DİN: Razılaşdırılmamış aksiyanın qarşısının alınması üçün bütün tədbirlər görüləcək

“Ona görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq”

Source:


"Polislə aksiyaçılar arasında baş verəcək bütün hadisələrin məsuliyyəti mitinq təşkilatçılarının üzərinə düşəcək"

Daxili İşlər Nazirliyi (DİN) Müsavat, REAL partiyaları, “D18” hərəkatı və daha bir neçə müstəqil namizədin fevralın 16-da növbədənkənar parlament seçkilərinin nəticəsinə etiraz olaraq təyin etdikləri aksiyaya münasibət bildirib.

Onlar Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binası qarşısında aksiya keçirməyi düşünürlər.

DİN-in mətbuat xidmətinin rəisi

Ehsan Zahidov

razılaşdırılmamış aksiyanın qarşısı alınacaq, deyib:

"Partiya və namizədlər mitinq keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. İcra hakimiyyəti müraciətə baxıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verib. Eyni zamanda, fevralın 14-də onlar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar. Onlara qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu nəzərlərinə çatdırılıb. Ona görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq. Qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək”.

Ehsan Zahidov vurğulayıb ki, belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək.

Fevralın 11-də Müsavat, ReAL partiyaları, “D18” təşkilatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Partiyalar 9 fevral növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntuları və seçki saxtakarlıqlarına qarşı etiraz olaraq fevralın 16-da saat 15:00-dan 17:00-dək metronun “28 May” stansiyasının qarşısında aksiya keçirmək niyyətində olduqlarını bildirmişdilər. Ancaq BŞİH müraciət edən partiyalara və namizədlərə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsindəki "Neftçi" idman klubunun təlim bazasını göstərmişdi.

Partiyalar 2 günlük müzakirələrdən sonra aksiyanı MSK-nın qarşısında keçirmək qərarı qəbul ediblər.

Bu barədə ReAL Partiyasının sədri İlqar Məmmədov fevralın 14-də açıqlama yayıb. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq hüquqlarını son bir neçə gündə kobudcasına pozub:

“Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi fevralın 16-sı saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçirəcəyik”.

Ana səhifəSiyasətDİN: Razılaşdırılmamış aksiyanın qarşısının alınması üçün bütün tədbirlər görüləcək