DİN azyaşlıları Şəhidlər Xiyabanına buraxmır?

Şəhidlər Xiyabanı. Foto: Azərtac

Daxili İşlər Nazirliyi: “Azyaşlıların dini rituallara, mərasimlərə cəlb edilməsi, aparılması qanunla qadağandır”

Daxili İşlər Nazirliyi 20 Yanvar Ümumilli Hüzn Günü Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadəni və yanındakı uşaqları niyə Şəhidlər Xiyabanına buraxmamalarına aydınlıq gətirib.

Bugünlərdə Leyla İsmayılzadə Meydan TV-yə açıqlamasında bildirmişdi ki, yanvarın 20-də uşaqlarıyla birlikdə Şəhidlər Xiyabanını ziyarət etmək istəsələr də, polislər buna imkan verməyib. Dediyinə görə, ziyarətə gedərkən metronun “Elmlər Akademiyası” stansiyasının içində mülki geyimli polislər onun və yanında olan 7 uşağın qarşısını kəsib. Ardından sənəd yoxlamaq adıyla təxminən saat yarım metrostansiyanın içindəki kiçik otaqda saxlandıqlarını deyən Leyla İsmayılzadənin sözlərinə görə, sonra polislər onları məcburi şəkildə maşına mindirib, evlərinə qaytarıblar.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və həyat yoldaşı Leyla İsmayılzadə
Meydan.TV

Uşaqlardan 4-ü Taleh Bağırzadənin övladları, biri 2015-ci ilin noyabrında Nardaran hadisəsində öldürülən Rəfael Bünyadovun oğlu, biri həmin hadisədə onurğasından güllələnən və 8 ildən çoxdur yataq xəstəsi olan Əbülfəz Bünyadovun oğlu, biri də hazırda həbsdə olan başqa bir dini inanclı fəal Mail Kərimovun oğlu olub.

“Onların özlərinə də dedim ki, nəyə lazımdır bu biabırçılıq? Bu, həm də şəhidlərə olan münasibətin göstəricisidir. Uşaqlar Şəhidlər Xiyabanını ziyarət edəndə nə olacaqdı?”, – Leyla İsmayılzadə Meydan TV-yə belə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, azyaşlıların dini rituallara, mərasimlərə cəlb edilməsi, aparılması qanunla qadağandır. Onun sözlərinə görə, belə hallar aşkarlananda qarşısı alınır.

Daxili İşlər Nazirliyi. Foto: DİN

Çünki bu hərəkət hüquq pozuntusudur. Bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına yol verilir. Dini, psixoloji və hüquqi cəhətdən uşaqların həmin mərasimlərdə iştirakı qəbuledilməzdir. Dünyagörüşü, düşüncəsi hələ formalaşmayan uşaqların dini rituallı mərasimlərə təşviqi yolverilməzdir. Ona görə də xanımın bu təşəbbüsünün qarşısı alınıb”, – Zeyni Hüseynov əlavə edib.

DİN-in mətbuat xidmətindən Şəhidlər Xiyabanına gətirilən digər azyaşlılarla bağlı hansı tədbir görüldüyü açıqlanmayıb. Ümumiyyətlə, indiyədək ictimaiyyətə bu barədə hər hansı məlumat verilməyib.

Ana səhifəSiyasətDİN azyaşlıları Şəhidlər Xiyabanına buraxmır?