələb ediblər. Çox güman ki, Əli Kərimliyə etdikləri kimi onun da döyülməsini kameraya çəkiblər. Bu qədər şiddətdən sonra onu kamerada saxlamaq vandallıqdır. Təcili olaraq Müalicə Müəssəsinə köçürülməlidir. Bu şəraitdə ağrıları keçməyəcək. Həkim nəzarətində olmalıdır. Əgər atama bir şey olsa bunun məsuliyyəti İlham Əliyevin üzərindədir”.

Tofiq Yaqublu ilə oktyabrın 21-də görüşən vəkili Nemət Kərimli də ona işgəncə verildiyini söyləyib:

“Sifətində və başında şişlər var, yerişində çətinliklər sezilir. Sol qabırğasında möhkəm ağrılar hiss edir. Sol gözünün altında qaraltı var. Onu Nəsimi Rayon Polis İdarəsində döyüblər. Tofiq bəy deyirdi ki, ona 3-4 nəfər işgəncə verib”.


Tofiq Yaqublu

oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının metronun “28 may” stansiyasının önündə təyin edilən mitinq zamanı həbs olunub. O, 30 sutka inzibati həbs cəzası alıb.

Ana səhifəSiyasətDİN: Tofiq Yaqubluda patoloji hal aşkar edilməyib