Elşad Hacıyev: "18 yaşdan yuxarı şəxslərdən COVID-19 pasportları tələb olunacaq"
Oktyabrın 1-dən uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəlaiyyəti saat 00:00-dək bərpa edilir.
Ancaq qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açılama yayıb.
O bildirib ki, xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu addım atılıb.
Elşad Hacıyevin sözlərinə görə, müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər: "Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi kompyuter-oyun (PlayStation) zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər. COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır".
Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də karantin rejimin yumşaldılması haqqında qərar qəbul edib.
Qərarına əsasən, oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qoyulmuş məhdudiyyət aradan qaldırılacaq.
Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı 2020-ci il martın 24-dən karantindir. Sonuncu dəfə karantin rejimi noyabrın 1-nə qədər uzadılıb.
Sentyabrın 22-dən 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində I və IV siniflər üçün dərslər başlayıb.
Sentyabrın 29-dan isə 5-11-ci siniflər və ali məktəblər ənənəvi tədrisə
qayıdır
.