”Dərsə gəlməyən tələbəyə görə jurnal dəyişdirildi”

Aynur Məmmədova: “ Lalə bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib”

Source:
Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayevə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə,hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda fakültədə tyutor vəzifəsində işləyən Aynur Məmmədova ifadə verib.

Z.Mirağayevin vəsatəti əsasında dindirilən Aynur Məmmədova bildirib ki, dərsə gəlməyən və bu səbəbdən imtahanda iştirak hüququnu itirən Lalə Hacıyeva adlı tələbəni imtahana buraxmaq üçün dekan müavini bütövlükdə jurnalı dəyişdirib.

Məlum olub ki, jurnal Lalə Hacıyeva adlı bir tələbəyə görə dəyişdirilib. «“Din sosiologiyası” fənnindən “qayıb”larına görə Lalə Hacıyeva imtahanda iştirak edə bilməyəcəkdi. Dekan müavini buna görə jurnalı dəyişmək göstərişi vermişdi. Yeni jurnala köçürəndə fənn müəllimi Faiq Əhmədzadə tələbələrdən Gülnar Cəfərlinin adını bir səhifədə yazmamışdı. Mən yoxlayanda bunu gördüm, Faiq müəllimə zəng elədim. Dedi ki, saat yarıma gələcək. Mən isə tələsirdim, jurnalı təhvil verməliydim, ona görə də Faiq müəllimlə danışıb həmin tələbənin adını jurnala əlavə elədim. Komissiya yoxlama zamanı bunu da qeydə aldı. Buna göstəriş verən dekan müavini bir tərəfdə qaldı, heç bir günahım olmadığı halda, mənə şiddətli töhmət verildi”.

Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadə
Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadə

A.Məmmədova deyib ki, jurnal yalnız rektorluğun icazəsi ilə dəyişdirilə bilərdi:

«Fakültədə rüşvət söz-söhbəti vardı. Mən kiminsə rüşvət aldığını özüm görməmişəm. Alanda çağırıb demirlər ki, gəl, mən rüşvət alıram. Hətta tələbələr gəlib deyirdilər ki, məsələn, Lalə pul verir, dərsə gəlmir, biz də elə eləyə bilərik? Mən Lalədən bu haqda soruşdum, əvvəl demədi, amma sonradan bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib”.

Aynur Məmmədova bildirib ki, 500 manat söhbətini rektorun qərarı əsasında araşdırma aparan komissiyaya izahatında da yazıb. Amma komissiyanın araşdırmasından razı qalmayıb. Ona görə fakültədə baş verənlər haqda birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Nazirliyinə məktublar yazıb. Özü də BDU-nun rektoru Abel Məhərrəmovun qəbulunda olub, olanları ona danışıb: “Rektor məni qəbul edib dinləyəndən sonra dedi ki, sənə verilmiş şiddətli töhmət götürüləcək”.

Nigar İsmayılzadə isə bildirib ki, jurnal rektorluğun xəbəri olmadan dəyişdirilib. Lakin məqsəd rüşvət almaq yox, tələbəyə kömək eləmək olub: “Fakültədə artıq jurnalımız vardı, dəyişdik. O tələbə yeni ailə qurmuşdu, səhhətində problemlər vardı. Ona görə də humanizm prinsipini əsas tutub, bunu eləmişik”.

Müəllim Faiq Əhmədzadə də məhkəmədə dindirilib. Deyib ki, Lalə Hacıyeva dərsə gəlmirdi. Amma bir dəfə dərsə gecikmişdi, həmin gün jurnalda ona artıq “qayıb” yazılmışdı. Bununla da həmin tələbə dərsdə iştirak etməməklə bağlı limiti aşdığına görə imtahanda iştirak hüququnu itirmişdi: “Nigar xanım humanistlik eləyib təklif etdi ki, məsələnin həlli üçün jurnal dəyişdirilsin. Mən də elədim”.

Məhkəmə iyunun 29-da davam edəcək.

Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

O, tələbənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci ( təhqir ) maddələrinə əsasən ittiham olunmasını istəyir.

Ana səhifəXəbərlər”Dərsə gəlməyən tələbəyə görə jurnal dəyişdirildi”