DİN sorğuya cavab verdi: Meydan TV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulmayıb

Sərhəd Xidmətinin mayoru sorğunu şifahi şəkildə cavablandıraraq, məhdudiyyət qoyulduğunu etiraf edib

Source:


Sərhəd Xidmətinin mayoru sorğunu şifahi şəkildə cavablandıraraq, məhdudiyyət qoyulduğunu etiraf edib

İyunun 30-da Meydan TV-nin 4 əməkdaşı – Aytən Ələkbərova (Fərhadova), Şirin Abbasov, Elnur Muxtarov və Natiq Cavadlı Gürcüstana gedərkən Böyük Kəsik stansiyasında saxlanılıblar. Onların ölkədən çıxışlarına qadağa qoyulduğu bildirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmiləri jurnalistlərə qadağanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qoyulduğunu və heç bir izahat verməyəcəklərini deyərək, DİN-ə müraciət etmələrini tövsiyə ediblər.

İyulun 1-də jurnalist Natiq Cavadlı daxili işlər naziri Ramil Usubova sorğu göndərib. Jurnalistin müraciətinə 2 həftə sonra cavab verilib. DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyevin cavab məktubunda bildirilib: “Sizin DİN tərəfindən ölkədən çıxışınıza heç bir məhdudiyyət qoyulmayıb. Sərhəddən qaytarılmağınızla bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) müraciət etməyiniz tövsiyə olunur”.

Elə həmin gün jurnalist DSX-yə müraciət edib.

Eyni məzmunlu cavab məktubu Aytən Ələkbərovaya da göndərilib.

İyulun 24-də DSX-nin rəsmisi, mayor Salmanov Natiq Cavadlıya zəng edərək, onun ölkədən çıxışına heç bir məhdudiyyət qoyulmadığını bildirib: “Biz bu məsələni DİN-lə araşdırdıq, sizə qarşı qoyulan məhdudiyyət artıq götürülüb, iyulun 30-da ölkəni tərk edən zaman məhdudiyyət qoyulmuşdu”.

Jurnalistin “Olarmı ki, siz cavabınızı rəsmi şəkildə, məktubla verəsiniz” sualına mayor Salmanovun cavabı belə olub: “Mən rəsmi surətdə cavab məktubunu verə bilmərəm. Sizə DİN-dən cavab gəlib, qadağanı da biz yox, onlar qoyub. DSX sərhəddə icraçıdır. Əgər növbəti dəfə sizi sərhəddə saxlasalar, DİN-nin cavab məktubunu göstərə bilərsiniz. Yenə də buraxmasalar, məhkəməyə müraciət edə bilərsiniz”.

Yaranmış durumu Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli deyir ki, əgər jurnalistlərin ölkədən çıxışına qadağa qoyulubsa, həmin sənədin surəti onlara təqdim olunmalıydı: “Konstitusiyaya görə, hüquq və azadlıqlar yalnız qanunla məhdudlaşdığı üçün hər hansı akt, yaxud məhkəmə qərarı olmalıdır. Məhkəmə qərarı olmadan vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilməz. Əgər istintaq vardısa, DİN məhkəmə vasitəsilə çıxışa qadağa qoymalıydı və bu qərarın surəti vətəndaşa da verilməliydi ki, o, özünün hüququnun bərpa olunması uğrunda mübarizə apara bilsin”.

Hüquqşünas ehtimal edir ki, Meydan TV-nin əməkdaşlarının sərhəddə saxlanılması üçün şifahi qərar olub: “Əgər məhkəmə qərarı olsaydı, bu, jurnalistlərə təqdim olunmalıydı və ümumiyyətlə, jurnalistlər də bunu tələb etməliydi. Sənəd verilməsəydi, məhkəməyə müraciət etməliydiniz. Söhbət vətəndaşların hüquq və azadlıqların məhdudlaşmasından gedir”.

DSX rəsmisi mayor Salmanovun telefon zəngilə cavab verməsinə gəldikdə, Ələsgər Məmmədli bildirdi ki, “Vətəndaşların müraciətinə baxılması” haqqında qanunda göstərilir ki, vətəndaşların dövlət orqanlarına müraciətinə 15 gün müddətinə cavab verilməlidir, istisna hallarda 1 ay müddətində: “İndiki halda DSX rəsmisi jurnalistə yazılı cavab verməliydi. Əgər 15 gün müddətində cavab verə bilməyəcəkdilərsə, 1 aya cavab verəcəkləri barədə vətəndaşı məlumatlandırılmalıydılar. Qanuna görə, bu, onların öhdəliyidir”.

Ə.Məmmədli hesab edir ki, hər bir halda Konstitusiyaya görə vətəndaşın pozulan hüquqlarının məhkəmə qaydası ilə araşdırılması və bərpası mümkündür. Ona görə jurnalist Konstutusiyaya  və Helsinki İnsan hüquq və azadlıqları Aktına istinad edərək, məhkəmə qaydasında DSX-nin maddi və mənəvi məsuliyyətini qoya bilər: “Telefonla zəng etmək jurnalistin nəyə görə saxlanılmasının sənədi deyil. Yəni jurnalistə konkret sənəd göstərilməliydi ki, hansısa rayon məhkəməsi istintaq orqanının dəlili əsasında çıxışına qadağa qoyub. DSX məhkəmə qərarı olmadan hansısa şifahi göstərişlə kimlərinsə ölkədən çıxışını məhdudlaşdıra bilməz. Bu baxımdan jurnalistlər məhkəmə qaydası ilə DSX-dən təzminat və Böyük Kəsik stansiyasında iyunun 30-da növbətçi olan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etməlidir. Çünki DİN-in konkret cavab məktubu var ki, onlar qadağa qoymayıb və DSX rəsmisinin telefonla cavabı da şifahidir. Gərək, qadağanın surəti jurnalistə təqdim ediləydi. DİN yalnız məhkəmənin hökmü ilə qadağa qoya bilər və bu barədə vətəndaş məlumatlandırılmalıdır”.


Natiq Cavadlı deyir ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyi düşünür. Əgər DSX qanunla göstərilən müddətdə jurnalistin sorğusunu cavablandırmazsa, o, bu addımı atacaq.

Ana səhifəXəbərlərDİN sorğuya cavab verdi: Meydan TV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulmayıb