Dəyişiklik hanı?

Mövcud rejimdən belə bir gözləntim nə dünən olub, nə də bu gün var, nə də gələcəkdə olacaqdır.

Foto: Meydan TV


Yeniləşmə, dəyişim üçün yaşa yox, başa baxmaq lazımdır

Son günlər müstəqil vəkilləri cəzalandırmaq dəbə minib. Əslində bunu yeni dəb adlandırmaq doğru da deyil. Xüsusilə 2010-cu ildən sonra siyasi işlərə çıxan vəkillərin sayı kəskin azalıb: onların bir qismi ya hakimiyyətin qəzəbinə düçar olmamaq üçün, “az aşım, ağrımaz başım” prinsipi ilə siyasi işlərdən kənara çəkiliblər, ya da könüllü şəkildə iqtidar səflərinə keçiblər, bir qismi də müxtəlif uydurmalarla, sifarişli qərarlarla vəkillik fəaliyyətindən uzaqlaşdırılıblar, zorən “istirahətə” göndəriliblər.

Əldə-ovucda az qala iki əlin barmaqlarını keçməyəcək sayda cəsarətli vəkil qalıb ki, ictimai-siyasi məzmunlu işlərə, müxalif, tənqidçi aktivistlərin məhkəmələrinə çıxmağa davam edirlər, belə görünür ki, artıq onlar da Vəkillər Kollegiyası adlı özünü YAP-ın rayon təşkilatı kimi aparan, müstəqil hüquqçuları cəzalandırma vasitəsinə çevrilən qurumun, yaxud prokurorluğun-zadın əndrəbadi bəhanələrlə zərərsizləşdirilmək istənilir.

Gülünc mənzərədir: bir yandan ölkədə hansısa yeni pozitiv atmosferdən – siyasi islahatlardan danışılır, köhnəliyə müharibə elan olunduğu açıqlanır, Azərbaycanın yeni, modern mərhələyə qədəm qoyduğu anons edilir, o biri tərəfdən də hakimiyyətin “bığının altından” keçməyən, keçmək istəməyənlər hələ də düşmən kimi görülür, göstərilir.

Siyasi, ictimai aktivistlərin, protest kəsimin nümayəndələrinin potensial şərləmədə vəkilsiz – müdafiəsiz qoyulması fonunda biz hakimiyyətin idarəetmə təfəkkürünün dəyişdiyinə necə inana bilərik?

“Biz” deyərkən, qüsura baxmayın, şəxsən özümü istisna etmirəm.

Mövcud rejimdən belə bir gözləntim nə dünən olub, nə də bu gün var, nə də gələcəkdə olacaqdır.

Belə əmin danışmağımın səbəbi də tarixə az-çox bələdliyimdir. Keçmişin çoxsaylı örnəkləri bu cür gözləntiləri inkar edir. Problem yaradanlar bir qayda olaraq elə problemin özü olaraq qalırlar, uzaqbaşı bir şəkildən başqa şəkilə düşürlər, lakin heç bir halda onun həlledicisinə çevrilmirlər, ən azından mənə tarixdən belə bir nümunə məlum deyil.

Lakin ətrafımda hörmət bəslədiyim bir çox insan səmimi cəhətdən belə düşünür ki, məsələn, Az.TV-də, yaxud İTV-də hansısa ümumi, mücərrəd, təyinatsız olsa belə, bir-iki tənqidi çıxışın efirə verilməsi ciddi hadisədir, gələcəkdə fikir müxtəlifliklərinə daha dözümlü yanaşıla biləcəyinin əlamətləridir.

Mən bu cür düşünənlərə hörmətlə yanaşıram, di gəl, görünür, eyni xoşgörü hakimiyyətdəkilərdə yoxdur. Əks halda, məsələn, əldə-ovucda qalan müstəqil vəkilləri də cəzalandırmaqla həmin insanların ümidlərinin, gözləntilərinin üzərindən niyə xətt çəksinlər ki?!

Bir yandan siyasi islahatlarla köhnə idarəçilik təfəkküründən, dilindən, baxışından imtina ab-havası yaradıb, o biri yandan həmin idarəetmə zehniyyətinin vərdişlərindən qopmamaq! – Lap məşhur məsəldə deyildiyi kimi, “bu nə pəhriz, o nə alça turşusu?”…

Hətta ən qatı cinayətkarın belə müdafiə hüququ olduğu halda, hakimiyyətin sevmədiyi, siyasi sifarişli məhkəmə işlərinə vəkillərin yolunu bağlamaq zamanın ruhuna, çağdaşlığa, modern dünyaya həqarətdir. İqtidar mənsublarının son vaxtlar tez-tez dilə gətirməyə başladığı XXI əsrin standartlarından, tələblərindən uzaqdır, orta çağ yanaşmasıdır.

Bu sadə həqiqəti qəbul etmədən ölkədə hər hansı siyasi reform necə mümkün ola bilər?

Mümkün olsa belə, hansı müsbət nəticələr verə bilər?

Görüntüdən, imitasiyadan başqa nəyə yaraya bilər?

70 yaşlı məmuru 40 yaşlı məmurla əvəzləmək yeniləşmə, dəyişim deyil, uzaqbaşı yaşca cavanlaşmadır.

Yeniləşmə, dəyişim üçün yaşa yox, başa baxmaq lazımdır. Yaşadığımız yüzilliyin yüksək dəyərlərini qəbullanmaq, səmimi qəlbdən, cani-könüldən bu dəyərlərə inanmaq, güvənmək, onların qarşısındakı kötükləri kənara diyirləmək lazımdır.

Müstəqil vəkilləri cəzalandırmaq kimi geriçi, mürtəce vərdişləri davam etdirməyin isə, inciməyin, bircə adı var: həmin uca, ülvi dəyərlərin önünə yeni kötüklər itələmək!

Ana səhifəXəbərlərDəyişiklik hanı?