Apteklərdə yazılan dərmanların özü yox, əvəzləyicisi təklif olunur
“Bir həftədən artırdır “Oksiorogesteron” iynəsi axtarıram. Apteklərdən deyirlər ki, iyun ayından bu iynədən ölkəyə gətirilmir. Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə də müraciət etmişəm. Amma nəticəsi yoxdur”.
Bunu Bakı şəhər sakini Afət Namazova deyir.
Onun sözlərinə görə, xərçəng xəstəsi olan anası üçün təyin edilən dərmanlar tapılmır.
Nailə Axundova isə “Taufon” göz damcısının satılmamasından narazıdır: “Artıq 7-8 aptekə baxmışam. Deyirlər ki, daha ölkəyə gətirilmir. Bu damcı həm ucuz idi, həm də yaxşı təsir edirdi. İndi onun əvəzləyicisi kimi İran istehsallı dərman təklif edirlər. Guya tərkibi eynidir, amma İran dərmanı ucuzdur. “Taufon” 1 manata satılırdı, bu dərmanı isə 80 qəpiyə verirlər. 20 qəpiyə görə dərmanı ölkəyə buraxmamaq olar?”
Xaliq Rüstəmli isə “Nexium” həbini almaq üçün 4 aptekə baxdığını deyir: ““Zəfəran”, “Zeytun” aptekinə baxmışam. Deyirlər ki, bu dərmanı sifarişlə gətiririk. Səbəbini bilmirəm, əvvəllər bütün apteklərdə tapmaq olurdu”.
“İri firmalar xırdaları sıradan çıxaracaq”
…Son aylar dərman qıtlığı ilə bağlı narazılıqlar tez-tez eşidilir. Aptek rəhbərliyi firmaları, firmalar isə Səhiyyə Nazirliyini günahlandırır. Səhiyyə Nazirliyi isə problemin tezliklə həllini tapacağını vəd edir. Bəs problem nədən yaranıb?
Bu sualın cavabını adını açıqlamaqdan ehtiyat edən firma rəhbəri belə izah edir: “Dərman qıtlığının birinci mərhələsi bu ilin fevralında baş verən devalvasiyadan sonra başladı. Dərmanlar dollarla alındığından qiymətin artması vacib idi. Amma buna imkan verilmədi. Nəzərə alın ki, gömrük xərcləri, dərmanların qeydiyyat məsələsi, yoxlanılması, bazada saxlanılması da var”.
Firma rəhbəri deyir ki, qiymətlər Tarif Şurası tərəfindən tənzimlənəndən sonra dərman qıtlığının yaranacağı gözlənilən idi: “Bizə ucuz dərman gətirmək təklif olundu. Kəmiyyət isə keyfiyyətə təsir edir. Məsələn, 1 dollara alınan antibiotikin nə keyfiyyəti olacaq? Biz 1 dollara dərman almalıyıq ki, onu 3 dollara sata bilək. Buna görə də indiyədək 500 adda dərman gətirirdiksə, indi 50 adda dərman gətirəcəyik. Çünki bu qiymətlər bizə sərf etmir. Çalışırıq ki, daha ucuz dərman gətirək. Əgər indiyədək 200 dərman firması fəaliyyət göstərirdisə, bir neçə ayda onların 150-si bağlanacaq. İri firmalar xırdaları sıradan çıxaracaq”.
“Qəsdən dərman qıtlığı yaradılır”
Aptek sahibi Səməd Məmmədov isə deyir ki, qiymətlərin tənzimlənməsi apteklər arasındakı fərqi aradan qaldırılıb. Lakin nəticədə dərman qıtlığı yaranıb ki, bu da əhali arasında çaşqınlığa səbəb olub: “Əvvəllər bəzi firmalar gətirdiyi dərmanları yalnız öz apteklərində satdırırdılar. Məsələn, sonsuzluğun müalicəsində istifadə edilən dərmanlar yalnız bir apteklər şəbəkəsində satışa çıxarılırdı. Onlar da 100 dollara alınan dərmanı 300 manata satırdı. Digər apteklər bu dərmanları gətirib daha ucuz satışa çıxara bilmirdi. Hepatit C-nin müalicəsində istifadə edilən “Pegasus” bütün apteklərə verilmirdi. İndi isə qeydiyyatdan keçmiş bütün dərmanlar hər yerdə eyni satılacaq. Buna görə də ölkəyə çeşidli dərman gətirilmir. Bəzi firmalar tərəfindən qəsdən dərman qıtlığı yaradılır”.
Tarif Şurasının tətbiq etdiyi qiymətlər bütün apteklərdə keçərli deyil
Tapılmayan dərmanlar sırasında həm qiyməti ucuzlaşdırılanlar, həm də siyahıda yer almayanlar var.
Dərmanların “yoxa çıxması” səbəbindən qiyməti dövlət tərəfindən tənzimlənmiş preparatlar da baha satılır. Yəni Tarif Şurasının tətbiq etdiyi qiymətlər heç də bütün apteklərdə keçərli deyil. Halbuki hələ sentyabrda Səhiyyə Nazirliyi aptek rəhbərlərinə dərmanların vahid qiyməti ilə bağlı xəbərdarlıq etmişdi. Hətta Səhiyyə, İqtisadiyyat və Sənaye nazirlikləri qiymətlərə nəzarət məqsədilə reydlər də keçirmişdilər. Amma görünən odur ki, qıtlıq apteklərin işinə yarayır.
Dərman qıtlığı ilə bağlı məsələyə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov da münasibət bildirib.
YAP rəsmisi dərman qıtlığını texniki problem adlandırıb. Lakin buna baxmayaraq, dərman çatışmazlığı ilə bağlı şikayətlərdən xəbərdar olduqlarını da qeyd edib.
Səhiyyə Nazirliyi isə hələlik yalnız vəd verir. Nazirliyin yaydığı açıqlamada dəqiq tarix göstərilməsə də, problemin yaxın günlərdə həllini tapacağı qeyd olunur.
Hazırda apteklərdə Səhiyyə Nazirliyinin təklifi ilə tapılmayan dərmanların əvəzedicisi təklif olunur. Amma nəzərə alaq ki, apteklərdə çalışanların əksəriyyəti ixtisasca əczaçı deyil. Buna görə də ümid yalnız problemin kökündən həllinə qalıb.
Zülfü Qasımlı