”Devalvasiyadan sonra kreditləri qaytara bilmədim, böyrəyimi satdım”

Böyrəyini satan şəxs: “İntihar həddinə çatmışdım”

Foto: Meydan TV


Böyrəyini satan şəxs: “İntihar həddinə çatmışdım”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə böyrək alverində ittiham olunan Vahib Xudadatovun işinə baxılır.

Xudadatovun vasitəsilə böyrəyini satan adamlar zərərçəkən qismində tanınıblar. Hərçənd, zərərçəkənlər gəlib məhkəmədə deyirlər ki, onları nə Vahib, nə də bir başqası məcbur eləməyib, özləri imkansızlıqdan böyrəklərini satıblar.

Aprelin 12-də məhkəmədə dindirilən Rufan Əhmədli bildirib ki, devalvasiyadan öncə bankdan dollarla kredit götürüb, 35 minə ev alıb. Devalvasiyadan sonra kreditləri qaytara bilməyib. Kreditlər də qohumların, dostların adına olub. Məcbur olub aldığı evi satsa da, yenə vəziyyətdən çıxış yolu tapa bilməyib. Hətta bir neçə dəfə intihar həddinə çatıb: "Həmin vaxt internetdə müxtəlif adamların böyrəyini satması barədə elanları gördüm. Ona görə də böyrəyimi satıb düşdüyüm bu ağır vəziyyətdən çıxmağı fikirləşdim. İnternetdə elan verdim. Elanda böyrəyimin qiymətinin 25 min manat yazdım, telefon nömrəmi də qeyd elədim. Bir neçə gündən sonra tanımadığım bir nəfər zəng vurub görüşmək istədiyini dedi. Masazırda görüşdük. Özünü Sahib kimi təqdim elədi. 25 min manata razılaşmadı, 12 min manatdan artıq pul verə bilməyəcəyini dedi”.

R.Əhmədlinin ifadəsinə görə, banka təcili pul ödəməli olduğundan V.Xudatovun təklifi ilə razılaşıb. Bir gün ərzində ona pasport düzəltdiriblər. Daha sonra onu İrana aparıb, müayinədən keçiriblər. Onun böyrəyinin köçürüləcəyi Altay Süleymanov da Tehrana gəlib.

Bu cinayət işində bəhs olunan böyrəkköçürmə əməliyyatlarının hamısını həyata keçirmiş, iş materiallarında orqan alverilə məşğul olan dəstənin başçısı kimi təqdim edilən cərrah-transplantoloq Mohsen Tahiri həm donor, həm də resipienti müayinə edib, müsbət rəy verəndən sonra əməliyyat 2016-cı ilin martına qədər Tbilisidəki "Lanset" klinikasında, ondan sonra isə Tacikistanda gerçəkləşdirilib.

R.Əhmədlinin də böyrəyi 2016-cı ilin avqustunda Düşənbədə Transplantasiya Mərkəzində A.Süleymanova köçürülüb: "Orada Tahiri adlı həkim tərəfindən sol böyrəyim Altaya köçürüldü. Üç gündən sonra evə qayıtdım, mənə 12 min manat verdilər”.

Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib: "Vahib sadəcə vasitəçi olub. Heç bir şikayət və tələbim yoxdur".

Zərərçəkmiş Rasim Bayramovun böyrəyi isə Fazil Həsənova köçürülüb: "Mənim tanışım Zaur da böyrəyini Sahib vasitəsilə satmışdı. Dedi ki, pulunu tam alıb. Ona görə mən də razılaşdım. Əvvəlcə “Elmed” klinikasında yoxlamadan keçdim. Oradakılar Sahibi yaxşı tanıyırdılar deyə növbədənkənar buraxdılar. Qan analizi verdim, böyrəyimi UZİ-yə saldılar. Sonra bir günün içərisində xarici pasport aldılar. 2015-ci ilin noyabrında İrana getdik. Vahib məni Tahiri adlı həkimin işlədiyi klinikaya apardı".

Bu böyrək köçürməsi "Lanset" klinikasında həyata keçirilib. R.Bayramov bildirib ki, üç gün xəstəxanada qalandan sonra onu maşınla Bakıya gətiriblər. Onun sözlərinə görə, bir neçə gün sonra V.Xudadatova zəng eləyib pulunu istəyib: "Mənə cəmi 2 min manat verdi. Dedi ki, 10 min dollar yaxın günlərdə veriləcək. Hər gün zəng vurub pulumu tələb edirdim. Nəhayət, Fazilə zəng vurub şikayət etdim. Üçlükdə görüşdük. Sahib yalandan dedi ki, guya bütün pulu verib".

R.Bayramov bildirib ki, təqsirləndirilən şəxsdən 8 min manat pul tələb edir.

Məhkəmə prosesi aprelin 19-na qədər təxirə salınıb.

Cinayət işində təqsirləndirilən şəxs qismində Tbilisidəki “Lanset” klinikasının azərbaycanlı rəhbəri, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlıdan tutmuş, İran vətəndaşı olan həkim-transplantoloq, Bakıdakı müxtəlif klinikaların tez-tez Azərbaycana dəvət etdiyi Tahiri Mahmudi Mohsenə qədər bir çoxunun adı keçir. Amma bu gün məhkəmə qarşısında müttəhimlər kürsüsündə bir nəfər var – taksi sürücüsü Vahib Xudadatov. O, insan orqanlarının alqı-satqısı, transplantasiyasına məcbur etmə, insan alveri, dələduzluq kimi əməllərdə ittiham olunur.

Ağdam sakini olan 62 yaşlı V.Xudadatov özünü təqsirli bilmir. Məhkəmədə də bildirib ki, o, sadəcə, imkansızlıqdan böyərini satmaq istəyənlərlə donor tapmaq istəyən xəstə yaxınları arasında vasitəçilik edib. Buna görə transplantasiya əməliyyatı başa çatandan sonra ona hər iki tərəf 200-500, bəzən 1000-1200 manat pul veriblər. O da böyrəyini satmaq istəyən adamlarla buna ehtiyacı olanları görüşdürüb, sonra müayinə üçün İrada aparıb, orada Mohsen Tahiri hər iki orqanizmi müayinə edib köçürmənin mümkünlüyü barədə rəy verəndən sonra gedib Gürcüstanda “Lanset” klinikasında bu əməliyyatı həyata keçiriblər. Cərrahiyyə əməliyyatını Mohsen Tahiri özü gəlib edib. 2016-cı ilin martın əvvəlində Fərman Ceyranlının həbsi və klinikanın bağlanmasından sonra əməliyyatlar Tacikistanda Transplantasiya Mərkəzində həyata keçirilib.

Ana səhifəXəbərlər”Devalvasiyadan sonra kreditləri qaytara bilmədim, böyrəyimi satdım”