Apteklərdə prezidentin tapşırıqları nəzərə alınmır
Bakıda apteklərdə bəzi dərmanların qiymətləri bahalaşıb. Trend-in məlumatına görə, bunu paytaxtın bəzi apteklərində aparılan müşahidələr göstərir. Agentlik bildirir ki, qış mövsümü yaxınlaşdığı üçün qrip və soyuqdəymə əleyhinə olan dərmanlara tələbat artıb. Lakin metronun “Elmlər Akademiyası” stansiyasının ətrafındakı apteklərdə apardıqları araşdırmalar zamanı bir sıra dərmanların əvvəlkindən daha baha qiymətə satılmasının şahidi olublar.
Məsələn, qrip və soyuqdəymə əleyhinə istifadə olunan “Ferveks” əvvəl 50 qəpiyə satıldığı halda, hazırda sözügedən dərmanı alıcılara 60 qəpiyə təklif edirlər. “Teraflu” tozunun qiyməti isə 40 qəpikdən 50 qəpiyə qaldırılıb. Satıcılar isə qiymətlərin bahalaşmasının səbəbini izah etməkdə acizdirlər: “Bizə necə deyilirsə, o qiymətə də satırıq. Qiymətləri biz müəyyən etmirik”.
Ərazidəki digər bir aptekdə də eyni mənzərə ilə qarşılaşılıb. Hətta alıcının biri narazılığını bildirərək qeyd edib ki, Səhiyyə Nazirliyinin “Qaynar Xətt”inə bununla bağlı şikayət edəcək: “Apteklər verilən tapşırıqlara riayət etmirlər. Biz qiymətlərin ucuzlaşmasını gözlədiyimiz halda, əksinə bəzi dərmanlarda 10 və ya 15 qəpik artım var”.
Metronun “Memar Əcəmi” stansiyasının ətrafındakı “Kanon” aptekində aparılan müşahidələrdə isə başqa bir hal ortaya çıxıb. Reseptlə satıcıya yaxınlaşan alıcıların əksəriyyətinə eyni tərkibli başqa dərmanlar təklif olunub. Satıcılar bunu dərmanların bahalı olması və Azərbaycana daha gətirilməməsi ilə əlaqədar olması ilə izah ediblər: “Həkimlərin yazdığı dərmanlar bizdə yoxdur. Amma eyni tərkibdə başqa adda dərmanlar var ki, həmin təsiri göstəririr. Elə dərman var ki, onu Azərbaycana gətirib sonra ucuz satmaq sahibkara sərf etmir. Ona görə də düşünürəm ki, sahibkarın o cür dərmanları ölkəyə gətirməyə marağı yoxdur”.
Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dərman preparatlarının qiymətlərinin baha olmasına etiraz etmişdi: “Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var. Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada çox böyük pozuntular var.
Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. Sentyabrın 15-dən artıq insanlar bunu hiss etməyə başlayıblar. İlin sonuna qədər artıq əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox ciddi sosial addımdır. Digər tərəfdən, bu, o sahədir ki, orada işlər düzgün qurulmamışdır. Elə sahələr kifayət qədər çoxdur. Ona görə, hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var aradan qaldırılmalıdır. Dərman preparatları bazarı ilə bağlı demək olar ki, bir ilə yaxın çox ciddi iş, təhlil aparılırdı və artıq gözəl nəticə də var. İnsanlar da razıdır. Dövlət də indi bu sahəni öz nəzarətinə götürüb. Əminəm ki, idxal olunan dərmanlardan əldə ediləcək vergi, gömrük rüsumu formasında vəsait daha da böyük həcmdə olacaq. Yəni, büdcəmizə də bunun böyük xeyri olacaq”.