Dilqəm doktor

Rafiq Tağı bıçaqlananda mənə elə gəldi ki, Azərbaycan ədəbiyyatının yox, Azərbaycan tibbinin vicdanı bıçaqlandı

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Rafiq Tağı bıçaqlananda mənə elə gəldi ki, Azərbaycan ədəbiyyatının yox, Azərbaycan tibbinin vicdanı bıçaqlandı. Mənə elə gəldi ki, xəstəsindən pul güdməyən, ona gəlir mənbəyi kimi baxmayan, kasıb xəstəyə öz pulu ilə dərman, qadın xəstəyə çiçək, yoxsul xəstəsinə ərzaq alıb aparan son həkim öldü və bizim daha heç vaxt tibbin vicdanı, tibbin şərəfli üzü kimi görə və göstərə biləcəyimiz həkim olmayacaq. Biz o vaxt sanki ölkədə bu adı misilsiz bir şərəflə daşıyan son Doktoru dəfn etdik və həm öz sağlamlığımızı, həm xəstə ata-analarımızı, zəif övladlarımızı həkim deyil, xəstə biznesmenlerinə təslim etdik.

Vacib bir qeyd edim, çox yəqin ki, ölkənin harasındasa bizim bu qənaətimizlə də, öz qəssab həmkarlarl ilə də mübarizə aparan dürüst və vicdanlı həkimlər vardı.

Tale elə gətirib ki, ağlım kəsəndən işimin yarısı xəstə yaxınlarıma qulluq etmək olub. Həkim yanına aparmaq, dərmanlar axtarmaq, əməliyyat günlərini danışmaq, gecələr xəstələrin ayaqlarının yanında yatıb, onların qayğısına qalmaq… Babalarım, xalam, qardaşım, atam, qardaşım uşaqları, indi də anam. Bu illər ərzində nə qədər həkim, tibb işçisini tanımışam, nə üzlər, nə hoqqalar, xəstədən pul qoparmaq üçün nə yollara əl atmaqlarını görmüşəm.

Azərbaycan tibbinə, Azərbaycan həkiminə bütün inamımın öldüyü, həkimdən qorxmağa başladığım vaxtlarda Dilgəm doktoru tanıdım. Onu əvvəl şəxsən yox, körpə, balaca, böyük uşaqları olan valideynlərin söhbətlərindən tanımışdım. Yarızarafat-yarıgerçək valideynlər danışırdı ki, uşaq xəstələnəndə Dilqəmi çağırırıq. Gəlir, müayinə edir, dərman verir, oturub gözləyir, uşaq sağalana qədər bəzən onu ayaqlarının üstündə yelləyib yatırır ki, yuxusuz ana bir az yata bilsin. Özü də heç vaxt pul istəmir, cibinə qoyanda etiraz edir. Ən əsası, balaca xəstələrini sevir.

Yalnız onu şəxsən tanıyandan sonra anladım ki, bu söhbətlərdə zarafat payı demək olar ki sıfıra bərabərmiş. Bunu Almaniyaya təhsil almağa gəlmiş Doktor yeni doğulmuş oğlumu müayinə edəndə, çimizdirəndə, gecə saat 3-də belə nararat edib, çağırdığımızda atılıb gələndə gördüm. Dilqəmin həkim kimi öz peşəsinə duyduğu ehtiramın böyüklüyünü ona bir neçə ölkə bu yandan sifariş verib, Azərbaycanda xəstə uşaq üstünə getməsini istəyəndə, onun bircə dəfə də olsun, işim var, ya sonra gedərəm, ya başqa yerdəyəm deməyib, o dəqiqə xəstənin yanına qaçmasında gördüm.

Əlbəttə, kimsə haqlı olaraq soruşa bilər ki, çörəkçi pulsuz çörək vermirsə, dərzi pulsuz paltar, bənna pulsuz ev tikmirsə, onda həkim niyə pulsuz müalicə etməlidir. Yox, pulsuz etməməlidir. Hamı kimi, həkim də öz zəhmətinin haqqını almalıdır. Necə ki, cibində pulu olan adam dükandan ərzaq, sobadan çörək, qəssabdan ət alanda, pulunu ödəyirsə, həkimin də pulunu ödəməlidir. Normal ölkədə, normal güzəranı olan adam.

Amma biz hansı ölkədə yaşayırıq axı? Biz elə bir ölkədə yaşayırıq ki, sadə, zəhmətkeş, kasıb insan bütün zirəklər tərəfindən tərk edilib. Zirək, pul qazana bilən insanlar vicdanı olduğu üçün uğurlu və varlı ola bilməyənlərin qanını sorur. Qanı, biləklərindəki gücü sorulan bu ac insan heç kimin vecinə deyil. Nə hökumətin, nə iş adamının, nə ziyalının..Vicdanı, ağlı və bir az bacarığı olan, əlindən nəsə iş gələn insanlar isə heç nə edə bilmir, bu sistemi dəyişməyə gücü çatmır.

Belə yerdə vicdanı olan, əlindən iş gələn adamların peşə borcu həm də onların vətəndaşlıq borcuna çevrilir. Sən Avropada bir klinikada həkimsənsə, pulu və sığortası olmayan adamı müalicə etməkdən rahat vicdanla imtina edə bilərsən. Çünki yüzlərlə QHT, qurum, fond tapılacaq ki, həmin adamın müalicəsini öz üzərinə götürsün. Azərbaycanda isə o adam ən yaxşı halda mətbuata çıxıb, hansısa nazirdən kömək istəyəcək və müalicədən sonra özünü ömürlük o nazirə minnətdar biləcək. Ən pis halda isə öləcək.

Eyni şey ac qalanları, eyni şey evsiz qalanları gözləyir. Buna görə də, bizim kimi ölkələrdə vicdanlı həkim bəzən pulsuz müalicə etməyə hazır olmalıdır.

Necə ki Dilqəm edir. Mənə elə gəlir ki, Dilqəm həkim kimi təmənnasız xəstə müalicə etməyi ilə öz etiraz aksiyasını keçirir. Total korrupsiya içində batan səhiyyə sisteminə, qəsdən yanlış diaqnoz qoyub xəstəni biznesə çevirən işbazlara, xarici şirkətlərdən tərkibi saxta dərman gətizdirən əczaçılara qarşı təkadamlıq aksiyadır onun elədiyi. O, bizim uşaqlarımızı sağaltmaqla, uşaqlarımızın sağlamlığını qorumaqla bizim gələciyimizi sağaldır.

Və nədənsə mənə elə gəlir ki, Dilqəm doktorun müalicə elədiyi, onun əli dəyən uşaqlar gələcəkdə vicdansız adam ola bilməzlər.

Ana səhifəMənim FikrimcəDilqəm doktor