Hərbi vəziyyət rejiminin tətbiq edilməsi halında qayda və məsuliyyətlər müəyyən edildi
“Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı mətbuatda yahzılar gedir. Ancaq məsələ kontekstdən çıxarılaraq təqdim edilir. Yəni “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırmanı qeyd etmirlər. Sözügedən dəyişikliklər yalnız hərbi vəziyyət rejimi üçün nəzərdə tutulub”.
Bunu Milli Məclisdə hərbi vəziyyət rejiminin tətbiq edilməsi halında qayda və məsuliyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericilik dəyişikliklərini təqdim edərkən vitse-spiker Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquqi öhdəliklərinə tam uyğundur:
“Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir. Dəyişikliklərdə söhbət yalnız hərbi vəziyyətin tətbiq olunduğu yerlərdən gedir. Hərbi vəziyyət nə vaxt tətbiq olunacaqsa, onda qanun tətbiq olunacaq. Hərbi vəziyyətin tətbiqi cənab prezidentin səlahiyyətində olan məsələdir, o, qərarını verir, təsdiq üçün Milli Məclisə müraciət edir. Biz arzu edərdik ki, buna ehtiyac olmasın, amma hər şey ola bilər”.
“Hərbi vəziyyət haqqında” qanunun tətbiqi ilə əlaqədar 16 qanuna dəyişiklik edilib.
İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni maddələr və cərimələr əlavə olunur.
Cinayət Məcəlləsinə edilən dəyişiklikdə isə cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərilib. Əmək Məcəlləsində “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” məzmununda əlavə nəzərdə tutulub.
Miqrasiya Məcəlləsinə təklif olunan düzəlişə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər. Bu hal əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aid edilir.
“Siyasi partiyalar haqqında” qanuna əlavə edilən 16.4-1-ci maddədə bildirilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.
Həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, Sərbəst toplaşmaq azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da müəyyən məhdudlaşdırıcı dəyişikliklər edilib.
Deputat Qüdrət Həsənquliyev Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılmasını da təklif edib.
O, orada siyasi qüvvələrin daxili vəziyyətdən istifadə üçün təxribat törədərək, cəbhədə atəşkəsi iri miqyasda poza biləcəyini deyib:
“Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik. Paralel şəkildə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə, Rusiya ilə intensiv danışıqlara başlamalıdır”.
Spiker Oqtay Əsədov isə narahtlıq üçün əsas olmadığını bildirib: “Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır”.