Daxili İşlər Nazirliyi “Meydan TV işi”ndəki müstəntiqlə bağlı rüşvət iddialarına münasibət bildirib
Daxili İşlər Nazirliyi turizm sahəsində çalışmış, hazırda istintaq dövründə həbsdə olan Leyla İbrahimovanın iddialarına cavab verib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, Leyla İbrahimova 60 nəfəri aldadaraq onlara maddi zərər vurub.
Xeyli miqdarda ziyan vurmaqla dələduzluq və təkrar dələduzluqda ittiham olunan Leyla İbrahimovanın barəsində bu il aprelin 25-də 1 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanılır və Meydan TV əməkdaşı ilə eyni kameranı paylaşır. Həmin əməkdaşla söhbət zamanı Leyla İbrahimova ona qarşı irəli sürülən ittihamların saxta olduğunu və Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) təzyiqə məruz qaldığını bildirib.
O, müstəntiq Fərid Şükürlü və istintaq idarəsinin rəis müavini Həbib Həbiblinin təhdid və təzyiqləri ilə üzləşdiyini də deyib.
23 yaşlı müstəntiq Fərid Şükürlü həm də Meydan TV əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvüdür.
Meydan TV yazını yayınlamazdan əvvəl Leyla İbrahimovanın iddiaları ilə bağlı DİN-dən münasibət öyrənməyə çalışsa da, göndərilən sorğu cavablandırılmayıb. Əvəzində DİN-in bu gün yayılan məlumatında Leyla İbrahimovaya qarşı açılan cinayət işinin detalları açıqlanıb.
“Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Leyla Rahib qızı İbrahimova özünü turizm xidməti göstərən “Romance Travel” şirkətinin rəhbəri kimi təqdim edib 51 nəfər zəvvarın ziyarətə getməsi üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb. Verdiyi vədlərə əməl etməyərək ümumilikdə 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir”, – DİN-nin məlumatında deyilir.
Məlumatda Leyla İbrahimovanın vətəndaşların şikayətləri əsasında həbs olunduğu bildirilir.