DİN Mehman Hüseynovu polisə böhtan atmaqda ittiham edir

Nazirlik Baş Prokurorluq qarşısında vəsatət qaldırıb

Source:


Nazirlik Baş Prokurorluq qarşısında vəsatət qaldırıb

Bloqqer Mehman Hüseynov yanvarın 12-də, saat 16.20-dən 19:30-dək prokurorluqda işgəncə faktı ilə bağlı ifadə verib. Bu barədə məlumatı onun yaxınları sosial şəbəkələrdə yayıblar.

Daxili İşlər Nazirliyi (DİN) Baş Prokurorluq qarşısında Mehman Hüseynovla bağlı vəsatət qaldırıb. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Qurumun rəsmi saytında yayımlanan məlumatda deyilir ki, Mehman Hüseynov polisi ağır cinayətdə ittiham etməklə böhtan atıb, bu səbəbdən DİN onun əməlinə hüquqi qiymət verilməsini istəyir.

Nazirliyin mətbuat xidmətindən bildirilir ki, bu il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər. Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub:

“Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci – polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Ə.Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb. Lakin M.Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.

Mehman Hüseynov açıqlamasında bir neçə polis əməkdaşının hücumuna məruz qaldığını, polis bölməsində işgəncə gördüyünü, təhqir edildiyini bildirir.

Ana səhifəXəbərlərDİN Mehman Hüseynovu polisə böhtan atmaqda ittiham edir