Dilçilik İnstitutunun direktoru: ”Bloger” sözünü bu yaxınlarda eşitmişəm

Professor ”Selfi” sözünü ilk dəfə eşitdiyini deyib

Source:


Professor ”Selfi” sözünü ilk dəfə eşitdiyini deyib

“Aqil Abbas yazır ki, guya biz təklif etmişik “qəşəng” sözü “qəşənk” kimi yazılsın. Qətiyyən elə şey yoxdur. Qaydalara baxa bilərsiniz”.

Bu sözləri “Kulis.az”-a

müsahibəsində

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, Möhsün Nağısoylu deyib.

Onun fikrincə, deputat və yazar Aqil Abbasın dedikləri əsassızdır:

“Fonetik prinsipə əsaslanaraq bu cür etmişik. Dünyada da bu prinsipə üstünlük verilir. Məqsədimiz odur ki, deyilişlə yazılış arasındakı sədd minimuma endirilsin, uçurum olmasın. “Ədəbiyyat” demirik, “ədəbiyat” deyirik, “davamiyyət” demirik, “davamiyət” deyirik. Buna görə də Aqil Abbas və başqalarının fikirləri əsassızdır. Bəziləri qaydaları diqqətlə oxumayıblar. İkincisi, irad tutanların bir çoxu qaydalarla heç tanış deyillər. Qeyri-peşəkarlar nə gəldi danışırlar. Məsələn, bilmirlər ki, niyə görə, “alqı” sözü “ğ” ilə yazılmalıdır, “satqı” sözü “q” ilə. Belə prinsip var ki, sonu kar samitlə bitənlər olur “q”, – “basqı”, “asqı”, “satqı” – sonu cingiltili ilə bitənlər olur “ğ”.

M.Nağısoylu deyib ki, lüğət hazırlananda fonetik prinsip əsas götürülür:

“Bəzi sözlər tarixi-ənənəvi prinsipə əsaslanır. Məsələn, “Moskva”, “velosiped”, “Odessa” sözləri. Tarixi-ənənəvi prinsip nə deməkdir? Yəni biz o sözləri o şəkildə almışıq, toxunulmaz olublar. Ruslar “Moskva” yazdığına görə biz də “Moskva” yazmışıq. Və ya indiyə qədər “əla” sözünə apostrof qoyurduq. “Sürət”, “cürət”, “vüsət”, “Quran” sözlərinə də apostrof qoyurduq, niyə? Çünki bunları ərəblər bu cür yazırdı. Amma müstəqil olandan sonra biz daha çox fonetik prinsipə önəm verdik. Ona görə apostrof atıldı.

Və yaxud biz bütün qoşa samitlərin birinin azaldılmasını təklif etməmişik. Biz bir dənə qoşa “y”nı demişik, onu da bütün qoşa “y”lar üçün deməmişik. Elmi əsaslarla fikrimizi söyləmişik: tərkibində “iyyat”, “yyət”, bir də “iyyə” olan sözlərin bir “y” ilə yazılması tövsiyə olunur: “ədəbiyat”, riyaziyat”, “səhiyə”, “maliyə” və sair”.

Professor deyib ki, dəyişikliyə etiraz edənlərin bəziləri heç qaydalarla tanış deyillər:

“Şikayətlər çoxdu və çoxunun da əsası var. Mən onu etiraf edirəm. 1975 və 2004-cü illərin orfoqrafiya kitablarında “alğı” yazıldığı halda birdən-birə 2013-cü ildə “alqı” yazıblar. Nəyə görə? Əsassızdır. Və yaxud eyni sözün müxtəlif variantları kitaba salınıb: “Qarğımaq” da var, “qarğamaq” da. Halbuki əvvəlki lüğətlərə “qarğamaq” sözü salınmayıb. Lüğətə eyni sözün iki variantı salına bilməz. Bundan başqa, dialekt sözlər, qondarma sözlər də lüğətə salınıb. Sizcə, “zırrınınbiri-zırrı” sözü lüğətə düşməlidir? Belə söz də lüğətə düşər? Bu, heç söz də deyil. Və yaxud söz yaradıcılığı söz kimi bu lüğətə düşüb”.

M.Nağısoylu deyib ki, dildə nə qədər söz olduğu dəqiq bilmək olmur:

“Bunu yüz faiz demək olmur. Hər halda 2004-cü ildə çıxan lüğətə heç bir etiraz olmayıb. O lüğətdə isə 80 minə yaxın söz vardı.

Mən hesab edirəm ki, yeni lüğətdə uzağı 90-100 min arasında söz olacaq”.

“Dilimizə hər il nə qədər söz daxil olur” – sualına professor deyib:

“Mənim özüm gözümə dəyən nə qədər sözü lüğətə əlavə eləmişəm. Qarşıma çxıdıqca onları qeyd edirəm. (Kitabın kənarına yazdığı yeni sözləri göstərir). Məsələn, “kontrafakt”, “kontrafaktçılıq”, “konyuktura”… Bu sözlər əvvəlki lüğətdə yoxdur”.

M.Nağısoylu dilə daxil olan sözlərin statistikasının aparılmamasını belə izah edib:

“Bizdə bununla balaca bir şöbə məşğul olur. Şöbədə cəmi on nəfər işçi var. Həmin şöbə də təkcə orfoqrafiya lüğət yox, izahlı lüğət, başqa lüğətlər üzərində də işləyir. Bu mənada balaca çətinliyimiz var. Mən yeni sözləri hardan tapıram? Qəzet oxuyanda görürəm, mənə yeni gəlir, lüğətə daxil edirəm, ya da televizorda eşidirəm. Məsələn, son vaxtlar eşitmişəm; “bloger”, “skaut”.

Jurnalistin əlavə etdiyi “selfi” sözü professor təəccübləndirib. Bu sözü də lüğətə daxil edəcəklərini deyib:

“O sözü zəhmət olmasa deyin, bura yazım (Qələmi götürüb “selfi” sözünü qeyd edir). Mənası nədir?”

M.Nağısoylu deyib ki, yeni sözləri evində işlədir ki, nəvəsi öyrənsin:

“Bizdə “yükləmə”, “yükləyici” , “uzadıcı” sözləri vardı. Dilin zənginləşməsi mənbələri bir neçədir. Onlardan biri dialektlərdən istifadədir. Arxaik sözləri gətirmək olar. Bu sahədə bizim təcrübəmiz var. “Çavuş”, “taqım”, “gizir” bu qəbildən sözlərdir. Hamısı qəbul olunubmu, işlənibmi? “Çavuş” sözü hətta bizim dildən farslara da keçib. Mən evdə deyirəm. Nəvəmə də o cür öyrədirəm.

“Atvyorka”ya, “burğac” deyirəm. “Rozetka”ya “elektrik yuvacığı”, “yuvacıq” deyirəm. Sizin “mışka” dediyiniz sözə “kompüter bələdçisi” deyirəm. Bu sözləri işlədirəm ki, nəvəm öz dilimizi öyrənsin”.

Dilçi deyib ki, “Allah” sözü bütün məqamlarda böyüklə yazılacaq:

“Başqa dünya dillərində də ehtiram əlaməti olaraq böyük hərflə yazırlar. “Allah” ərəb mənşəli sözdür, onun türkcə qarşılığı “Tanrı”dır, “Rəbb” də ərəb mənşəlidir. Bu təklifi də birinci dəfə biz daxil etmişik. 1975-ci ilin orfoqrafiya kitabı ateizm dövründə çıxdığına görə “Allah” sözü kiçik hərflə yazılıb, amma 2004-cü ilin kitabında “Allah” sözü böyük hərflə yazılıb. Mən ora bir dənə “Rəbb” sözü ilə, “Tanrı”nı artırdım”.

M.Nağısoylunun sözlərinə görə, “şeytan”, “İblis” sözləri kiçik hərflə yazılmalıdır:

““İblis” bizdə ümumi isim kimi qəbul olunub. Yalnız sürət kimi işlədiləndə, məsələn, Hüseyn Cavidin əsərində, böyük hərflə yazılmalıdır. Prinsipcə, böyük hərflə yazmaq olar, amma ümumilikdə kiçik yazılmalıdır”.

Professor “Facebook”, “Youtube” kimi sözlərin yazılışı üzərində də düşünür:

“Bunlar da məni düşündürür. Təzə çıxıb e, İnstaqram, Vatsap… Onların yazılışı hələ müəyyənləşməyib. Amma orda da fonetik prinsipə üstünlük verəcəyik.

Əsər adı olanda yalnız birinci hərfi böyüklə yazılır. Mən şəxsən orfoqrafiyaya çox yenilik gətirməyin əleyhinəyəm. Çünki çox yenilik olanda nəsillərarası çaşqınlıq yaranır. Ona görə də bizim bu qaydalarda çox yenilik yoxdur. Əsas yeniliklərdən biri əvvəllər “g”yla yazılan “İsgəndər”, “əsgər”, “əsginaz”, “işgəncə” kimi sözlərin “k” ilə yazılmasıdır. Yeri gəlmişkən, deyim ki, sizcə, bu söz də həmin qəbildən deyilmi – “iskənə”. Amma “k” ilə yazırıq. Ona heç kəs etiraz eləməyib”.

M.Nağısoylu dildə problem yaradan sözlərdən də danışıb:

“Bizim dildə ən çox problem yaradan adlardan biri də Hötedir. Elmi Şurada da müzakirə olunanda dedilər ki, o ad almanca Götedir, sadəcə səslənməsi pis reaksiya doğurduğuna görə Höte kimi verilməsi məqsədəuyğun sayılır”.

Ana səhifəXəbərlərDilçilik İnstitutunun direktoru: ”Bloger” sözünü bu yaxınlarda eşitmişəm