Devalvasiya toy və yas biznesini də ”vurub”

Adətə uyğunlaşmağa çalışanlar müflisləşmək təhlükəsində olduqlarını deyirlər

Source:


Adətə uyğunlaşmağa çalışanlar müflisləşmək təhlükəsində olduqlarını deyirlər

“Bir qızım, bir oğlum var. Hər atanın arzusudur ki, övladlarının toyunu görsün. Qızımın toyunu etmək və cehizlərindən çatışmayanı almaq üçün bankdan 12 min dollar kredit götürdüm. Məcbur olub maşınımı satdım, halbuki taksi kimi sürürdüm. İndi o da əldən getdi. Heç bilmirəm bundan sonra nə yeyib-içəcəyik”.

Bu sözləri Sumqayıt şəhər sakini Cümşüd İsmiyev deyir.

Devalvasiyadan sonra işsiz qalan C.İsmiyev deyir ki, onun başqa çıxış yolu olmayıb: “Toy el adətidir. Əgər qızımı öz adıma layiq şəkildə gəlin köçürməsəydim, camaat nə deyərdi? Nə edə bilərdim?! Oğlan evinin yanında boynu bükük qalmaq olmazdı. Camaat deməzmi ki, bir qızına toy edə bilmir?! İndi qəbul etsək də, etməsək də, bu, el adətidir. Gözəl adətdir, ancaq pulu olan üçün”.


Devalvasiyadan sonra toy biznesi də ziyana uğrayıb

“Elin adətidir, əməl etmək lazımdır” deyilsə də, yenə devalvasiya toy mərasimlərinə təsirsiz ötüşməyib.

Belə ki, “Trend”in məluumatına görə, ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.

2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb.

Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.

2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.

Azərbaycandakı boşanmaların sayında isə nisbətən artım baş verib. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma olub. Boşanmaların sayında artımın baş verməsinə baxmayaraq, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə olan göstərici əvvəlki illərdə olduğu kimi, yəni 1,3 qalıb.


Elə şadlıq evlərindən də toyların azaldığını deyirlər

“Sevinc” şadlıq sarayından Meydan TV-yə bildirdilər ki, manat devalvasiyaya uğrayandan sonra toylar kəskin şəkildə azalıb. Buna səbəb isə menyudakı qiymətlərin bir neçə manat artmasıdır:

“Şadlıq saraylarının da öz xərcləri var. Hal-hazırda hər bir məhsulun qiyməti qalxdığı üçün məcburi olaraq menyudakı qiymətlər də qalxır və bu, camaatın toy mərasimini keçirmək qabiliyyətini aşağı salır”.

Şadlıq sarayından onu da dedilər ki, menyuların qiyməti əhalinin iqtisadi vəziyyətindən asılı olaraq dəyişir:

“Hazırda müxtəlif qiymətlərə toy etmək olar. Sadəcə bunu harda və hansı şadlıq sarayında etmək istəyinizdən asılıdır. Şadlıq sarayları əsasən 3 kateqoriyaya bölünür: aşağı, orta və yuxarı təbəqə üçün. Aşağı təbəqə üçün menyuların qiyməti 18-28 manat, orta təbəqə üçün 32-50 manat, yuxarı təbəqə üçün isə 50 manatdan çox olur”.

Şadlıq sarayının nümayəndəsinin sözlərinə görə, toylar mövsümə uyğun çoxalır. Əhali payız aylarına daha çox üstünlük verir:

“Digər mövsümlərə baxanda payızda toylar daha çox olur. Toylarin sayı qış mövsümündə azalır, ancaq apreldə nisbətən çoxalma müşahidə olunur”.

Orta və kasıb təbəqə daha ucuz restoranlara müraciət edirlər

“Mona Liza” şadlıq sarayından isə bildirdilər ki, onlar adətən əhali üçün bahalı xidmətlər təklif edirlər. Devalvasiyadan əziyyət çəkənlər isə əsasən aşağı və orta təbəqədir. Onlar da adətən ucuz şənlik evlərinə müraciət edirlər.

“Bizdə menyu çox zəngindir. Ona görə də baha qiymətə təklif olunur. Bizim müştərilərimiz yenə bizə müraciət etməyə davam edirlər. Hətta onlar menyudan əlavə xidmətlərdən – zər və şar yağışı, atəşfəşanlıq, gəlin maşını sifariş edirlər. Nisbətən az xərclə toy etmək istəyənlər daha ucuz restoranlara müraciət edirlər”.

Bakı sakinləri Kəmalə Haqverdiyeva və Rüfət Mahmudov da toy etməyə hazırlaşan cütlüklərdəndir. Kəmalə Haqverdiyeva deyir ki, ailəsi onun toyunu edə bilmək üçün qohumlarıdan borc pul götürməli olub:

“Özüm də işləyirəm, ancaq müəllimənin maaşı ilə nə etmək olar?! Əslində nişanlımla qərar vermişdik ki, dostların əhatəsində kiçik bir nikah mərasimi keçirək. Bu, həm maddi, həm də mənəvi bizə daha yaxşı təsir edərdi. Ancaq hamı işimizə qarışdı, dedilər ki, el nə deyər?!”

Rüfət Mahmudov isə gənclərin belə israfçılığa yol vermək əvəzinə gələcəyini düşünməsini daha məqsədəuyğun hesab edir. O deyir ki, bu xərclər ailələr arasında da narazılıq yaradır:

“Bu toy söhbətlərinə görə bütün ailələrdə söz-söhbət olur. Eləcə də bizim ailəmizdə olub. Heç biz istəmirdik bu cür dəbdəbəli toy edək. Bura sərf etdiyimiz pulu səyahət edə və ya özümüzə lazımlı bir əşya ala bilərdik. Ailələr isə razılaşmaq istəmirlər. “Qonşudan geri qalma” prinsipinə görə bizə özləri də bilmədən ziyan vururlar. Buna görə də evdən söz-söhbət kəsilmir”.

Şadlıq evlərinin qiymətlərini araşdırarkən məlum oldu ki, nisbətən ucuz restoranlarda toy edənlər 200 nəfərlik zal üçün orta hesabla 3000 (ən aşağı qiymət 15 manatdır), bahalı restoranlara üz tutanlar isə 200 nəfərlik zal üçün təxminən 30.000 xərcləməli olur. Bundan əlavə, gəlin donu (100 -10.000 manat), gəlinin saç bəzəyi (300 manatadək, şəhər kənarlarındakı salonlarda 50-100 manat), gəlinin buketi (30-100 manat), gəlin maşını (50-150 manat), gəlin-bəy üçün şəkil albomu (70 -500 azn arasında) kimi xərcləri də nəzərə alsaq, bir günlük toy üçün toy sahibi 5.000-30.000 arasında pul ödəməli olur. Təbii ki, cehiz, ev, nişan, qızıl xərcləri bu qiymətə daxil deyil.


Dəbdəbəli yas mərasimləri


Toy mərasimləri kimi yas mərasimlərinin keçirilməsi də baha başa gəlir. Bura məsciddə yuyulma, məzarlıqda yerin təşkili, basdırılma, 3, 40 mərasimi, molla və qəbir daşı daxildir. Bu isə maddi gəliri aşağı olan ailə üçün böyük problemə çevrilir.

Bakıda yas mərasimləri əsasən mərasim evlərində qeyd olunur. Bütün menyular demək olar ki, standartdır və əsasən 12 manatdan başlayır.

Ancaq yas mərasimini çadırlarda keçirənlər də çoxdur. Çadır biznesi də iki hissəyə bölünür: VİP və adi çadır.


VİP çadır biznesi

Eltun Allahverdiyev VİP çadırların kirayəsi ilə məşğul olan sahibkardır. O deyir ki, belə çadırları daha çox zəngin adamlar sifariş edir. Çadırların içərisində hər cür komfort nəzərə alınıb.

Bəzən VİP çadır sifariş edənlər bir gün üçün 4-5 min manatı gözdən çıxarmalı olurlar. Hətta Çində istehsal olunmuş bəzi VİP çadırların satış qiyməti 25-30 min manat arasındadır.

“Çadırlara ən azı 8-9 ədəd kondisioner qoyulur. VİP çadırların zahiri və daxili görünüşü, döşəmə və tavan örtüyü, pərdələr, stol və stullar müasir dizayna uyğundur. Xidmət personalı xüsusi uniformada olur. Çadrılarda hətta qadınlar və kişilər üçün xüsusi biotualetlər də var” –Eltun Allahverdiyev deyir.

E.Allahverdiyevin sözlərinə görə, mərasim sahiblərinə çadırdan əlavə xüsusi xidmətlər də təklif olunur:

“İstəyən şəxslər üçün çayçı, aşbaz, qabyuyan və ofisiant da təklif edirik. Bunun üçün əlavə məbləğ tələb olunur. Həmçinin tabutun daşınması üçün də adi və ya VİP maşınlar təklif edirik.

Hər qiymətə uyğun menyumuz var. Çay süfərinə müxtəlif növ şirniyyatlar qoyuruq. Bundan əlavə, istəyə uyğun müxtəlif növdə plovlar, buğlama, dolma, balıq və ya toyuq ləvəngisi də təklif edirik. Süfrəyə verilən meyvələr də çoxçeşidli olur. Hər şey sifarişdən asılıdır”.

E.Allahveridiyev deyir ki, VİP çadırların qiyməti 900-2000 manat arasında dəyişir. Həmin çadırlara pərdə, qapı və kondisioner də daxildir. Ancaq belə çadırları sifariş edənlər xidmətlər və ehsan süfrəsi üçün əlavə pul ödəməli olurlar.

“Günü 2000-3000 olan VİP çadırlar da var. Bizdə isə çadırların qiyməti 900-2000 manat arasında dəyişir. Ehsan süfrəsi üçün menyudan asılı olaraq 200 nəfərlik adam üçün təxminən adambaşı 15-20 manat tələb olunur. Süfrəyə ləvəngi verilsə, məclis sahibləri 20 manatdan çox ödəməli olacaqlar. Xidmətlər üçün isə əlavə pul tələb olunur. Məsələn, qabyuyanın 1 günü üçün 70-150, çayçıya isə 50-100 azn arasında pul ödəyirik. Tabut daşıyan maşınların qiyməti isə günü 120-180 manatdır”.

E.Allahverdiyev deyir ki, sonuncu qiymət artımı çadır biznesinə də təsirsiz ötüşməyib:

“İndi qabyuyana, çayçıya, aşbaza, ofisantlara və digər günəmuzd işçilərə daha çox pul ödəməli oluruq. Bundan əlavə, bəzi ərzaqların qiymətinin bahalaşması da menyudakı qiymətlərə təsir edir. Biz başa düşürük ki, bu, yas yiyəsi üçün əlavə xərcdir. Amma biz ümumi bahalaşma ilə əlaqədər qiymətləri qaldırmışıq”.

Bütün bu xərcləri və əlavə olaraq qəbirin başdaşları (1300-2500 azn), ölünün yuyulması (təxminən 50 azn), molla (50-150 azn) üçün ödənilən vəsaiti nəzərə alsaq, Azərbaycanda yas sahibi 5000-6000 məbləğində pul xərcləməlidir.


Sadə çadır biznesi

Azərbaycanda orta və aşağı təbəqə üçün nəzərdə tutulan “ekonom-klass” çadırların gündəlik kirayə haqqı isə 300-1000 manat arasında dəyişir. Daha kasıb təbəqə üçün 200-250 manatlıq çadırlar da var.

İmran Bayramov sadə çadır biznesi ilə məşğul olur. O deyir ki, manatı dəyərdə düşməsi də çadır qiymətlərinə təsir edib. Məsələn, sadə çadırların qiyməti artıq 700-1400 manat arası dəyişir. Sahibkar deyir ki, yemək və çay süfrəsi üçün adambaşına orta hesabla 10 manat tələb olunur. Bəzi müştərilər yalnız çadır üçün pul ödəyirlər.

“Müştərinin özü ehsan süfrəsini hazırlasa, ancaq çadıra pul ödəməli olacaq. Biz çadırdan əlavə qab-qaşıq, samovar, soyuducu da kirayə veririk. Bəzi hallarda müştəri bizdən ancaq stol-stul götürür. Bu zaman stolun gününə 100 manat tələb olunur”.


Qadağalar işə yaramadı

Bir müddət öncə yas mərasimlərinin keçirilməsinə dövlət tərəfindən nəzarət olunsa da, bu, narazılığa səbəb oldu. Bununla belə, müəyyən qaydalar tətbiq olunur və əksər bölgələrdə əvvəlki qaydada 3-7 mərasimləri verilmir, yalnız 3 və ya 7 mərasimi keçirilir.

Kəmalə Bayramova deyir ki, həyat yoldaşı üçün həm Bakıda, həm də Gəncədə yas mərasimi keçirib. Gəncədə onların çadır qurmasına mane olublar. Buna görə də o, mərasimi evdə keçirməli olub.

“Özümüz Gəncəliyik, ancaq Bakıda çox qohumumuz var. Məcbur olub iki yerdə yas mərasimi keçirdik. Bakıda mərasim keçirəndə heç nə deyən olmadı. Gəncədə isə çadır qurmağa icazə vermədilər. Məcburən gələnləri evdə qəbul etdik”.

K.Bayramova deyir ki, ərinə olan vəfa borcunu başqa cür ödəyə bilməzdi, həm də yemək süfrəsi verməsəydi, qohum-qonşu onu qınaya bilərdi:

“Gəncə camaatı yasda açılan süfrəyə fikir verir. Ölənə hörmət əlaməti olaraq ehsan süfrəsi verilir. Çox xərcli olsa da, adət adətdir. Hamı pisləyir, ancaq bundan qaçmaq da olmur”.

Yas mərasiminə görə bankdan kredit götürmüşük

Flora Ələsgərova isə Bakı sakinidir. Qaynanasının yas mərasimini yola vermək üçün 5000 manat məbləğində kredit götürüblər. Qadın hələ də borclarını ödəyib qurtara bilmədiklərini deyir:

“Uşaqlarımız təhsil alır. Onsuz ailəmizin xərci çoxdur. Bu pulu götürəndə dollarla götürdüyümüz üçün də lap ziyan etdik. Dollar bahalaşıb, indi pulu ödəyə bilmirik”.

Cavid İmamoğlu
Cavid İmamoğlu

Uzun müddət biz bu israfçılıq ənənəsinin şahidi olacağıq

Sosioloq Cavid İmamoğlu deyir ki, israf hər bir halda yolverilməzdir, ancaq hələ uzun müddət bu israfçılıq ənənəsinin şahidi olacağıq. Səbəb isə sosial tələbdir:

“Təəssüflər olsun ki, bizim cəmiyyətdə, xüsusilə də toy və yas mərasimlərində israfçılıq ənənəsi formalaşıb. Adət və ənənələr də nəsildən nəsillərə, şəxslərdən şəxslərə ötürülüdüyündən uzun zaman kəsiyində dəyişilə bilir. Bu baxımdan hələ uzun müddət biz bu israfçılıq ənənəsinin şahidi olacağıq. Təklikdə hər kəs israfçılığın əleyhinədir, bu cür toy adət və ənənələrini qınayır, ancaq iş ictimailəşəndə mövcud sosial qaydalar qüvvəyə minir və bir çox ailənin bunun əleyhinə getməyə gücü çatmır”.

Sosioloqun sözlərinə görə, mental baryerləri aşmaq hər kəsin imkanı daxilində deyil. Onun fikrincə, cəmiyyət özünəməxsus bir sosial strukturdur və hər zaman qadağalar effekt verə bilməz. Çünki cəmiyyət daxilində dövlət qanunlarından güclü adət-ənənələr, yəni yazılmayan qanunlar hökm sürür:

“Bu cür adətlərin qanunlara tez bir zamanda tabe olması yalnız müvəqqəti xarakter daşıyır. Sonradan hər şey yenidən öz əvvəlki vəziyyətinə qayıdır. Yas mərasimlərinə tətbiq edilən qadağalar uzun illik yas adətləri qarşısında tab gətirə bilmədi və bu gün bütün regionlarda bu mərasimlər yenə əvvəlki qaydada keçirilir”.

C.İmamoğlu onu da əlavə edir ki, əslində xeyir və şərdə insanların necə davranış sərgiləməsini icmalar özləri müəyyənləşdirməlidir: “Məsələn, elə regionlar var ki, orada Ramazan ayında ehsan vermirlər. Yaxud ev sahibinin yas mərasimində süfrəyə yemək verməsinə icazə verilmir. Ümumiyyətlə, hər bir sosial problemin həll variantlarından biri ictimai məlumatlılığı artırmaqdır.

Bundan ötrü maarifləndirmə və məlumatlandırma işləri aparılmalıdır. Dünya təcrübəsi göstərir ki, sosial probemlərin müzakirəsi həmin problemlərin ən azı 30 faiz azalmasına səbəb olur. Odur ki, hər kəs öz məsuliyyətini dərk etməlidir. İndiki halda isə toy və yas adətləri barədə gərək ictimai müzakirələr təşkil olunsun və insanların istəkləri nəzərə alınmaqla ortaq bir qərarlar qəbul olunsun”.

Ana səhifəXəbərlərDevalvasiya toy və yas biznesini də ”vurub”