“Onun saxlanılması qanunamüvafiq qaydada həyata keçirilib”
“Səsləndirilən iddiaların tam əksinə olaraq Elmir Abbasov saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, işgəncə və ya təhqiredici hərəkətlər olmayıb”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hazırda inzibati həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasovun dediklərinə münasibət bildirib.
DİN rəsmisi “Qafqazinfo”ya deyib ki, gənc fəalın saxlanılması qanunamüvafiq qaydada həyata keçirilib.
Elmir Abbasovun narkotik ittihamıyla 1 ay inzibati həbs cəzası alıb. Apelyasiya məhkəməsi də onun şikayətini təmin etməyib. Elmir Abbasov məhkəmədə necə tutulması, polislər tərəfindən döyülməsi və cibinə narkotik atılmasından
danışıb
. O bildirib ki, cibinə narkotik Sumqayıt Şəhəri 4-cü Polis Bölməsinin qarşısında polis ona zor tətbiq edərkən atılıb. O, bölmədə kamera qarşısında cibindən narkotik maddə tapılanda da ona məxsus olmadığını deyib.
NİDA-dan Meydan TV-yə bildirilib ki, Elmir Abbasovun həbsilə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək.
1994-cü il təvəllüdlü Elmir Abbasov fevralın 19-da saat 16 radələrində saxlanılıb. Ertəsi gün isə Sumqayıt Şəhər Məhkəməsində haqqında 1 aylıq həbs qərarı çıxarılıb.
Gənc fəalın həbsindən iki gün əvvəlki son paylaşımlarından biri belə olub:
“Azərbaycan xalqı həqiqəti bilir, amma onu demir. Xalq bilir ki, ölkədə baş verən milyardlıq korrupsiya faktlarının əsl səbəbkarı İlham Əliyevdir. Nazirlər, məmurlar isə sadəcə bu işin kiçik payçılarıdır. Elə şey olar ki, dövlət büdcəsindən milyardlar silinsin və dövlətin başında dayanan şəxsin bundan xəbəri olmasın? Əlbəttə ki, xəbəri var və bundan öz qazancı da var. Yaxşı, xalq bunu bilir bəs niyə demir?
Çünki xalq İlham Əliyevdən qorxur. Daha dəqiq desək, İlham Əliyevə qarşı çıxacaqsa, itirəcəyi şeylərə görə qorxur. İşini, ətrafını, azadlığını, həyatını itirməkdən qorxur. Ən pisi isə özünə siyasətçi deyənlərin də belə olmasıdır. Nəticədə qorxaq siyasətçi / vətəndaş qorxaqlığı xalqa təbliğ edir və xalq da siyasətə qorxaq yanaşır. Əsas fiquru deyil, sistemin piyadalarını tənqid etməklə Azərbaycan siyasətində nələrinsə dəyişəcəyinə inanmaq, qorxaqlığın gətirdiyi sadəlövhlükdür”.