Gəncə sakininin iddialarına nazirlikdən münasibət bildirildi
DİN Mətbuat Xidmətinin Şəki regional qrupu Meydan TV-də dərc olunmuş “Gəncə sakini: “Yoldaşımın barmaqlarını qapı arasında qoyublar, ona ağlagəlməz işgəncələr veriblər”” adlı məqalədə səsləndirilən fikirlərə münasibət bildirib.
Gəncə şəhər sakini Polad İsmayılovun həyat yoldaşı Rumiyyə İsmayılova Meydan TV-yə deyib ki, həyat yoldaşı işgəncələr altında törətmədiyi cinayəti üzərinə götürüb. Hadisə 9 il əvvəl Zaqatala rayonunda baş verib və 2020-ci ildə Polad İsmayılov həbs olunub.
DİN-in müvafiq qurumunun məlumatında deyilir ki, Polad İsmayılovun 2011-ci ildə Zaqatala rayonunda törətdiyi qətl cinayətini işgəncə nəticəsində etiraf etməsinə və nəticədə həbs olunmasına dair səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Belə ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qeyd olunan cinayətin 9 il sonra – 2020-ci ildə Polad İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmış və o, həmin il saxlanılaraq istintaqa təhvil verilmişdir. P.İsmayılov danılmaz, əsaslı dəlillər və sübutlar qarşısında törətdiyi cinayəti etiraf etmişdir”.
Qurumdan bildirilir ki, istintaq yekunlaşdıqdan sonra hüquqi qiymət verilməsi üçün iş məhkəməyə göndərilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.İsmayılov 11 il azadlıqdan məhrum edilib.
“O ki qaldı Polad İsmayılovun Zaqatala Rayon Polis Şöbəsində işgəncələrə məruz qalmasına, bu iddialar da tamamilə əsassızdır və istintaqa, məhkəməyə təzyiq məqsədi güdür”, – DİN-in mətbuat xidməti vurğulayıb.