Dəyərlərin inflyasiyası

Eyni şey manatın başına gəlir

Source:



Çörək bir misaldır, bu ölkədə hər şeyin qiyməti artırıldı. Və hər şey də öz qiymət artımı üçün xammalı yeganə dəyər yaradıcısı olan insandan aldı. İnsan ucuzlaşdı, çörək, benzin, kitab, dəftər, kompyuter, daraq, sabun… hər şey qalxdı. Türməyə gedib gəlmək də baha oldu, nəticədə söz demək, etiraz etmək də bahalaşdı. İnsan olmağın ilkin şərtləri də bahalaşdı. Elə vəziyyətə gəldik ki, insan sayılmaq üçün zəruri olan ən adi şeylər olmadan da özümüzə insan dedik.

Enerji yaranmır və itmir, bir haldan başqa hala keçir. Bu, elmi qanunlardan biridir. Müxtəlif yerlərə tətbiq etmək olar. Xüsusən də iqtisadiyyata, sosiologiyaya tətbiq edəndə, maraqlı nəticələr alınır.

Hər cəmiyyətdə bir dəyər olur. Yəni bir miqdar. Bu, həmin toplumdakı enerjinin realizəsidir. Bu enerji yaxşı tərəfə realizə olunanda insanların dəyəri qalxır, pis tərəfə realizə olunanda, əksinə, insanın dəyəri düşür. Amma insanın dəyəri elə-belə qalxmır. Maddi sərvətlərə verilən dəyərdən alınıb, insana verilir. Axı enerji itmir, formasını dəyişir.

Bir də, bunun əksi baş verə bilir. Bizdəki kimi insanın dəyəri azalır və maddi nəsnələrə verilir. Məsələn, çörəyin qiyməti qalxır. Əvvəl 1 kq-lıq çörək 1000 manat (indiki 20 qəpik) idi. Sonra bu çəki get-gedə aşağı düşdü – 800 qram, 600 qram, 500 qram. Eyni zamanda bu 20 qəpik də qalxıb, oldu 30 qəpik, 40 qəpik. İndi deyirlər, 400 qramlıq çörək 50 qəpikdir. Deməli, çörəyin 1 kq-ı indi 1 manat 25 qəpikdir, yəni əvvəlkindən 5,25 dəfə artıq. Bu qiymət artımı lap süni də olsa, insanların dəyəri düşməlidir ki, balans qorunsun. Düşür də.

Birinin 2 uşağı var, 400 qram çörəklə doymurlar, amma valideynin çörəyə 40 qəpikdən çox xərcləməyə gücü çatmır. Neyləməlidir? Həmişəki halal zəhmətindən kənara çıxmalıdır. İşlədiyi zavoddan armatur oğurlamalıdır, işlədiyi dükanda satdığı malların bir hissəsini hesabata salmamalıdır, gözünün qabağında kiminsə cibindən pul düşəndə, götürüb, sahibinə verməməlidir… Belə-belə insanlar dəyərdən düşürlər, alçalırlar. Axı çörək dəyərə minib, balans qorunmaq üçün, başqa tərəfdən azalmalıdır.

Çörək bir misaldır, bu ölkədə hər şeyin qiyməti artırıldı. Və hər şey də öz qiymət artımı üçün xammalı yeganə dəyər yaradıcısı olan insandan aldı. İnsan ucuzlaşdı, çörək, benzin, kitab, dəftər, kompyuter, daraq, sabun… hər şey qalxdı. Türməyə gedib gəlmək də baha oldu, nəticədə söz demək, etiraz etmək də bahalaşdı. İnsan olmağın ilkin şərtləri də bahalaşdı. Elə vəziyyətə gəldik ki, insan sayılmaq üçün zəruri olan ən adi şeylər olmadan da özümüzə insan dedik.

Bu, artıq inflyasiya idi. İnflyasiya odur ki, dövriyyədəki pulun arxasında onun ala biləcəyi əmtəə dayanmır və pul əmtəəyə uyğunlaşaraq, dəyərini itirir. Yəni 1000 manata 100 çörək almaq olursa, əgər dövriyyədə 10 çörək qalırsa, o zaman çörəyin qiyməti avtomatik 100 manata qalxacaq. İnsanlar da belə oldular. Dəyərlər ortada fırlanırdı, amma arxasında dayanmalı olan insanlar azalırdı. Canlılar insanlıqdan çıxırdı, amma özümüzü aldadırdıq ki, “yox, biz məhz bu dəyərlərin daşıyıcısıyıq”.

Amma elə deyilmiş. Dəyərlərin inflyasiyası oldu. Dəyərlər dəyərdən düşdü. Yaxşılığın, humanistliyin qədri bilinmədi.

Dəyərlərin bu dəyər itirməsi davamlı devalvasiyalara səbəb oldu. 2003, 16 oktyabrda, 2009, 10 mayda, “Boinq”in qabağında yallı gedəndə, evlər camaatın başına uçurulanda, Zaur Həsənov özünü yandıranda… Devalvasiyalar da adiləşdi.

İndi eyni şey manatın başına gəlir. Çünki manatın arxasında qiyməti təbii olan əmtəə dayanmayıb heç vaxt. Torpaq, neft süni qiymət verilən əmtəələrdir. Qiymət insan zəhməti ilə yaranır. Amma bunlar elə mallardır ki, onlara zəhmət çəkilmədən də qiymətə malik olurlar. Ona görə də, onların qiyməti sünidir.

Azərbaycanda neftin maya dəyəri 19 dollardır. Amma vaxtilə 147 dollara satırdıq. Manatın arxasında hər barreldə 128 uydurma dəyər dayanırdı. Bütün bu proses də bir qrup soyğunçunun əlində idi. Ona görə nə manatın söykənəcəyi normal əmtəə, iqtisadiyyat sistemi yaradıldı, nə də mənəviyyatımızı qoruya biləcəyimiz, dəyərlərimizin arxasında dura biləcək insanlar qorundu. Hər şeyimizi itirdik.

Heç bir faydalı qazıntısı olmayan varlı ölkələr var. Biz də varlana bilərdik – amma öz dəyərimizi itirməsə idik. Nefti, manatı itirməyə fb-dakı kimi çoxlu gülə bilərik. Amma insanlarımızı itirmişik. Satılanlar, yaltaqlananlar, sınanlar, qaçanlar, susanlar, tutulanlar, öldürülənlər… alçaldılmış və təhqir edilmiş bir toplum. Dəyər yaradacaq insanlar o qədər azdır ki, bu cəmiyyətin nə vaxtsa dəyərli olacağına inanmırıq artıq.

Optimist olmaq istəsək, ümid edə bilərik ki, manat, neft dəyər itirdikcə, insanlar dəyər qazanar. Axı enerji yaranmır və itmir, bir haldan başqa hala keçir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəDəyərlərin inflyasiyası