Faktla bağlı cinayət işi açılıb
Gəncə və Mingəçevir şəhərlərində ali təhsil müəssisələrinə keçirilən dövlət imtahanı zamanı yol verilmiş qanun pozuntusu halları ilə bağlı cinayət işi açılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə araşdırma aparılıb və bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.
İlkin araşdırmalar zamanı müəyyənləşib ki, Gəncə və Mingəçevir şəhərləri üzrə ali və orta təhsil müəssisələrinin əməkdaşları müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin abituriyentlərin yerinə imtahanda iştirakını təşkil etməyə cəhd ediblər. Bununla bağlı əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 29, 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.