DİN: Hərbçiləri qətlə yetirən şəxslərdən biri zərərsizləşdirilib

“Azərbaycan hərbçilərini qətlə yetirən şəxs təslim olmayıb, hətta hərbi qulluqçulara silahlı müqavimət göstərib”

Source:


"Təslim olmayıb, hətta silahlı müqavimət göstərib"

Mayın 15-də Azərbaycan dövlət sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından birinin zərərsizləşdirildiyi bildirilir.

Bu barədə Meydan TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

O bidirib ki, əməliyyat Yardımlı rayonu ərazisində Daxili Qoşunlar və Dövlət Sərhəd Xidməti tərəfindən birgə keçirilib.

DİN rəsmisinin sözlərinə görə, iki hərbçisini öldürən şəxslər Yardımlı rayonu ərazisində dağlarda gizlənirmişlər: "Azərbaycan hərbçilərini qətlə yetirən şəxs təslim olmayıb, hətta hərbi qulluqçulara silahlı müqavimət göstərib. Bu səbəbdən zərərsizləşdirib", – Ehsan Zahidov belə deyib.


Mayın 15-də

DSX Sərhəd Qoşunları Yardımlı rayonu Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçərkən silahlı insdent baş verib.

DSX-nin yaydığı rəsmi məlumata görə, naməlum şəxslər sərhədçilərin tələblərinə tabe olmayaraq odlu silahdan atəş açıblar: "Nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar".

Əməliyyat nəticəsində saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli olması müəyyən edilib.

Olayla bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi açıb.

Bildirilib ki, hadisə yerindən narkotik vasitə hesab olunan 3840 qram marixuana və 95 qram metamfetamin, güclü təsir edən maddə olan 17715 ədəd preqabalin həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

Ana səhifəSiyasətDİN: Hərbçiləri qətlə yetirən şəxslərdən biri zərərsizləşdirilib