Dərslər bir həftədir başlayıb, amma Rəhman Cəfərovun 3 övladı məktəbə gedə bilmir. Bu il uşaqlarına ancaq dəftər alınıb o da qohumlarının hesabına.
Cəfərovların oğlu ötən illərdə ilin şagirdi adını alıb, hazırda isə imkansızlıqdan təhsilini davam etdirə bilmir. Rəhman Cəfərovun bacardığı fəhləlikdirsə də, indi bu işdən də uzaq düşüb. Səbəb – iş qəzası keçirməsidir. Qəzadan sonra sağ gözü görmür, sol gözü isə 60 faiz görür. Ona əlillik dərəcəsinin verilməsi üçün 4 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinə müraciət etsə də, nəticəsi olmayıb.
5 nəfərlik ailə kirayədə yaşayır. Rəhman Cəfərov deyir, özü və yoldaşı xəstə olduğundan işləmirlər, ailəni qardaşı dolandırır. O da fəhləlik edib, həm öz ailəsinə, həm onlara baxır. Cəfərov ailəsi ünvanlı sosial yardım almaq üçün nazirliyə elektron şəkildə müraciət etsə də, yardım üzü görməyiblər. O, ölkə başçısı İlham Əliyevə yazdığı məktubların Sumqayıt şəhər İcra Hakimiyyətinə yönləndirildiyini deyir. İcra hakimiyyətinə müraciəti isə onun polisdə cərimələnməsilə nəticələnib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyir ki, şikayətçi heç vaxt ünvanlı sosial yardım almaq üçün elektron müraciət etməyib. O bildirir ki, Sumqayıt şəhəri Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları şikayətçi ilə əlaqə saxlayıb müraciət formasının doldurulmasına köməklik göstərəcəklər.
Əlilliyin təyin olunması məsələsinə gəldikdə, nazirliyin sözcüsü bildirib ki, sənədlər tam doldurulmayıb.
Uşaqların arzuları var. Böyük qız həkim, oğlan hərbçi, evin balacası isə polis olmaq istəyir. Rəhman Cəfərov özü təhsil almayıb, müharibə vaxtı məktəbdən çıxıb ailəsi üçün işləməyə məcbur olub. İstəyir ki, uşaqları onun aqibətini yaşamasın, oxusunlar.
O, övladlarını məktəbə göndərməkdə çarəsiz qaldığından danışdıqca uşaqlar məyus halda otaqdan çıxırlar. Evin balacası isə oturduğu yerdə şalvarının cırılan yerini əli ilə ört-basdır edir.