Dil problemi məktəblərin direktorsuz qalmasına səbəb olur

Nəzərli kənd məktəbinin direktoru səhhəti ilə bağlı öz ərizəsi ilə işdən çıxıb

Nəzərli kənd məktəbinin direktoru səhhəti ilə bağlı öz ərizəsi ilə işdən çıxıb

Direktorlardan gürcü dilini bilməsi tələb edilir

2017-ci ilin dekabr ayından etibarən Gürcüstan məktəblərində direktor olmaq istəyənlərdən dövlət dilini bilmək məcburi şəkildə tələb olunmağa başlanıldı. Test imtahanı və müsahibədən keçdikdən sonra namizədləri Təhsil Nazirliyi öz istəyinə uyğun məktəblərin Qəyyumlar Şurasına göndərir. Bundan sonra həmin məktəblərdə olan Qəyyumlar Şurası göndərilən namizədlərin məktəbə direktor olub-olmaması ilə bağlı sonuncu qərarı verir.

Gürcüstanın cənub-şərqində yerləşən Kvemo Kartli rayonunun 19 məktəbində məktəb direktoru yoxdur. 19 məktəbin 12-si isə Azərbaycandilli məktəblərdir.

Təhsil Nazirliyi “iFact.ge”-ə verdiyi açıqlamasında məktəblərin direktoru vəzifəsi üçün hələ müsabiqə elan olunmadığını bildirib.

Qaradabi bələdiyyəsinin Kosalı kənd məktəbi bir ildən çoxdur ki, direktorsuz fəaliyyət göstərir. 25 ildən çox gürcü dili müəllimi kimi fəaliyyət göstərən Sona İsmayılovanın sözlərinə görə, işlədiyi məktəbdə 1100 uşaq və cəmi bir direktor müavini var:

“Məktəbdə direktor yoxdur, Məmməd Xiyalov (direktor müavini) hər şeyi tək etməyə borclu deyil. Ona iclas çağırıb qiymətləndirmə qrupunu dəyişdirməyi dedik. O da bildirdi ki, yeni direktor təyin olunanda dəyişərik”.

“Direktor müavini müəllimlər arasında dərs saatlarını bölüb, amma direktorsuz 80-90 müəllimin işləməsi nə dərəcədə düzgündür?” - İsmayılova belə deyir.

Onun sözlərinə görə, gürcü dilini bilmək direktorlar üçün vacibdir. Gürcü dili məktəblərdə həftədə 45 dəqiqə olmaqla 5 dəfə tədris olunur. Buna baxmayaraq, azərbaycanlı şagirdlər gürcü dilində ya az, ya da heç danışa bilmir.

“İclaslarda hər şeyi ona (direktora) tərcümə etməyəcəklər. O da gəlib məlumatı düzgün formada məktəbə çatdıra bilməyəcək. Gürcü dilini bilsə yaxşıdır”, - Sona İsmayılova bildirir.

Nəzərli kənd məktəbi Kosalı məktəbindən 10 dəqiqəlik məsafədə yerləşir. Nəzərli kənd məktəbinin keçmiş direktoru, 68 yaşlı Elxan Abdullayev bu ilin sentyabr ayında səhhətinə görə öz ərizəsilə işdən çıxıb. Abdullayev hal-hazırda məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərir. Sentyabrdan bu günə qədər 580 şagird və 55 müəllimi olan məktəbə direktor hələ də təyin olunmayıb.

Azərbaycan dilli məktəblərdə azərbaycanlıların direktor təyin olunması çətinləşib Şəkilaltılardı

Azərbaycan dilli məktəblərdə azərbaycanlıların direktor təyin olunması çətinləşib Şəkilaltılardı

“Mən direktor olan zaman müavin yalnız dərs məsələləri ilə məşğul idi. Digər problemləri isə özüm həll edirdim. Direktorun təyin olunmaması uşaqların idarə olunmasını çətinləşdirir. Hamı işə biganə yanaşır”, - keçmiş direktor belə bildirir.
Elxan Abdullayev gürcü dilində sərbəst danışmağın məktəb direktorları üçün şərt olmadığını bildirir: “Gürcü dilini yaxşı bilmirəm, bir az başa düşürəm”.

“Təyin olunan direktor Azərbaycan dilini bilməsə, uşaqlarla necə rəftar edəcək, müəllimlərlə necə ünsiyyət quracaq?” - Abdullayev deyir.

Nəzərli kənd məktəbində gürcü dili müəllimi kimi fəaliyyət göstərən 27 yaşlı Nübar Bayramova problemlərlə bağlı kimə müraciət edəcəyini bilmədiyini deyir:

“Bu məktəbdə, doğrudan da, problem çoxdur. Problemlərimizlə bağlı kimə müraciət edəcəyimizi bilmirik”.

Giorgi Tautçidze 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Kosalı kənd məktəbinə direktor vəzifəsi üçün namizəd kimi göndərilsə də, məktəbin Qəyyumlar Şurası onu deyil, azərbaycanlı namizədi seçib:

“Direktor sertifikatı aldım, sonra müsabiqə elan olundu, üç məktəb seçmişdim və onlardan biri Kosalı kənd ictimai məktəbi idi. Məktəbin Qəyyumlar Şurası məni deyil, qonşu kənddə dərs keçən müəllim namizədi seçdi”.

“Kosalı kənd məktəbinə göndəriləndə şansımın az olduğunu bilirdim. Heç kim şuradan mənə səs vermədi”, - deyən Giorgi Tautçidze hal-hazırda Marneuli rayonunda rus məktəbində dərs keçir.

Təhsil üzrə ekspert və Vətəndaş İnkişafı İnstitutunun rəhbəri Tamar Mosiaşvilinin sözlərinə görə, direktor müəllimlərin məktəbə gətirilməsinə və onlar arasında dərs bölgüsünə cavabdehdir. Eyni zamanda direktor məktəbi üçüncü şəxslərlə münasibətlərdə təmsil edən şəxsdir:

“Məktəb direktorlarının təyin olunması məsələsi qaranlıqdır. Namizədin məktəblə davamlı əlaqəsi olmasının heç bir fərqi yoxdur. Təhsil Nazirliyi onu istədiyi yerə göndərəcək. Əgər məktəbin Qəyyumlar Şurası həmin namizədlərin arasından kimisə seçərsə, seçər, seçməzsə, bu zaman yenidən namizəd göndərilir, ya da direktor nazirlik tərəfindən təyin olunur”, - Mosiaşvili belə deyir.

Onun sözlərinə görə, direktorların gürcü dilini bilməsi vacibdir.

“Məktəb kollektivinin gürcü direktor istəməməsi pisdir. Bir neçə məktəb bilirəm, hansı ki, etnik azlıqlar yaşayır və orada gürcü direktorlar fəaliyyət göstərir. Həmin məktəblər real olaraq inkişaf edirlər. Burada əsas problem dil problemidir. Əgər onlar məktəbin inkişaf etməsini istəyirlərsə, buna razı olmalıdırlar”, - ekspert bildirib.

 

 

 

 

 

 

 

 

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wz2fom

Ən çox baxılan