Deputatlığa namizəd Vasif İsmayıl Prezidentə müraciət etdi

“Təbliğat maşınımızın ərazidə gəzməsinə mane olurlar.”

Source: Foto: arxiv


Vasif İsmayıl: “İcra hakimiyyəti və onun strukturları təzyiqləri dayandırmasa, seçkidən çəkilə bilərəm”

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizədliyini irəli sürən doktor Vasif İsmayıl Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə ölkə başçısının 2 fevral tarixində icra başçıları ilə görüşü xatırlanıb, “Sizin orada qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlər səsləndirib təlimatlar verdiyinizi güman edirik” fikirləri yer alıb:

“Biz, digər namizədlər və seçicilərimiz bu seçkilərin əvvəlkilərdən fərqlənəcəyinə inanırıq. Bunun belə olduğuna qismən əsasımız da mövcuddur. Biz və bizim komandamıza indiyə qədər xırda detalları çıxmaq şərti ilə heç bir təzyiq göstərilməmişdir”.

Ancaq Vasid İsmayıl təəssüflənir ki, son iki gündür, xüsusilə də fevralın 4-də onlara müəyyən yollarla çətinliklər yaradırlar:

“Təbliğat maşınımızın ərazidə gəzməsinə mane olurlar. Xeyir-şər evlərində görüş keçirməyimizin qarşısını alırlar. Digər namizədə isə, əksinə, inzibati resurlardan açıq-aşkar istifadə edərək görüşlərinə adam toplamaq, onları siyahıya almaq, icra strukturlarındakı məmurların görüşlərdə müxtəlif vədlər verməsi və s. kimi şəkillərdə dəstək nümayişinə şahid oluruq. Cənab Prezident, bu seçkilər digərlərindən fərqlənməyəcəkdisə, icra hakimiyyəti və onun strukturları yenə də əvvəlki qaydada seçkiyə müdaxilə edəcəkdisə, o zaman parlamentin buraxılmasına nə gərək vardı!? Mən 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən millət vəkilliyinə namizədəm. İcra hakimiyyəti və onun strukturları mənə və komandama qarşı təzyiqləri dayandırmasa, mən, bu seçkidən çəkilə bilərəm. Yetər ki, xalqın adamı olmayan, 15 ildə xalqla arasında dərin uçurum yaradan, sumqayıtlıların heç bir probleminə bələd olmayan Hicran xanım Hüseynova seçilsin. İcra hakimiyyəti və onun strukturları da rahat nəfəs ala bilsin”.

V.İsmayıl ümid edir ki, Prezident icra hakimiyyətinə, onun strukturlarına lazımi göstərişləri verəcək və seçkidə rəqabət mühitini bərpa edəcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev namizəd Vasif İsmayılın Prezidentə müraciətindən xəbərsiz olduğunu deyib.

E.Qocayev Meydan TV-yə Vasif İsmayılla əlaqə saxlayacaqlarını söyləyərək əlavə edib ki, icra hakimiyyətinin seçki prosesinə müdaxiləsi mümkünsüzdür, ola bilməz:

“Namizədlərin seçicilərlə görüşlərinə hər hansı maneə yaradılmır, görüşlər üçün də yerlər ayrılıb”.

Ana səhifəSiyasətDeputatlığa namizəd Vasif İsmayıl Prezidentə müraciət etdi