Dərənin dibindəki Bolludərə…

Kənd sakinləri deyir, bir tərəfdən sel, bir tərəfdən məmur biganəliyi onlara həyatlarını qurmağa imkan vermir

Source:
Bolludərə
Bolludərə


Kənd sakinləri deyir, bir tərəfdən sel, bir tərəfdən məmur biganəliyi onlara həyatlarını qurmağa imkan vermir

“Kəndimizin adı Bolludərədir, elə özümüz də yaşam baxımından dərənin dibindəyik… Bura nə qaz gəlib çatır, nə yol, nə su… Normal tibb məntəqəmiz də yoxdur. Öz hesabımıza qurub-yaratdığımız şəraitimizi isə zalım sel gəlib yuyub aparır”.

Şəkinin Bolludərə sakinləri bu qışı da mavi yanacaqsız keçirirlər. Onların deməsinə görə, hər dəfə hökumət qurumlarına müraciət edəndə onlara vəd olunur ki, yaxın vaxtlarda qaz problemi həll olunacaq. Ancaq illərdir ki, qulaqları bu vədə alışdığından, artıq kəndlilər də vədləri ciddiyə almır.

Odunun qiyməti kəllə-çarxdadı

Kənddə yaşayan Mirvari Xəlilova deyir, ailədə altı nəfərdilər. İşləyənsə bir nəfərdir. Qazancın bir hissəsi oduna gedir.

“Odunun qiyməti kəllə-çarxdadı, kənddəkilər də imkansız, köməksiz ailələrdir. İmkanı olan gedər normal şəraiti olan bir məkanda həyatını davam eləyər. Hökumət qazla təmin eləsə, mən niyə odun alım ki? Hökumət kəndə normal su versə, mən niyə su alım ki? Qışın günü yollar pis vəziyyətdə, uşağı məktəbə buraxıram, arxasınca nigaran qalıram”.

Kənd sakininin sözlərinə görə, yazda yaxınlıqdakı çay daşır, insanların şəxsi təsərrüfatları, evləri, həyətləri, əşyaları su altında qalır. Hər dəfə seldən sonra çay kənarına ağır texnikalar gətirlir, işlər gedir, ancaq yenə faydası yoxdur

Yaz gəlir, sel gəlir…

“Yenə bir azdan mal-qaramızı qarşımıza qatıb başqa kəndlərdəki qohum-əqrəba qapısına daşıyacağıq. Çünki gözümüz seldən qorxub. Eləcə, qururuq, yaradırıq, təsərrüfatımızı artırırıq, çay daşır, sel aparır. Kənddə hələ də seldən qəzalı evlər var, hökumət düzəltməyib. Bu tərəfdən də qaz yoxdur, su yoxdur, işıq da elə yox kimi şeydir. Adamların sadəcə, getməyə yeri yoxdur, yoxsa bir adam da bu kənddə qalmazdı,” – kənd sakinləri deyir.

Kənddə Sovet vaxtından işləksiz qalan qaz xətləri çoxdan paslanıb. Çoxunu kəsib daşıyıblar. Təzəsini isə çəkmirlər. Həsən Əliyev də qışda odunu, yayda suyu pulla alır. Deyir ki, kənd yolları yararsız olduğundan, qışda odunsatanlar, yayda susatanlar kəndə yaxın gəlmir. Sakinlər odunu, suyu kənddən xeyli aralıda saxlayan maşından almaq məcburiyyətindədilər.

Hələ də çadırda qalanlar var

“Məmurların təsərrüfatlarında hamballıq eləyirəm, ayda iki dəfə odun alıram. Evdə körpə var, xəstə valideynlərim var, canımız isinmir. Qışda tez-tez işığım təzyiqi azalır, çoxalır, kənddə elə ev yoxdur ki, elektrik avadanlığı sıradan çıxmasın. Kənddəkilər cana doyub. Çayın bəndini bərkitmirlər ki, qar əriyib çaya töküləndə, su gəlib ev-eşiyimizi aparmasın. Hələ də evi seldən dağılan və çadırda qalan ailələr var. Bilmirik canımızı hara qoyaq,” – Həsən Əliyev deyir.

Bolludərədə 2010-cu ildən bu tərəfə bir neçə dəfə çay daşıb, sel suları kəndə və kəndlilərə ciddi ziyan vurub. 2012, 1015 və 2017-ci ildə baş verən sel nəticəsində daha çox zərər çəkənlər olub. Kənd sakinləri köhnə hadisənin zərərindən çıxmamış yenisi ilə qarşılaşırlar. Onlar iddia edirlər ki, daşan çayda ciddi bəndatma işləri görülmür, kənddə su arxları azdır. Bu səbəblərdən də sular evlərə və təsərrüfatlara dolur.

Qurum: İşıq normaldır, yol çəkilir, qaz da olacaq

Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində kənd yollarının təmiri, kəndlərin qazlaşdırılması, su təchizatı işləri görülüb. Bu işlər hazırda da davam edir.

“Bolludərədə də xeyli işlər görülüb. O kənd rayon ərazidində ən çox təbii fəlakətə məruz qalan kəndlərdəndir. Orda xeyli təmir-bərpa işləri aparılıb. 3 ay əvvəlsə prezident rayonun bir neçə kəndini birləşdirən yolun tikintisinə sərəncam verdi. Bu kəndlər arasında Bolludərə də var. Tezliklə kəndin yol problemi olmayacaq. İşıq var, normaldır, qaz xətti də gələcəkdə layihəyə salınacaq. Sel, daşqın, zəlzələ – bunlar təbiətin qəfil baş verən hadisələridir, heç kəs bilmir 5 dəqiqədən sonra nə baş verəcək. Sel sularının qarşısının alınması üçün aidiyyəti qurumlar həmişə ən yüksək səviyyədə çalışıblar. Təbii fəlakətdən zərər çəkmiş evlərlə bağlı problemlər də çoxdan həllini tapıb”.

Bu il oktyabrın 18-də prezident İlham Əliyev Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca–Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamla 11 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisinə büdcədən 20,08 milyon manat ayrılıb.

Ana səhifəBölgəDərənin dibindəki Bolludərə…