“Xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib”
“Instagram” sosial şəbəkəsi və “Telegram” mesajlaşma platformalarında yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlandığı bildirilir.
Daxili İşlər Nazirliyindən bu barədə məlumat verilib.
Məlumatda son zamanlar müasir texnologiyalardan, vasitələrdən istifadə ilə bir sıra cinayət əməli törədildiyi bildirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi də bunlardan biridir.
“İnternet resurslarında aparılan araşdırmalar nəticəsində məlum olub ki, sosial şəbəkələrdə bir sıra səhifələr narkotik satışı həyata keçirir. Xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib”.
DİN bildirir ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirib:
“Səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır. Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar”.
Saxlanılanlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb.
“Onlar narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar. Aşkar olunan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir”.
Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərərək bildirir ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür.
“Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin”.