DİM ali məktəblərə qəbul proqramında dəyişiklik etdi

Foto: Dövlət İmtahan Mərkəzi

Proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul proqramında dəyişiklik edib.

Mərkəzin saytında yerləşdirilən məlumata görə, yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.

Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.

Yeni bölgüyə əsasən, Azərbaycanda – Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən 14 iqtisadi rayon yaradılıb.

DİM-in məlumatında bildirilir ki, Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb.

Bildirilir ki, proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

Ana səhifəSosialDİM ali məktəblərə qəbul proqramında dəyişiklik etdi