“Dilənən uşaqlara ən böyük yardım polis çağırmaqdır”

“Qanunda nəzərdə tutulur ki, uşaq doğulduğu andan 30 gün müddətində valideynlər doğum haqqında şəhadətnamə almaq üçün müraciət etməlidirlər”

Source: Specify Source


Bu gün Beynəlxalq Romanlar Günüdür

Onlar Bakının hər yerindədirlər – metonun “20 Yanvar” stansiyasına enən pilləkənlərdə, “Əhmədli” stansiyasının çıxışında, “Koroğlu”dakı “manatlıq taksilərin” dayandığı körpünün altında…

Biri tütək çalır, digəri salfet satır, başqa birisi anasının xəstə olduğunu deyir. Alqış, yalvarış dolu sözlərlə dilənənlər də az deyil. Ətrafdakı polislər onların uşaq olduğunu sanki görmür, hətta bəziləri onlara “nəzir” verib, keçirlər.


– Balaca niyə dilənirsən? Sənin anan, atan hardadır?


– Anam yoxdu, xəstədir, Allah yolunda kömək elə.

Uzaqdan bir neçə roman əsilli dilənçi qadın yaxınlaşaraq uşaqdan nə istəyimizi soruşur. “Uşağı kim diləndirir”, – deyə soruşduqda sualı eşitməzliyə vurub dilənməyə davam edirlər. Öz aralarında, anlamadığımız dildə danışırlar.


-Siz hansı dildə danışırsınız?


-Kürd dilində danışırıq. Kürdük.

Uşaq dilənməyə davam edir. Qadınlar isə öz aralarında danışa-danışa uzaqlaşırlar.

… “Koroğlu” metrostansiyası ətrafında, yağışın altında ayaqyalın dilənən uşaqlar gülümsəyir. Kənardan çox xoşbəxt görünürlər. Sanki nə soyuq, küləkli hava, nə də yağış onların kefini pozur. İki azyaşlı roman əsilli oğlan uşağı yaşlı bir qadının arxasıyca düşüb gülə-gülə pul istəyir. Qadın isə uşaqları təhqir edir, “sırtığın biri, sırtıq, get başqa yerdə dilən, əl çək məndən”, – deyir.

Ərafda olan polislər bunu müşahidə edir, polisin biri gülərək deyir ki, onları diləndirən yoxdur:

“Dilənmək qaraçıların peşəsidir”.

“Qaraçı” kimi təqdim olunanlar romanlardır. Əsasən köçəri həyat yaşayan bu insanlar dünyanın hər yerində var.


“8 aprel Beynəlxalq Romanlar Günüdür”

8 aprel Beynəlxalq Romanlar Günüdür. Bu gün romanların mədəniyyətini qeyd etmək və onların üzləşdikləri mövzulara dair məlumatlılığı artırmaq məqsədi daşıyır. Romanlar Günü 8 aprel 1971-ci ildə, roman nümayəndələrinin ilk böyük beynəlxalq toplantısı şərəfinə, London yaxınlığındakı Çelsfilddə elan edilib.

Tarixi mənbələrə görə, romanlar indiki Hindistan, Pakistan və Əfqanistan ərazisindən 11-ci əsrdə İran və Anadoluya köçən etnik azlıqdır. Rəvayətlərə görə, romanlar XV əsrdə İstanbulun fəthi zamanı Avropaya daxil olublar.

Bəzi iddialara əsasən isə Azərbaycanda onlara “qaraçı” deyilməsinin səbəbi təhqir deyil. Pakistanın Karaçi bölgəsindən gələn romanlara zaman içində “qaraçı” deyilməyə başlanılıb.

image (1).png
Romanlar Günü 8 aprel 1971-ci ildə London yaxınlığındakı Çelsfilddə elan edilib


“Dırnaqarası məmurlar uşaqların diləndirilməsinə biganə yanaşır”

“Uşaqların diləndirilməsini cinayət olaraq qiymətləndirirsiniz? Yolda dilənən uşaqları görmüsünüz? Görəndə nə etmisiniz? Pul verib keçmisiniz, elədir? Bu cinayəti görərkən hansı polisə yaxınlaşmısınız? Heç birinə. Deməli, siz özünüz cinayətə şərait yaratmısınız. Küçədə dilənən, səfil həyat sürən uşaqları çox vaxt bu işə valideynləri və ya “himayədarları” məcbur edir. Bu, uşağa qarşı cinayətdir”, – deyə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə deyib.

“Biz artıq illərdir ki, insanları maarifləndirməyə çalışırıq. Vətəndaş cəmiyyəti olaraq çalışırıq insanları başa salaq ki, dilənən uşaqlara yazığınız gəldiyi üçün 5-10 qəpik, 1 manatı vermək əvəzinə, yerindəcə hüquq-mühafizə orqanlarına müraciət edin ki, burada belə bir fakt var. Onlar uşağı gəlib aparırlar, icra hakimiyyəti uşağın yerini müəyyən edir, valideynləri ilə söhbətlər aparılır. İlkin mərhələdə profilaktik söhbət aparılır. Buna səbəb uşağın adətən valideyninə qarşı ifadə verməməsi olur. Yaşı bir az çox olan uşaqlar isə etiraf edə bilirlər. Bu zaman uşaq sığınacağa yerləşdirilir. Valideyn isə məsuliyyətə cəlb olunur”, – Kəmalə Ağazadə diləndirilən uşaqlar aşkarlandıqda başlayan hüquqi prosedur haqqında danışıb.

Təşkilat sədri məmurların qanuna məhəl qoymayaraq vətəndaşlar arasında ayrı-seçkilik etməsindən narahatdır. O düşünür ki, roman əsilli uşaqları digər uşaqlardan ayıran heç bir səbəb yoxdur. Sığınacaqdakı roman mənşəli uşaqlar digərləri kimi çox yaxşı təhsil alırlar:

“Roman qrupundan olan insanların vəziyyəti ağırdır. Onlar dilənçiliyin öz həyat tərzləri olduğunu deyirlər. Təəssüf ki, dırnaqarası məmurlar da bu həyat tərzini qanundan üstün tutaraq uşaqların diləndirilməsinə biganə yanaşırlar. Hazırda qanunların hər kəs üçün bərabər işləməsi uğrunda mübarizə aparırıq. Təkcə bizim sığınacaqda 78 roman əsilli uşaq var. Onlara baxanda bilmək olmur ki, bu uşaqlar roman əsillidir, nə vaxtsa qaraçı olub. Bir çoxu məktəbdə əlaçıdır. Sığınacaqda olan uşaqların valideynləri cəzalandırılıb. 2019-cu ildə bir roman əsilli 13 yaşlı uşaq sığınacağımıza gətirildi. Onu diləndirən qohumları var idi. O şəxslər 8 ilə qədər iş aldılar. Ən pisi də odur ki, onlar öz uşaqlarını, bəzən qohumlarının uşağını işləmək üçün kirayə verirlər. Yəni uşaq gedir dilənir, həmin adama pul gətirir, işlədən adam isə uşağın valideyninə “kirayə haqqı” ödəyir. Əgər yoldan keçən insanlar bu uşaqlara kömək etmək istəyirsə, bunun tək yolu polis çağırmaqdır”.


“Onların milli mənsubiyyəti formalaşmalıdır”

Roman əsillilər etnik qrup olaraq da qeydiyyata alınmayıb. Onlar haqqında heç bir statistika yoxdur. Unicef, Ombudsman Apartı və Statistika Komitəsinin rəsmi saytlarında roman əsillilər haqqında hər hansısa məlumata rəst gəlmək olmur. Bir çox ölkədə uşaq hüquqları ilə ayrıca maraqlanan uşaq ombudsmanı olduğu halda Azırbaycanda belə bir qurum yaradılmayıb.

Kəmalə Ağazadə də onlara qarşı bu laqeydlikdən narazıdır:

“Azərbaycanda roma əsillilər ilə bağlı dəqiq bir statistika aparılmır. Onlar etnik qrup kimi müəyyən edilməyib. Onların milli mənsubiyyəti formalaşmalıdır. Bəziləri deyir ki, kürddülər. Amma biz bilirik ki, onlar kürd yox roman qrupundandır. Cəmiyyət onlara “qaraçı” dediyi üçün onlar öz milli mənsubiyyətini gizlədirlər”.

image (2).png
Rəvayətlərə görə, romanlar XV əsrdə İstanbulun fəthi zamanı Avropaya daxil olublar.


“Azərbaycanda uşağa doğum haqqında şəhadətnamə almamağın cəriməsi 10 manatdır”

Roman əsilli uşaqların yaşadığı ən ciddi problemlərdən biri də bir çoxunun qeydiyyatının olmamasıdır. Roman əsillilərin əksəriyyəti övladlarına doğum haqqında sənəd alınmadığından balaca romanlar vətəndaşlıq hüququndan məhrum qalırlar.

Hüquqşünas Asiman Nəsirli bildirib ki, roman əsilli valideynlərin öz uşaqlarının doğulduqlarını rəsmiləşdirmədiyi aşkarlandıqda 10 manat cərimə ödəyirlər:

“Qanunda nəzərdə tutulur ki, uşaq doğulduğu andan 30 gün müddətində valideynlər doğum haqqında şəhadətnamə almaq üçün müraciət etməlidirlər. Valideynlər uşaq doğulduqda qeydiyyata alınması üçün müraciət vaxtını gecikdirərlərsə, 10 manat məbləğində cərimə ödəməlidirlər. Burada sübut edilməlidir ki, valideyn qəsdən müraciət etməyib. Əgər valideyn uşağı evdə dünyaya gətiribsə, hüquqi yardıma ehtiyacı olduğuna görə müraciət etməyibsə, o zaman cərimə ödəmirlər”.

İnzibati Xətalar Məcəlləsinin 562.3-cü (Doğumun qeydə alınması qaydasının pozulması) maddəsinə əsasən üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə xəbərdarlıq və ya on manat məbləğində cərimə edilir.

Hüquqşünas deyib ki, bəzən uşaqlar xəstəxanada doğulsa da, valideyn müraciət etməyənə qədər qeydiyyata alınmırlar:

“Ümumiyyətlə, Azərbaycanda evdə doğum, həkimlərin evdə doğuş həyata keçirməsi qadağandır. Xəstəxanada uşaq doğularkən qanun deyir ki, xəstəxana bu barədə məlumatı Səhiyyə Nazirliyi vasitəsi ilə Ədliyyə Nazirliyinə ötürməlidir. Amma praktikada biz buna rast gəlmirik. Əgər Ədliyyə Nazirliyinə ötürülübsə, deməli, həmin qurum bu uşağın doğulması haqqında məlumatlı olur. 30 gün sonra Ədliyyə Nazirliyinin sistemində bəlli olsa ki, bu uşağın doğumunu valideynləri qeydə aldırmayıb, o zaman həm valideynlər inzibati məsuliyyətə cəlb edilməlidir, həm də uşağın doğumu qeydə alınmalıdır. Bu prosedur isə həyata keçirilmir”.

“Azərbaycan Respublikasında doğumunun qeydə alınıb- alınmamasından asılı olmayaraq, bütün uşaqlar Azərbaycan dövlətinin himayəsindədir. Bu, Uşaq Hüquqları Konvensiyasında nəzərdə tutulub. Azərbaycan da bu konvensiyanı qəbul edib. Vətəndaşlığından asılı olmayaraq dilənçilik edən uşaq polis tərəfindən araşdırılmalıdır. Uşağını diləndirən valideynlər məsuliyyətə cəlb olunmalı və uşaqlar dövlətin himayəsinə verilməlidir”, – deyə Asiman Nəsirli əlavə edib.

Daxili İşlər Nazirliyindən Meydan TV-yə bildirilib ki, roman əsilli uşaqlarla bağlı hər hansısa şikayət daxil olarsa, araşdırma edilir. Lakin hazırda hansısa monitorinq aparılmır.

Ana səhifəSosial“Dilənən uşaqlara ən böyük yardım polis çağırmaqdır”