Din. Gənclik.Konstitusiya.

Hakimiyyət sekulyar olduğunu sübut edir

Source:


Ölkəmizdə Konstitusiyadan doğan başlıca hüquqların təmin olunmasında müvəffəqiyyətlər azdır, bu istiqamətdə çatışmazlıqlar danılmazdır. Bunun nəticəsi olaraq, bu gün Azərbaycanda onun Konstitusiyasına loyal olmayan gənc nəsil yetişməkdədir.

Hhazırda gənc nəsil ciddi iqtisadi və sosial problemlərlə qarşılaşır. Artıq uzun illərdir ki, mədəniyyət, bədən tərbiyəsi və elm sahəsində uğurlar demək olar ki, yox dərəcəsindədir. Gənclik Konstitusiyaya və onun icrasına olan inamını itirməkdə, özünütəyin böhranı ilə üzləşərək alternativ platforma axtarmaqdadır. Bu nöqteyi-nəzərdən, din – əlverişli və təkmil bir ideologiya kimi, özünü dövlətçilik ideyasına alternativ olaraq təklif edir. Bu Konstitusiya kitabımızın dini kitablarla əvəzlənməsi təhlükəsini ortaya çıxarır.

Təbii ki, bu ölkənin hər bir vətəndaşının din, etiqad azadlığı olmalıdır. İrqindən, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq, bu hüquq hər kəsə verilib. Bu, Konstitusiyamızın 18-ci və 48-ci maddələrində aydın şəkildə ifadə olunub. Dini qanunlara və adət-ənənələrə söykənən hər hansı fəaliyyət Konstitusiyaya və qanunvericiliyə zidd olmayıncaya qədər sərbəstdir.

Ümumiyyətlə, çox ortaq nöqtələri olsa da, dövlətçiliyimizin əsasında duran qanunlarla müxtəlif dini qanunlar arasında ziddiyyətlər mövcud ola bilər. Ölkəmizdə ən populyar din olan İslam dini də istisna deyildir. İslam qanunlarında və şəriət ənənələrində qadın hüquq və azadlıqları ölkədəki qanunvericiliklə uzlaşmaya bilər. Dində qadının varislik, şahidlik, ailə qurmaq və digər hüquqları daha məhdud şəkildə göstərilir. Maliyyə, iqtisadiyyat, vergi məsələlərində bir çox fərqlər var. Bəzən də, bir şəxsin müxtəlif dini ritualları həyata keçirməsi onun işinə və xidməti vəzifesinin icrasına maneə törədə bilər.

Bəs ziddiyətlər meydana çıxarsa, nə etməli? Bu dilemmada doğru seçim hansıdır?

Konstitusiyamızda da deyildiyi kimi, “dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır”. Qanunu pozan hər kəs cavabdehlik daşımalıdır. Dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən gənc dövlət məmurları, hüquq-mühafizə orqanları əməkdaşları bu mövzuda bütün hüquq pozuntularına qarşı mübarizə aparmalıdırlar. Bu baximdan, hər hansı bir dövlət qulluqçusunun Konstitusiya kitabından başqa hər hansı başqa kitaba olan loyallığı, dini aludəçiliyi absurddur.

Son illər dövlətin və onun hüquq-mühafizə orqanlarının ölkədə artan dini radikallıqla mübarizədə, dini qiyamların yatırılmasında müəyyən uğurları vardır. Dini ekstremizmə qarşı həyata keçirilən əməliyyatlar nəticə etibarilə uğurlu olsa da, bütün bunların ictimaiyyətə çatdırılmasında axsamalar mövcuddur. Media və digər kommunikasiya vasitələrindən effektiv şəkildə istifadə olunaraq görülən işlərin vacibliyi barəsində ictimaiyyətin inandırılması çox önəmlidir. Bununla belə, iqtidar özünün sekulyar və dünyəvi olmasını acıq şəkildə ortaya qoyur.

Bundan fərqli olaraq, bir çox müxalifət qüvvələri isə dindarların narazılığından istifadə edərək hakimiyyətə təzyiq göstərməkdə maraqlı görünürlər. Bu, qəbuledilməzdir. Hakimiyyətə iddialı olan hər hansı bir qüvvə ölkənin konstitusional dəyərlərinə tam sadiq olduqlarını bəyan etməli və dini ekstremizmə qarşı birmənalı mövqe bildirməlidirlər.

Ölkəmizin gəncliyinin dini qanunlara üstünlük verməsinin qarşısını almaq üçün ölkədəki istər iqtidar, istər müxalifət, istər bitərəflər bu məsələyə layiq olduğu diqqəti göstərməlidirlər. Düzgün sosial, elmi və mədəni siyasətin köməyi ilə gənclərdə bu meyilliyi azaltmaq mümkündür.

Din daha çox milli folklorun bir növü kimi fəaliyyət göstərməli, dövlət idarəçiliyindən uzaq tutulmalıdır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDin. Gənclik.Konstitusiya.