Dəyanət Rzayev: İntiharların əksəriyyətinin arxasında korrupsiya dayanır

“İntihar edənlərin 85 faizi psixi cəhətdən sağlam insanlardır”

Source:


“İntihar edənlərin 85 faizi psixi cəhətdən sağlam insanlardır”

2017-ci ilin 17 günü ərzində 32 nəfər intihara cəhd edib, onlardan 7 nəfəri sağ qalıb. Təkcə yanvarın 16-da 4 nəfər intihara cəhd edib, onlardan biri sağ qalıb. Məlumatı “Facebook” istifadəçisi Cavid Qurbanov paylaşıb. O, informasiya agentliklərinə istinadən intihara cəhd edənlərin kimliyini də qeyd edib. İntihar edənlərin 6-sı 18-25 yaşda, 12 nəfəri 25-40, 14-ü isə 40-83 yaşlılar arasındadır. Onlardan 11-i qadındır.

Dəyanət Rzayev
Dəyanət Rzayev

Psixoloq Dəyanət Rzayev Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsaslanaraq bildirib ki, intihar edənlərin əksəriyyəti yaşı 40-ı keçən, sağalmayan xəstəliklərdən əziyyət çəkənlər və daha çox kişilərdir. Həm də şimal ölkələrdə bu cür hallara daha çox rast gəlindiyi rəydə qeyd olunur:

“Ancaq Azərbaycanda situasiya fərqlidir və bu, statistikadan irəli gəlir. Məsələ ondadır ki, ölkə statistikası heç bir normal ölkə statistikasına sığmır. Təsəvvür edin ki, vətəndaşın banka 3 min manat borcu var, borcun min manatını verir, səhəri ona yenidən 3 min manat borcu olduğu deyilir. Bu, normal deyil axı. İkinci, Azərbaycanda intihar edənləri Avropa ölkələrində intihar edənlərlə müqayisə etmək olmaz. Çünki intihar azərbaycanlılara xas olmayan bir şeydir və Şərq ölkələrində intihar həmişə az olub. 90-cı illərdə sosial-iqtisadi durum çətin olsa da, intihar edənlər az idi. İndi həm də təbəqələşmə, sosial münasibət də rol oynayır. Bu gün məmur, yaxud deputat vətəndaşı təhqir edirsə, başqa mənzərə yaranır, çünki vətəndaş yaşadığı ərazidən mandat alan deputatı 5 ildə bir dəfə görür. Deputat müəllimə bənnalıq, yaxud soğan əkməyi təklif edirsə, vəziyyət acınacaqlıdır. Birinci, bu, Əmək Məcəlləsinə ziddir. İkinci, Azərbaycanda quldarlıq dövrü deyil. Konstitusiya insan və vətəndaş hüquqlarını əsas götürür”.

Psixoloq hazırda intiharların arxasında ədalətsizliyin, təbəqələşmənin, sosial-iqtisadi məqamların dayandığını düşünür: “Bu gün Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir. Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə, o, çox dözülməz duruma düşür və özünü təhqir olunmuş sayır. Üstəlik, banka borclu olanda, onun vəziyyətini təsəvvür edin. Mənim anam 150 manat pensiya alırsa, bu, böhran deyilmi? Əlbəttə böhrandır. Nəhayət, məhkəmələr də bankların tərəfindədir. Belə olanda, vətəndaş intihara əl atır, çünki o, mənliyini intiharla qoruduğunu hesab edir. Bu mənada o cür insanlara zəif kimi baxmaq lazım deyil. İntihar edənlərin 85 faizi psixi cəhətdən sağlam insanlardır. Sadəcə, həyatda rastlaşdıqları çətinliklər onları buna vadar edir. Psixoloqlar nə təklif edir, psixoloqların özü 150 manat maaş alırsa, nə təklif edə bilər?!”

Psixoloq deyir ki, hələ gec deyil, hökumət qəti qərarlar qəbul etməlidir. Minimal əməkhaqqı vətəndaşın dolanışığına yardım etmir. Ona görə hökumət müdaxilə etməlidir:

“İndiki vəziyyətdə psixoloqların çıxışları ilə heç nə dəyişmir, müvafiq rəsmi orqanlar vəziyyətə müdaxilə etməlidir. Adi bir misal, Moskva prospektində onlarla bina inşa olunub, orda heç kim yaşamır, bu, ölü kapitaldır. Halbuki, büdcədən oğurlanmış çirkli pullarla tikilib və həmin oğurluq indiki mənzərəni yaradıb. Açıq danışmaq lazımdır, intiharların əksəriyyətinin arxasında böyük korrupsiya dayanıb. Dövlət korrupsiyaya bulaşıbsa, korrupsioner korrupsioneri necə həbs edə bilər? Mən çıxış yolu göstərə bilmərəm, yalnız onu deyirəm ki, hökumət qəti qərar qəbul etsin”.

Ana səhifəXəbərlərDəyanət Rzayev: İntiharların əksəriyyətinin arxasında korrupsiya dayanır