Dillər Universitetinin tələbələri etiraz edir (yenilənib)

”Universitet rəhbərliyi müqavilədən kənar imtahan keçirmək istəyir”

Source:


***



13.42.

Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev tələbələrin narazılığına aydınlıq gətirib.


ADU-nun rektoru Əfqan Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib.


Onun sözlərinə görə, bununla bağlı ötən ildən ali məktəbin şurası tərəfindən müvafiq qərar verilib. Rektor qeyd edib ki, tələbələr bu vaxta kimi ali məktəbi bitirəndə, yalnız 1,5 səhifə hesabat yazıblar:


“Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm. 2016-cı ilin 20 iyul tarixində isə Azərbaycan Dillər Universitetinin Elmi şurasının 68 nömrəli qərarı olub ki, 2016/2017-ci tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunsun”.


Rektor qeyd edib ki, Azərbaycanda 52 universitetdə dövlət imtahanı – yekun buraxılış dövlət attestasiyası keçirilir. Bunun da 2 forması var – yazılı dövlət imtahanı və buraxılış işi.


“Burada qeyri-adi heç nə yoxdur. Dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na və Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir. Buraxılış işini orta müvəffəqiyyət göstəricisi 91-dən yuxarı olan tələbələr yazır. Onların da sayı 92 nəfərdir. Hazırda narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir. Dövlət imtahanı isə əsasnaməyə uyğun olaraq ixtisas fənlərindən verilir. Bu da ixtisaslar üzrə 4-5-6 fənn ola bilər”, – deyə o vurğulayıb.


Rektor qeyd edib ki, bu gün Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək. Onun sözlərinə görə, dövlət imtahanı ləğv olunsa, ona da əməl ediləcək:


“Bu məsələ ilə bağlı nazirlik tərəfindən hansı qərar verilirsə, onu yerinə yetiririk”.

(embedded content removed)


***


”Universitet rəhbərliyi müqavilədən kənar imtahan keçirmək istəyir”

Azərbaycan Dillər Universitetinin tələbələri “İmtahana yox” şüarı ilə aksiya keçirirlər.

200-ə yazın tələbə universitetin həyətində toplanıb. Etirazları universitet rəhbərliyinin dövlət imtahanı keçirməsi istəyinədir.

Bildirirlər ki, dövlət imtahanı əvvəlki rektor Səməd Seyidov tərəfindən ləğv edilmişdi və onlar universitetə qəbul olanda imzaladıqları müqavilədə belə bir tələb olmayıb:

“Bizə 4 il ərzində dövlət imtahanı verəcəyimizlə bağlı məlumat verən olmayıb. Ən əsası, Təhsil Nazirliyi və Elmi Şuranın əmri ilə qəbul olunduğu deyilən bu qərarın bu il qəbul olunmasını əsassız hesab edirik. Biz buna etiraz edirik. Tələbələr adından qərarın ləğvi barədə yenidən düşünülməsini və ən azından bu ilin tələbələrinə güzəşt olmasını tələb edirik!”, – deyə etiraz edən tələbələr bildirirlər.

(embedded content removed)

Universitet rəhbərliyi isə tələbələri akt zalına dəvət edir. Qərarı orada birlikdə müzakirə etməyə çağırır. Müəllimlər bildirirlər ki, bu qərarı özbaşına qəbul etməyiblər:

“Hər bir universitetin qayda-qanunu var. Biz imtahan qərarını havadan verməmişik, olmalıdır. Gəlin akt zalında müzakirə edək. Təkliflərimizi səsləndirək”.

Tələbələr isə rəhbərliyin bu təklifini qəbul etmir, bu addımın onların “səslərini kəsməyə” hesablandığını deyirlər:

“O akt zalda bizim səsimiz həmişə boğulub. Biz gəlmirik. Nə sözünüz varsa burada, jurnalistlərin qarşısında söyləyin. Bilirik, çağırıb hamımızı evə yola salacaqsınız”.

Universitetin önündəki aksiya davam edir.

(embedded content removed)

Ana səhifəXəbərlərDillər Universitetinin tələbələri etiraz edir (yenilənib)