”Digər komunal xidmətlərin qiymətlərində də artımlar olacaq”

Qubad İbadoğlu: Tarif Şurasının qərarı aztəminatlı əhalinin sosial vəziyyətini daha da ağırladıracaq

Məhəmməd Talıblı: Kommunal xidmətlərin, hətta istehlak bazarında psixoloji baxımdan digər mal və xidmətlərin artımı üçün baza rolunu oynayacaq

Source:


Qubad İbadoğlu: Tarif Şurasının qərarı aztəminatlı əhalinin sosial vəziyyətini daha da ağırladıracaq


Məhəmməd Talıblı: Kommunal xidmətlərin, hətta istehlak bazarında psixoloji baxımdan digər mal və xidmətlərin artımı üçün baza rolunu oynayacaq

İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının qərarını hökümətin enerji bölməsinin borclarını əhalinin üzərinə yükləməsi kimi qiymətləndirib.

O, hesab edir ki, qərar inflyasiyanı artıracaq və aztəminatlı əhalinin sosial vəziyyətini daha da ağırladıracaq.

Bu barədə Q.İbadoğlu öz Facebook səhifəsində yazıb.

İqtisadçının sözlərinə görə, qərarın başlıca səbəbi xüsusilə də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin getdikcə pisləşən maliyyə vəziyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin isə artan xarici borclarıdır: “Hələ ötən il “Azərenerji”nin maliyyə vəziyyətinin sağlamlaşdırılması, “Azərişıq”, “Azərenerji” və Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəmələr probleminin tənzimlənməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq 2015-ci ilin 1 oktyabr tarixinə “Azərişıq”ın “Azərenerji”yə “Azərenerji”nin Dövlət Neft Şirkətinə yanacağa görə, yaranmış borclarının ödənilməsi məqsədi ilə “Azərişığ”a 416 mln. manat məbləğində büdcə ssudasının və “Azərenerji”nin 1 oktyabr tarixinə dövlət büdcəsinə vergilər üzrə yaranmış 360 mln. manat kreditor borcunun ödənilməsi üçün “Azərenerji”yə uzunmüddətli, aşağı faizli borc verib.

Bu ilin yanvar ayının 1-I tarixinə olan Azərenerji”nin dövlət büdcəinə borcunun məbləği 780 milyon manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil edib.

Məlumat üçün bidirim ki, Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı üzrə anlaşma memorandumu imzalayıblar. Göründüyü kimi hər iki dövlət təşkilatının artan maliyyə öhdəliklərinin müqabilində elektrik enerjisinin qiymətini bahalaşdıran hökümət borc yükünü əhalinin çiyninə yükləyir”.

Qubad İbadoğlu

İqtisadçı bildirib ki, su pulu bahalaşandan ailə büdcəsində artan kommunal xərclərin payı Tarif Şurasının elektrik enerjisinin qiyməti ilə bağlı qərarı daha da çoxaldacaq: “Bu da onsuz həm manatın devalvasiyasından və həm də ərzaq inflyasiyasından sonra xüsusilə də aztəminatlı əhalinin sosial vəziyyətini xeyli ağırladıracaq. Tarif Şurasının son qərarı həmçinin hazırda mövcud olan ikirərəqəmli inflyasiyaya yüksəldici təsir göstərəcək. Bu qərardan sonra istehsal, satış və xidmət xərcləri artacaq ki, son nəticədə də əlavə məsrəflər məhsulun və xidmətin satış qiymətini bahaşdıracaq”.

Q.İbadoğlu hesab edir ki, hökümət elektrik enerjisinin qiymətinin bahalaşdırmamışdan əvvəl diferensial yanaşma ilə bağlı qərar qəbul etməli, gecə və gündüz üçün fərqli tariflər, eləcə də adambaşına 250 kilovata və ondan yuxarı elektrik enerjisi istehlak edən əhali qrupları üçün müxtəlif qiymətlər tətbiq etməlidir: “Müqayisə üçün qeyd edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat saat eletrik enerjisi 1,1 sent, Azərbaycanda 4,4 sent , Qazaxıstanda 4,7 sentdir”.

İqtisadçı Məhəmməd Talıblı Meydan Tv-yə bildirib ki, qərar kommunal və istehlak bazarında qiymət artımı üçün əsas olacaq.

Onun sözlərinə görə, qərara sadəcə 1 qəpiklik artım kimi texniki yanaşmaq sadəlövlük olar: “Bunun digər sektorlara təsiri və “Azərişıq”ın özünün maliyyə durumunda axtarmaq lazımdır. Əvvəla, bu faiz etibarı ilə 17 faizlik artımdan söhbət gedir. İkincisi, bu ölkədə digər kommunal xidmətlərin, hətta istehlak bazarında psixoloji baxımdan digər mal və xidmətlərin artımı üçün baza rolunu oynayacaq və inflyasiya göstəricilərinə mənfi təsir göstərəcək. İki gün öncə Statistika Komitəsinin rəsmi açıqlamasında inflyasiya göstəriciləri açıqlandı. Məlum oldu ki, ölkədə 2 dəfə baş verən devaslasiyadan sonra belə 10,4 faizlik istehlak mallarının qiyməti cəmi bu qədər yüksəlib. Bu ələsalma və ya rəqəmlərlə oynamaq deyil bəs, nədir? Olkədə istehlak mallarının qiymətinin yüksəlməsindən sonra dövlət bu prosesdən vətəndaşlarını deyil, dövlət şirkətlərinin ziyanlarının necə kompensasiya etmək haqqında düşündüyü kimi, gərək vətəndaşların sosial müdafiəsi haqqında da düşünərdi”.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

Məhəmməd Talıblı hesab edir ki, söhbət təkcə bir xidmət sektorunda 1 qəpiklik artımdan getmir. Bunun iqtisadi məntiqi odur ki, bu tipli addımlar digər təbii inhisarçı şirkətlər tərəfindən də atılacaq. Yəni, digər komunal xidmətlərin qiymətlərində də artımlar olacaq. Amma onun nə zaman atılası sadəcə zaman məsələsidir. Bir ay tez, üç ay gec. Çünki proses ona doğru gedir. Amma maraqlıdır ki, iri dövlət şirkətləri dövlət büdcəsindən həm 10 milyonlarla dotasiya almalıdır, həm beynəlxalq maliyyə qurumlarından kreditlər və texniki yardımlar almalıdır, həm də fürsət düşən kimi istehlakçılar üçün qiymət artımına getməlidir? Halbuki, Azərbaycanın xarici borclarının yüksəlməsində bu şirkətlər üçün dövlət zəmanəti ilə kreditlərin rolu az deyil. Əgər bütün bunlar pis idarəetmə, keyfiyyətsiz xidmət və qiymət artımları ilə müşahidə olunacaydısa, o zaman bütün bu illər ərzində bu qədər dövlət resursları nə üçün istifadə olunurdu? Müstəqil iqtisadçılar olaraq biz dəfələrlə deyirdik ki, dövlət şirkətlərinin bəziləri özəl şirkətlər tərəfindən iradəetməyə götürülməsinə start verilsin. Çünki bunu başa düşmək çətin deyildi ki, bu ağır yükü dövlət öz çiyinləri üzərində uzun müddət apara bilməyəcək. Onda bütün bunlara ciddi reaksiyalar olmadı. İndi gəlin baxaq görək yaxın qonşu ölkələrin hansında belə yüksək elektikdən istifadə tarifləri var? Neft-qaz ölkəsi kimi tanınan orta Asiya Respubliklarına baxmaq kifayət edir. Bizdə elektrik enerjisinin qiymət səviyyəsi resurs ölkəsi kimi tanınan Orta Asiya cumhuriyyətləri ilə müqayisə edəndə məlum olur ki, bizdəki hətta artım qiymətləri onları 4 dəfə qabaqlayır. Başqa sözlə indiki tariflərin yüksəldilməsi ölkədə inflyasiya təzyiqlərini gücləndirəcək. İqtisadiyyatın özündə əlavə bahalaşma tendensiyasını gücləndirəcək”.

Ana səhifəXəbərlər”Digər komunal xidmətlərin qiymətlərində də artımlar olacaq”