DİM sədri xəbərdarlıq edib: “İxtisas seçimini başqalarına həvalə etmək olmaz”

Foto: report.az

“Qəbul ola bilməyənlərə “gəlin, sizi attestatla xaricdə təhsil almağa göndərək” deyirlər”

“Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan etdikləri reklamlar görürük. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib. O bildirib ki, həmin şəxslər heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər:

“Belə insanlara etibar etmək olarmı? Hətta burda qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir”.

DİM sədri deyib ki, təhsil ekspertlərinin bu sahədə ən azı 10-15 il iş təcrübəsi olmalıdır:

“Təhsil eksperti təhsil sahəsində fəaliyyət göstərməlidir. 5 il məktəbdə işləyibsə, bu sahədə elmi məqalələri yoxdursa, elmi konfranslarda çıxış etməyibsə, özünü təhsil eksperti kimi təqdim edə bilməz. Yalnız özü özünü təhsil eksperti adlandırır. Mən də özümü metallurgiya üzrə ekspert kimi təqdim edim. Bu, gülməli səslənəcək, çünki mən ömrümdə metallurgiya ilə məşğul olmamışam. Mən özümü belə təqdim etməklə ekspertə çevrilmirəm axı, məsələ ondadır. Müəyyən sahələr var ki, orada özlərini kiçik biznes quran şəxslər kimi elan etsəydilər, daha düzgün olardı”.

Məleykə Abbaszadə deyir ki, statistikanı DİM-in saytında təqdim edirlər. Eyni zamanda təhlilini də verirlər:

“Bu məlumat açıqdır, istənilən şəxs ondan istifadə edə bilər. Lazım deyil ki, onlar saytımızda elan elədiyimizi öz adlarından versinlər”.

Avqustun 16-dan Azərbaycanda universitetlərə ixtisas seçimləri başlanıb.
Universitetlərə qəbul üçün 51 881 yer ayrılıb.
Bu il tələbə olmaq istəyənlərin sayı da artıb.

Məleykə Abaszadənin sözlərinə görə, bütün qruplar üzrə ərizə verənlərin sayı ötən il ümumilikdə 78 min 622 olub, bu il isə 99 min 533 nəfərdir. Say 20 min 911 nəfər artıb.

DİM rəhbəri həmçinin deyib ki, I qrupda kompüter elmləri, mühəndisliyi və informasiya texnologiyaları ixtisaslarında çox yüksək keçid ballarının olacağı gözlənilir.

“Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bu da o deməkdir ki, ixtisaslarda keçid balları artacaq”, – deyə DİM sədri vurğulayıb.

İxtisas seçimləri avqustun 28-dək davam edəcək.

Ana səhifəSosialDİM sədri xəbərdarlıq edib: “İxtisas seçimini başqalarına həvalə etmək olmaz”