"Fərid Əliyev cib bıçağı ilə polisin sifət nahiyəsinə bir dəfə zərbə endirib"
Daxili İşlər Nazirliyi 30 sentyabrı tarixində Meydan TV-də “Polis başıma, bədənimə bel ilə ağır xəsarət yetirib” başlıqlı reportajına reaksiya verib.
Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Göygöl rayonunun Çaykənd kənd sakini Fərid Əliyevin Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən döyülməsi barədə yayılan iddiaları əsassızdır və böhtan xarakterlidir.
Onun sözlərinə görə, aprel 3-də Fərid Əliyev yaşadığı Çaykənd kəndində sərxoş halda ictimai yer hesab edilən küçədə həmkəndlisi, rayonun Sarısu Polis Bölməsinin sahə polis nəfəri Əlizaman Hümbətov və onun qardaşı Nemət Hümbətovla şəxsi münasibətlər zəminində əsassız yerə mübahisə edib: "Fərid Əliyev ictimai qaydanı kobud surətdə pozaraq, mübahisə zamanı həmin şəxslərin ünvanına təhqiramiz ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik edib. Daha sonra o, silah qismində istifadə etdiyi əlindəki qatlanan cib bıçağı ilə Əlizaman Hümbətovun sifət nahiyəsinə bir dəfə zərbə endirib. Eyni zamanda, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirib".
Nazirliyin rəsmisi faktla bağlı toplanan materialların araşdırılması üçün Göygöl Rayon Prokurorluğuna göndərildiyini deyib: "Prokurorluqda aparılan araşdırma zamanı polis əməkdaşı Əlizaman Hümbətovun əməllərində hər hansı cinayətin tərkib əlamətləri olmadığı üçün barələrində cinayət təqibinin başlanması rədd edilib. Fərid Əliyevin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilib".
O, hazırda faktla bağlı araşdırmaların davam etdirildiyini söyləyib.
Göygöl rayonunun Çaykənd kənd sakini Fərid Əliyev Meydan TV-yə
deyib
ki, o, özü zorakılığa məruz qalıb zərər gördüyü halda, şərlənərək təqsirləndirilən şəxsə çevrilib.
Fərid Əliyev iddia edir ki, ona qarşı zor tətbiq edənlərin polis əməkdaşı və onun yaxın qohumları olduğuna görə hüquq-mühafizə orqanları bu işi obyektiv araşdırmayıb.
Hazırda Fərid Əliyev həbsdə olmasa da, haqqında cinayət təqibinin davam etdiyini bildirib.