***
16.01. Noyabrın 5-də gecə saatlarında Gəncədə saxlandıqları deyilən gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin barəsində şikayət var.
Bu haqda Meydan TV-yə Gəncə şəhəri Kəpəz rayonu polis bölməsinin rəis əvəzi Adil Əliyev məlumat verib.
O, “Daxili İşlər Nazirliyinin göstərişi var. Nazirliyin mətbuat xidməti informasiya verə bilər” deyərək, işlə bağlı əlavə məlumat vermək yetkisinin olmadığını ifadə edib.
“Mən bu iş barəsində məlumat verə bilmərəm. Təhqiqat, araşdırma aparılır”, deyən A.Əliyev işdə zərərçəkənin olduğunu, gənclər barəsində vətəndaş tərəfindən şikayət edildiyini bildirib.
Rəis əvəzi gənclər barəsində hər hansı məhkəmə qərarının olub-olmaması haqda da detallı danışmayıb. Ancaq əlavə edib ki, hər bir işdə olduğu kimi gənclərin işində də saxlama rəsmi qaydada həyata keçirilib.
***
Gəncədə həbs edilən gənclər Heydər Əliyev parkına şüar yazmaqda günahlandırılırlar
Noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin həbs ediliblər. Onlar Kəpəz rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılırlar. Bu barədə məlumatı fəalların yaxınları verib. Onların sözlərinə görə, gənclər 30 sutka inzibati həbs cəzası alıblar. Məlumata görə, onların həbsinə səbəb Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına “Diktaturaya yox!” və s. şüarlar yazmaqlarıdır.
Gecə ilə bütün yazılar silinib, gənclərə polis şöbəsində işgəncə verilib.
DİN məsələ ilə bağlı açıqlama vermir.
Elmir Təhmin Nida Vətəndaş Hərəkatının üzvüdür. Tapdıq Məmmədov isə heç bir partiya və ya təşkilat üzvü deyil.