“Xüsusi karantin rejimində hər hansı kütləvi aksiyanın keçirilməsi hüquqi məsuliyyət yaradır”
Daxili İşlər Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar Günündə Bakıda keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı xəbərdarlıq edib.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hır hansı kütləvi aksiyaya icazə verilmir:
“Yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq Azad qadın heykəlinə kimi keçirilməsi, “8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.
Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir. Xüsusən xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər bu istiqamətdə hər hansı addım atılarsa, polis bunun qarşısını alacaq”.
Bakı Şəhər İcra Hakimiyyəti də yürüşün keçirilməsinə razılıq verməyib.
Azərbaycan feminist hərəkatı ötən il 8 Mart gününü qeyd etmək məqsədilə "8 MARŞ – Bizimdir Hürr Küçələr" şüarı altında yürüş keçirmişdi.
Təşkilatçıların sosial mediada yaydığı bəyanata əsasən, yürüşün məqsədi çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etməkdir.