Digah sakinləri Bakı Nəqliyyat Agentliyindən narazıdır

”Əvvəl bəhanələri vardı ki, yol nahamardır, axı indi düzəlib”

Source:


”Əvvəl bəhanələri vardı ki, yol nahamardır, axı indi düzəlib”

Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yaşayan sakinlər şikayətçidir.

Qəsəbə sakini Esmira Ələsgərova Meydan TV-yə bildirib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Digahın məhəllədaxili avtobus problemini həll etmək istəmir:

“Yol problemimiz qismən həll olunsa da, bizim qəsəbəyə hələ də marşrut avtobusu verilməyib. Camaat uşağını məktəbə yola salmaq üçün məcbur olub öz cibindən pul verib, maşın tutur”.

O deyir ki, Meydan TV-də məhəllədaxili yolların bərbad durumu, həmçinin ərazidə kanalizasiya xəttinin olmaması ilə bağlı olan yazıdan sonra Abşeron rayon Digah Bələdiyyəsindən nümayəndə gələrək məsələ ilə maraqlanıb:

“Bələdiyyə özü gəldi, maraqlandı. Sakinlərlə görüşdü, dedi ki, sizə hər köməkliyi edəcəyik. Ardınca da yolu xırdalanmış kərpic tökdülər. Yol hamarlandı, indi əvvəlkinə baxanda daha yaxşı vəziyyətdədir. Ən azından yol gedəndə dizə kimi palçığa batmırıq, buna da şükür. Di gəl ki, digər problemlərimiz hələ də olduğu kimi qalmaqdadır. Qəsəbəmizə avtobus ayrılmır. Əvvəl bəhanələri vardı ki, yol nahamardır, axı indi düzəlib”.

Şikayətçinin sözlərinə görə, yol problemi həll olunduqdan sonra bir qrup sakin Bakı Nəqliyyat Agentliyinə (BNA) onlayn müraciət edib. Lakin gələn cavab heç də qənaətbəxş deyil:

“Agentlikdən cavab gəlib ki, bəs bu ərazidə yol marşrut avtobuslarının rahat və təhlükəsiz şəkildə hərəkət etməsi üçün yararlı deyil. Bəs yaxşı, biz neyləyək? Əvvəlcə dedilər ki, rəsmi müraciət olunsun ki, məsələni həll edək. Müraciət etmişik, indi də marşrut avtobusu verməkdən imtina edirlər. Məhəllə camaatı avtobus tutub, uşağını məktəbə yollayırsa, demək ki, ictimai nəqliyyat da hərəkət edə bilər. Bizə yalandan bəhanələr gətirməsinlər”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə Meydan TV-yə bildirdi ki, asfaltlama işləri aparıldıqdan sonra qəsəbəyə marşrut avtobusu ayrılacaq:

“Agentlik tərəfindən sakinlərin müraciəti əsasında əraziyə baxış keçirilib. Yol torpaqdır, qruntdur, infrastruktur uyğun vəziyyətdə deyil. Digahda kanalizasiya sistemi və asfaltlama işləri aparıldıqdan sonra əraziyə marşrut xətti üzrə avtobuslar təyin olunacaq. Bunu müvafiq qurumların işi bitdikdən sonra həyata keçirəcəyik”.

Ana səhifəXəbərlərDigah sakinləri Bakı Nəqliyyat Agentliyindən narazıdır